Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:00

GUAM-alternativ təhlükəsizlik sistemi


«Geosiyasi alyans olan GUAM-a hələ əsl demokratik dövlətlərin birliyi kimi baxmaq tezdir»
«Geosiyasi alyans olan GUAM-a hələ əsl demokratik dövlətlərin birliyi kimi baxmaq tezdir»

Mübaliğəsiz demək olar ki, GUAM dövlət başçılarının Bakıda keçirilən zirvə toplantısı bütün digər hadisələri kölgədə qoydu. Ümumiyyətlə, son həftələri Azərbaycan üçün sözün əsl mənasında geopolitika həftəsi adlandırmaq olar. Son həftələr ərzində Azərbaycan əsl geopolitika bumu yaşadı. Çoxdan idi ki, xarici siyasət və geopolitika məsələləri bu qədər aktual olmamışdı. Əvvəllər isə bu məsələlər qəzetlərin və elektron informasiya vasitələrinin ən ümdə xəbərləri olurdu. Düz iki həftə Rusiya prezidentinin Qəbələ RLS-i ilə bağlı verdiyi təklifin müzakirəsi ilə keçdi.


ABŞ-ın, İranın bu məsələ ilə bağlı mövqeləri açıqlandı. Məsələ hələ də gündəlikdən çıxmayıb. Təklif həm də ona görə maraq kəsb edir ki, iki təhlükəsizlik sisteminin yaxınlaşmasını və əməkdaşlığını nəzərdə tutur.


Elə GUAM-ın növbəti toplantısı da bu baxımdan maraq kəsb edir. Hal-hazırda keçmiş sovet respublikalarının bəzilərinin, o cümlədən də Azərbaycanın qoşulması üçün iki əsas təhlükəsizlik sistemi mövcuddur. Bunlardan biri NATO, digəri isə MDB təhlükəsizlik sistemidir. GUAM üzvü olan dövlətlərin hamısı MDB-də təmsil olunublar. Amma bu təmsilçilik bir qədər fərqli xarakter daşıyır. Məsələn, Azərbaycan MDB-nin üzvü olsa da Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmayıb. Gürcüstan öz ərazisindən rus qoşunlarını çıxarmaqdadır. Ukrayna NATO-ya can atır. Elə Gürcüstan da nəinki bu arzusunu gizlətmir, hətta bu haqda açıq bəyanatlar verir. ABŞ da Gürcüstanın və Ukraynanın yaxın müddətdə NATO-ya üzv olmasını mümkün sayır. Azərbaycan NATO-ya münasibətdə bir qədər ehtiyatla davranır. Bu yaxınlarda qəbul olunmuş Milli Təhlükəsizlik Konsepsiyasında NATO-ya üzv olmaq strateji hədəf kimi qeyd olunsa da, bu istiqamətdə ardıcıllıq və tələskənlik müşahidə olunmur. Ümumi təhlükəsizlik mənzərəsi belədir.


1997-ci ildə təsis olunan GUAM-a gəldikdə isə bu təşkilat da qısa müddət ərzində ciddi dəyişikliklərə məruz qalıb. Bir vaxtlar bu təşkilata üzv olan Özbəkistan onun sıralarını tərk edib. Amma bu hal təşkilata olan marağı azaltmayıb. İndi təşkilata Polşa kimi dövlət maraq göstərir.


Təşkilat açıq-aşkar ABŞ-ın himayəsini hiss edir. Təsadüfi deyil ki, Bakı sammitində ABŞ dövlət katibinin müavini də iştirak edirdi.


Sammitdə enerji problemlərinin və GUAM-ın sülhməramlı batalyonunun yaradılması da müzakirə olundu. Prezidentlərin çıxışlarında üzv dövlətlərin ərazisindəki dondurulmuş münaqişələrə də geniş yer ayrıldı. Elə birgə sülhməramlı batalyonun yaradılması da bu aspektdən maraq kəsb edir.


Görüş sözsüz ki, Bakı üçün müəyyən geosiyasi dividendlər də yaradır. Birdən-birə bir neçə dövlətin prezidentinin Bakıda toplaşması heç də az əhəmiyyətli məsələ deyil. «Səkkizlər»in görüşündə Bakının adının strateji əhəmiyyətli məkan kimi hallanması, bunun ardınca Bakıda GUAM-ın sammitinin keçirilməsi xarici siyasətin uğuru kimi yozula bilər.


Bir məsələni də qeyd etmək lazımdır ki, rəsmi Bakının xarici siyasətdə yürütdüyü balanslaşdırma siyasəti ilə bağlı son vaxtlar müəyyən narahatlıqlar və narazılıqlar yaşanırdı. Bir çoxları artıq bu siyasətin tükəndiyinə işarə vururdular. Amma son hadisələr göstərdi ki, balanslaşdırma siyasəti hələ özünü tam tükəndirməyib. Hətta strateji baxımdan rəqib dövlətlərin Azərbaycanda ən strateji sahələrdə əməkdaşlıq etmək niyyəti var. Elə GUAM sahəsində əməkdaşlıq da balanslaşdırma siyasətinin bir formasıdır. Bu əməkdaşlıq əvvəlcə MDB sahəsində əməkdaşlığa alternativ kimi nəzərdə tutulsa da onu istisna etmir.


Amma sonda bir məqamı qeyd etmək vacibdir. Xarici siyasətdəki uğurlar daxili islahatlara təkan verməlidir. Üç təhlükəsizlik sistemindən NATO yeganə strukturdur ki, ardıcıl hərbi və siyasi islahatları nəzərdə tutur. MDB daha çox Rusiyanın geosiyasi ambisiyalarını təmin etmək üçündür. GUAM üzv dövlətlərin enerji problemlərinə daha çox həssasdır.


Qalır NATO. Bu təşkilat artıq qeyd etdiyimiz kimi həm də demokratik dövlətlərin hərbi alyansıdır. Burada təhlükəsizlik maraqları və ambisiyaları demokratik dəyərlərin vacibliyini üstələmir. GUAM-da bu maraqlara cavab verən dövlətlər var. Ukraynada və Gürcüstanda hakimiyyətdə demokratik qüvvələrdir. Moldovada normal demokratik seçkilər keçirilir. Bu mənada Azərbaycan bir qədər istisnalıq təşkil edir. Burada seçkilər siyasi mübahisələrə səbəb olur, onların legitimliyini heç də hamı qəbul etmir, söz və mətbuat azadlığı ilə bağlı problemlər var, siyasi hüquqlar məhdudlaşdırılıb. Bir sözlə, daha çox geosiyasi alyans olan GUMA-a hələ əsl demokratik dövlətlərin birliyi kimi baxmaq tezdir.


XS
SM
MD
LG