Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:36

Yeni ilin ilk iş günündə ən böyük sürpriz


Aİ-95 markalı benzinin qiyməti 60 qəpik, Aİ-92 və 80 markalı benzinin qiyməti 55 qəpik olub
Aİ-95 markalı benzinin qiyməti 60 qəpik, Aİ-92 və 80 markalı benzinin qiyməti 55 qəpik olub

Yeni il, Qurban və Həmrəylik bayramlarıyla bağlı 2007-ci ildə tam 7 gün istirahət edən Azərbaycan vətəndaşlarına ən böyük hədiyyəni yeni ilin ilk iş günündə Azərbaycan hökuməti verdi. Respublika sakinləri bu hədiyyəni yanvarın 6-da gecəyarısı dövlət televiziyasının efirindən eşidiblər.


Tarif Şurasının həmin gün qəbul edilən qərarıyla benzin və dizel yanacağı, elektrik, su, kanalizasiya, və qeyri əhali qrupu üçün qaz, ictimai nəqliyyat və dövlət yol polisinin bəzi xidmətlərinin qiymətləri qaldırılıb.



Tarif Şurası benzinin qiymətini 50 faiz, dizel yanacağının qiyməti 25 faiz, əhali üçün işıq pulu və suyun qiyməti 3 dəfə, kanalizasiya xidmətləri 4 dəfə, ictimai nəqliyyatın qiyməti isə 5 qəpik artırıb. Artımlardan sonra Aİ-95 markalı benzinin qiyməti 60 yeni qəpik-yəni 3 000 köhnə manat, Aİ-92 və 80 markalı benzinin qiyməti 55 qəpik -2750 köhnə manat, dizel yanacağının qiyməti isə 45 qəpik -2250 manat olub.


Yanvarın 8-də elektrik enerjisinin bir kilovatının qiyməti əvvəlki 96 köhnə manatdan indi 300 köhnə manat və ya 6 yeni qəpiyə qaldırılıb. Sayğaclı abonentlər üçün suyun bir kubmetrinin qiyməti isə əvvəlki 370 manatdan Bakı, Abşeron yarımadası və iri şəhərlərdə 900 köhnə manata -18 yeni qəpiyə, rayonlarda isə 14 qəpiyə- 700 köhnə manata qaldırılıb. Sayğacsız abonentlər üçün aylıq norma 6 litrə qədər azaldılıb və adambaşına ayda 5400 köhnə manat və ya 1 manat 8 qəpik olub. Bundan başqa iri şəhərlərdə kanalizasiya tullantılarının axıdılması xərcləri əhali üçün 4 dəfə qaldırılıb və indi iri şəhərlərdə 4 yeni qəpik, rayonlarda isə 3 yeni qəpik olacaq.


Bir çox ekspertlər bu cür qiymət artımlarını proqnozlaşdırmadıqlarını bildirirlər. Onların fikrincə, neftin dünya bazarında qiymətlərinin 55 dollar səviyyəsinə düşdüyü bir vaxtda enerjidən asılı olan sahələrdə tariflərin əksinə artırılması absurddur
Tarif Şurası əhali üçün qazın hər kubmetrinin qiymətini əvvəlki 236 manat-4.7 qəpik kimi saxlasa da, digər istehlakçılar üçün qazın bir kubmetri 10 qəpik olacaq.


Bu və başqa artımlarla bağlı yanvarın 7-də gün ərzində əlaqə saxladığımız dövlət məmurları belə bir qərardan xəbərsiz olduqlarını bildirirdilər. Maliyyə naziri Samir Şərifov «Azadlıq» radiosuna belə bir qərarın yanvarın 8-dən qüvvəyə minəcəyini desə də, nəyin nə qədər artdığı haqda məlumat vermədi. Nazirlər Kabinetinin şöbə müdiri Oqtay Haqverdiyev isə qiymətlərin özünün yox, onlara tətbiq edilən aksiz rüsumlarının artdığını bildirdi.


Tarif Şurasının kommunal xidmətlər və neft məhsullarının qiymətlərinin artması barədə qərarında bildirilirdi ki, hökumət xaricdən alınan enerji daşıyıcılarına görə qiymətlərin artması üzündən itkiləri kompensasiya etmək, bazarda bu məhsul və xidmətlərə olan tələbatı tam ödəmək və qiymət fərqindən sui-istifadəni aradan qaldırmaqüçün tarifləri artırmalı olub. Nazirlər Kabinetininin şöbə müdiri Oqtay Haqverdiyev isə bildirdi ki, hökumət həm də Azərbaycanda ucuz olan məhsulların ölkədən çıxarılmasının qarşısını almaq üçün aksizlərə yenidən baxıb.


Tarif Şurası yeni ildən sonrakı ilk qərarı ictimai nəqliyyatdan yan keçməyib. Şuranın qərarıyla şəhərdaxili və şəhəratrafı nəqliyyatda vahid tarif 15 qəpikdən 20 qəpiyə qaldırılıb, qəsəbələrarası isə 15 kilometrdən sonra hər 5 kilometrə əlavə 5 qəpik tarifi tətbiq ediləcək. Bakı Sumqayıt marşrutunun qiyməti isə belə olacaq: 35 yeni qəpik-yəni 1750 köhnə manat + şəhərdaxili qiymət. Azərbaycan Hökumətinin son qərarıyla nəqliyyatın təhlükəsizliyinə nəzarət edən Yol Polisindən qeydiyyat nişanı-nömrə almaq üçün indi 18 yeni manat, qeydiyyat şəhadətnaməsi – texpasport üçün 15 yeni manat, sürücülük vəsiqəsi üçün 16 yeni manat ödəmək lazım gələcək.


Yeni ildən öncə istər Dövlət Neft Şirkəti, istərsə də «Azəriqaz», «Azərsu» və «Azərenerji» səhmdar cəmiyyətlərinin rəsmiləri qiymətlərin artırılması üçün Tarif Şurasına müraciət etmədiklərini və yaxın vaxtlarda qiymət artımının olmayacağını deyirdilər. İqtisadi İnkişaf naziri və Tarif Şurasının sədri Heydər Babayev isə yeni ildən öncə keçirdiyi son mətbuat konfransında demişdi ki, hökumət abonentlərin işini yüngülləşdirmək və qaz, işıq, su pulunun yığım səviyyəsini artırmaq üçün hansısa bir təkliflər hazırlayır və bir iki ay içində bu təkliflər müzakirəyə çıxarılacaq. Azərbaycandakı bir çox iqtisadi ekspertlərin, məsələn Neft-qaz Araşdırmaları İnstitutundan İlham Şabanın fikrincə, əgər kommunal xidmətlərin qiymətlərində hansısa artımı gözləmək mümkün idisə, bu cür artımları kimsə proqnozlaşdırmırdı. Və neftin dünya bazarında qiymətlərinin 55 dollar səviyyəsinə düşdüyü bir vaxtda enerjidən asılı olan sahələrdə tariflərin əksinə artırılması absurddur.


XS
SM
MD
LG