Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:23

Geopolitik plüralizm


Prezidentlərin dəyişməsi hərbi planların və doktrinaların da dəyişməsinə səbəb ola bilər
Prezidentlərin dəyişməsi hərbi planların və doktrinaların da dəyişməsinə səbəb ola bilər

İlk dəfə «geopolitik plüralizm» ifadəsini işlədən ABŞ politoloqu Zbiqnev Bjezinski bəlkə də təsəvvür etməzdi ki, onun bu ifadəsi nə vaxtsa real məzmun kəsb edəcək. Amma dövr dəyişir və əvvəllər qeyri-real görünən ifadələr də indi reallığa çevrilir. İki gün idi ki, hamı səbirsizliklə ABŞ və Rusiya prezidentlərinin görüşünün nəticələrini gözləyirdi. Bir vaxtlar barışmaz rəqiblər olan bu iki dövlətin indi təmas nöqtələrini axtarması hamı üçün maraq kəsb edir. Azərbaycan da bu qəbildən istisna deyildi. Məsələ bundadır ki, görüşdə Qəbələ RLS-dən birgə istifadə məsələsi də müzakirə olunmalı idi.


Bu təkliflə Rusiya prezidenti az müddət bundan əvvəl «səkkizlər»in görüşündə çıxış etmişdi. O vaxt ABŞ prezidenti məsələyə «hə» deməsə də, «yox» da deməmişdi. Azərbaycan da öz növbəsində məsələyə ilkin razılığını bildirmiş, ikitərəfli və ya üçtərəfli danışıqlara hazır olduğunu bəyan etmişdi. Amma hər üç tərəfin məsələyə münasibətində müəyyən nüanslar var idi. ABŞ tərəfi Qəbələ RLS-dən Çexiya və Polşada qurulacaq hava hücumundan müdafiə qurğularının əvəzinə istifadə edilməsi kimi yanaşmamış, əksinə Qəbələ RLS-ə həmin sistemin əlavəsi kimi baxmağa hazır olduğunu bildirmişdi. Əvvəldən hiss olunurdu ki, ABŞ Çexiya və Polşadakı planlarından əl çəkmək niyyətində deyil. Rusiya isə Qəbələ RLS-lə bağlı təklifini Çexiya və Polşadakı planların müqabilində təklif etmişdi.


Moskva istəmirdi ki, Avropa ərazisində onlara nəzarət edən yeni raket sistemi qurulsun. Bunun baş verməməsi üçün Rusiya hətta öz müttəfiqi İranın maraqlarını belə qurban verməyə hazır idi. İran da çıxılmaz vəziyyətdə qalmışdı. Təklifin Rusiya tərəfindən verilməsi sözün əsl mənasında, onun əl- qolunu bağlamışdı.


Ən maraqlı mövqe isə Azərbaycanınkı idi. Dünyanın iki fövqəldövlətini öz ərazisində strateji əməkdaşlığa dəvət edən Azərbaycan əvvəlcə İranın bununla bağlı təhdidlərini unutmuşdu. Ancaq İran müəyyən təhdidlər irəli sürəndən sonra Azərbaycan öz mövqeyinə düzəlişlər etdi. Bəyan edildi ki, Qəbələ RLS ancaq analitik-informasiya mərkəzidir və müvafiq raket sistemi ilə təmin edilməyəcək, burada ancaq informasiya təhlili və onun mübadiləsi aparılacaq. Bu, Azərbaycanın İranın da maraqlarını təmin etmək istiqamətində atdığı addım idi. Təbii ki, bu mövqe İranı sakitləşdirmək üçün az idi. Amma Azərbaycan bundan başqa nəsə təklif etmək iqtidarında deyildi. Hətta bəzi müşahidəçilərin fikrincə, strateji cəhətdən udduğunu güman edən Azərbaycan əslində, uduzmuşdu, gərək Bakı özü bu təkliflə çıxış edə idi. Rusiyaya Azərbaycanın adından danışmağa imkan verməklə bu ölkə özünü Rusiyanın vassalı kimi nümayiş etdirməyə imkan yaratmışdı. Amma məsələ bundadır ki, Qəbələ RLS məsələsində söz sahibi Rusiyadır, onun bu stansiyanı icarəyə götürdüyü bildirilsə də, söz sahibi yenə də Rusiyadır.


Görüş ərəfəsində Rusiya sözün əsl mənasında, Qəbələ RLS-in reklamı ilə məşğul idi. İlk dəfə olaraq 10-a yaxın dövlətin jurnalistləri RLS-ə baxış keçirmək üçün dəvət olunmuşdular.


İndi görüş artıq arxada qalıb. Onun nəticələri haqqında nə demək olar? Aydındır ki, Rusiya öz məqsədinə çatmadı. ABŞ Polşadakı və Çexiyadakı planlarından əl çəkmək niyyətində deyil. Qəbələ RLS əlavə və maraqlı təklif kimi qəbul olunsa da, məsələ yenə tam həllini tapmayıb. Əvvəldə qeyd etdiyimiz kimi, başqa cür ola da bilməzdi. ABŞ-ın məqsədi təkcə İrandan buraxılan raketləri qeydə almaq deyil. Əslində, hazırda İranın Avropaya çatacaq raketləri də yoxdur. İstisna deyil ki, ABŞ həm də bilavasitə Rusiyanın raket sisteminə nəzarət etmək istəyir. Üstəlik, bu raketləri lazım olanda zərərsizləşdirmək üçün hava hücumundan müdafiə qurğuları da lazımdır. Qəbələ RLS-in isə belə imkanları yoxdur.


Bəs məsələnin son perspektivi necə görünür? Bütün müşahidəçilər Putinin ABŞ-a səfərinin son səfər olduğunu qeyd edirdilər. Növbəti ildə Rusiyada prezident seçkiləri keçiriləcək. Elə ABŞ-ı da bu aqibət gözləyir. Ona görə də, belə qlobal məsələnin yaxın müddətdə həll oluna bilməsi bir qədər şübhəli görünür. Prezidentlərin dəyişməsi hərbi planların və doktrinaların da dəyişməsinə səbəb ola bilər. Belə perspektiv çox da uzaqda deyil.


XS
SM
MD
LG