Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:21

«Ziya Bünyadov deyirdi ki, bir gün səni öldürəcəklər…»- [Audio]


Sirus Təbrizli ikinci Fəxri Xiyabanda dəfn edildi
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

Sirus Təbrizli ikinci Fəxri Xiyabanda dəfn edildi

-

2007-ci ildə «Azadlıq» radiosunun «Tanınmışlar» verilişinə müsahibə verən Sirus Təbrizli gəncliyindən, Meydan hərakatından, siyasətçi dostları- Əbülfəz Elçibəy, Heydər Əliyev haqda danışır:


O, meydan adamı, xalq hərəkatının öncüllərindən biri olub. Hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarındandır. Keçmiş nazir, keçmiş millət vəkili, Milli Məclisin keçmiş komissiya sədri, YAP-ın keçmiş sədr müavinidir. Bütün keçmiş titullarına baxmayaraq, cəmiyyət onu daha çox öz adı və soyadı ilə tanıyır. «Azadlıq» radiosunun «Tanınmışlar» verilişinin qonağı Sirus Təbrizlidir.


- Səhv etmirəmsə 65 yaşınız tamam olur. Amma, yaşınızdan daha gümrah görünürsünüz. Nədir bunun səbəbi?


- İdman. Bir də ürəyi təmiz saxlamaq, düşündüyünü danışmaq.

VERLİŞİ TAM DİNLƏMƏK ÜÇÜN:


- Düşündüyünü danışmaq həmişə sərfəli olmur …


- Hər şeydən xeyir güdmək olmaz axı.


- Bildiyimə görə Yeni Azərbaycan Partiyasının adını da siz təklif etmisiniz?


- O partiya tarixi şəraitdən yaranıb. Mən başa düşürdüm ki, meydan hərəkatı ilə biz nə Qarabağ problemini, nə də daxili işlərimizi həll edə biləcəyik. Azərbaycan siyasətinə peşəkar siyasətçi gəlməli idi. O, da Naxçıvanda sıxışdırılıb qalan Heydər Əliyev idi.


- YAP-ı çox həvəslə, ürəklə yaratmışdınız. Bəs niyə sonradan həmin partiyanın rəhbər orqanlarının iclaslarına qatılmadınız?


- Bu adətən belə olur. Bir ideyanı ortaya atanda ona müxtəlif adamlar qoşulur. O vaxt Heydər Əliyevin adını tutanlar, YAP-a yazılanlar təqib olunurdular. YAP hakimiyyətə gələndən sonra vəziyyət dəyişdi. Azərbaycanda güclü bir təbəqə var-buqələmunlar. Onlar üçün fərqi yoxdur: kommunist də olublar, «Cəbhə»çi də. İndi də YAP-çıdılar. Ona görə də mən onlara dedim «simasız quldurlar partiyası».


Heydər Əliyevin və Azərbaycanın həyatında iki mühüm hadisə baş verib, onların hər ikisində hadisələrin mərkəzində olmuşam. 1992-ci ilin 24 oktyabrında Naxçıvanda Heydər Əliyevi məhv etmək istəyirdilər. O zaman naxçıvanlılar bizim mitinqimizlə Heydər Əliyevi qorudu. 1994-cü ilin oktyabrında da dövlətin sıradan çıxmaq təhlükəsi yaranmışdı. Həmin gecə mitinqə gəldim, səhəri günü də «Azadlıq» meydanındakı mitinqi mən apardım. Yəni həmişə ekstremal məqamlarda mövqe bildirmişəm. Ancaq iclaslarda oturmaq, intriqalara baş qoşmaq mənlik deyil. Amma, yeri gəlmişkən bir nüansı da xatırladım-Heydər Əliyev YAP-ın qərargahını açanda bax bu lenti kəsib mənə verdi (lenti göstərir-red.)

- Həmin lenti saxlayırsınız?

- Hə o vaxtdan saxlayıram. Mən bununla fəxr edirəm.


- Amma sizi partiyadan çıxardılar.

- O, mənlik deyil. Bunu siz onlardan soruşun.


- Bəzən bəyanatlar verirsiniz. Cəmiyyət sizin dediklərinizlə maraqlanır, qəzetlər sizdən yazır. Belə kəskin danışmaq nə verir sizə?


- Təqiblər başlayır, qəzetlər müxtəlif sözlər yazırlar. Onlara heç cavab da vermirəm. Mən 4 il nazir, neçə illər deputat, komissiya sədri olmuşam. O məqalələrin heç birində yazmırlar ki, Sirus Təbrizli kimdənsə rüşvət alıb, kiməsə qarşı haqsızlıq edib, kiminsə hüququnu tapdalayıb və s.


Ziya Bünyadov deyirdi ki, bir gün səni öldürəcəklər. Sən axına qarşı çox sərt üzürsən. Mən də bir gün ona dedim ki, Ziya müəllim sən də axına qarşı sərt üzürsən. Bəs səni niyə öldürmürlər? O sinəsindəki ulduzunu göstərdi. Dedi ki, məni bu xilas edir. Amma son nəticədə ulduz da onu xilas etmədi.


- Sirus müəllim, susmaq sizin üçün məqbuldur, yoxsa sınmaq…


- O yerdəki söhbət vətəndən, xalqın müqəddəratından gedir orda susmaq mənim aləmimdə cinayətə bərabərdir. Gör Azərbaycan müstəqil olandan bəri nə qədər nazirimiz həbsxanaya düşüb. Demək olarmı ki, o adamlar xoşbəxtdirlər? Açıq cəmiyyət olmalıdır ki, hamı xoşbəxt olsun.


-Sirus müəllim, cangüdəniniz olsaydı sizi daha çox nədən qorumalı idi?


- Cangüdən insanı şapalaqdan qoruya bilər, ölüm təhlükəsindən heç vaxt qoruya bilməz. Texnika elə inkişaf edib ki, qorunmaq da çətindir. Əslinə qalsa Azərbaycanda elə bir adam yoxdur ki, mən ondan qorxum. Heç kimə pislik etməmişəm axı…


- Ziya Bünyadov da pislik eləməmişdi…


- İndiyə kimi mənə müəmmalıdır ki, Ziya Bünyadova kimin əli qalxdı?


- Yazıçılar və Jurnalistlər birliklərinin üzvüsünüz. Amma, heç kitabınız çıxmayıb?


- Mən həyatda hərəkət etməyi bacarmışam. Kitab yazsaydım o hərəkətləri edə bilməyəcəkdim. O işlə məşğul olmalısan ki, onu bacarasan.


- Parlamentə getmədiniz, bacarmırdınız deputatlığı? Axı İnsan Hüquqları Komissiyasının sədri kimi sizə kifayət qədər çox məktublar gəlirdi?


- Elə parlamentə getməməyimin bir səbəbi də o məktublar idi. Qəbuluma o qədər şikayətçilər gəlirdi ki… Mən ümumiyyətlə içkidən uzaq adamam. Amma o qəbullardan sonra evdə təkcə oturub içirdim.


- Azadlıq nədir?


- Azadlıq sənin imkanlarının nə qədər çox olmasıdır. Yəni sən seçim edə bilsən. İnsan öz rəhbərin seçə bilməlidir, öz deputatını, hətta öz rayonunun icra başçısını da seçməlidir. Həmin adamlar da başqalarına yox, onlara işləməyə məcbur olmalıdırlar.

AUDİO: Sirus Təbrizllinin AzadlıqRadiosuna son müsahibəsini burada dinlə

XS
SM
MD
LG