Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:31

11 sentyabr – dünya siyasətini dəyişən gün…


11 sentyabrdan sonra dünya siyasəti məchulluğa doğru istiqamət götürdü…
11 sentyabrdan sonra dünya siyasəti məchulluğa doğru istiqamət götürdü…

Elə günlər, tarixi anlar var ki, onlar dünya siyasətinin mahiyyətini dəyişirlər.


2001-ci ilin faciəli 11 sentyabrı belə günlərdəndir. Bir anın içində on illiklərin, bəlkə də daha böyük müddətin siyasətinin ənənəvi ştampları dəyişdi. Soyuq müharibənin bitməsindən sonra güman edilirdi ki, artıq beynəlxalq təhlükəsizlik üçün elə bir ciddi təhdidlər yoxdur. 11 sentyabr bu fikrin yanlış olduğunu sübut etdi.


Məlum oldu ki, fövqəldövlətlərin arsenalında olan böyük nüvə potensialı, müasir silahlı qüvvələr hələ onların təhlükəsizliyinə tam təminat vermir. Bu potensialı dəf etmək iqtidarında olan mexanizmlər və təhdidlər var. Azad dünya yeni təhlükələrlə üz- üzə qaldı. Və siyasət dəyişdi, yeni siyasətin başlanğıcı qoyuldu. Soyuq müharibədən sonra yeni təhlükə mənbəyi aşkar edildi – bu, beynəlxalq terrorizm oldu. Terrorizmə qarşı müharibə elan edildi. 11 sentyabrdan sonra Əfqanıstan, İraq kampaniyaları baş verdi. Bəs bu kampaniyalar nə göstərdi?


Ötən müddət artıq müəyyən nəticələr çıxarmağa imkan verir. Düzdür, soyuq müharibə təxminən yarım əsr davam etmişdi. Terrorizmlə beynəlxalq mübarizə isə bir neçə ildir ki, davam edir. Təbii ki, zaman kəsiyi müqayisəyə gəlməyəcək dərəcədə azdır. Amma müəyyən suallar üçün hər halda əsas var. Bu illər ərzində terrorizm azaldımı? Terrorizmin kökünü kəsmək, onun infrastrukturunu yox etmək mümkün oldumu? Bu suallara birmənalı cavab vermək mümkün deyil. Uğurlar nəzərəçarpacaq dərəcədə deyil.


Məlum oldu ki, terrorizm, necə deyərlər, assimmetrik müharibədir. Burada qısamüddətli hərbi qələbədən danışmaq yersizdir. Əfqanıstanda taliblər, İraqda Səddam Hüseyn hərbi məğlubiyyətə uğradı. Amma terrorizmin kökü kəsilmədi. Elə bir gün olmur ki, Əfqanıstanda və İraqda terror əməliyyatları həyata keçirilməsin. Məsələyə bu aspektdən yanaşanda dünya məchulluğa doğru istiqamət götürdü. Soyuq müharibədə aydınlıq var idi; bir tərəfdə kapitalist, o biri tərəfdə sosialist dünyası dayanmışdı. Bu ideyaların daşyıcısı olan ölkələr, sistemlər var idi. Beynəlxalq terrorizm isə belə deyil. Onun dəqiq ünvanı bəlli deyil. O, necə deyərlər, səyyar təhlükədir. 11 sentyabrdan bu tərəfə keçən müddətdə dünya hələ təhlükəsiz duruma gəlib çatmayıb. Təhlükələr hələ də qalır.


11 sentyabrdan sonra dünya siyasətində təhlükəsizliyin mahiyyəti, beynəlxalq siyasətin özəllikləri dəyişdi. Yeni koalisiyalar yarandı, yeni ittifaqlar quruldu. Dünya siyasətində əməkdaşlığın yeni səhifəsi açıldı. Yeni müttəfiqlər meydana çıxdı, dövlətlərə münasibət dəyişdi. 11 sentyabr dünya siyasətinin istiqamətini dəyişdi. Qlobal demokratiya dalğasını təhlükəsizlik dalğası əvəz etdi. Soyuq müharibənin beynəlxalq siyasətə gətirdiyi predmet dəyişdi. Artıq qarşıdurma demokratik və qeyri-demokratik dövlətlər kimi deyil, təhlükəli və təhlükəsiz rejimlər kimi formalaşdı.


11 sentyabr çox şeyi dəyişdi. Amma onu tarixi an kimi inkar edənlər də var. Onların arqumenti budur ki, 11 sentyabra qədər də beynəlxalq terrorizm var idi. Bununla razılaşmaq da olar, razılaşmamaq da. Təhlükələr həmişə mövcud olub. Zaman keçdikcə onların miqyası və ünvanı dəyişir. Amma belə bir faktı inkar etmək mümkün deyil ki, 11 sentyabrda bu təhlükə fokuslaşdı, özünü yeni qüvvə kimi təzahür etdirdi.


Daha bir arqument budur ki, yeni təhlükəni yaradan səbəblər mövcud olduqca, onlar sıradan çıxmayana qədər bu təhlükələr davam edəcək. Səbəb həmişə nəticəni təzahür etdirir. Əvvəldə bildirdik ki, 11 sentyabrdan sonra dünya siyasəti məchulluğa doğru istiqamət götürdü. Bunu inkar etmək mümkün deyil. Bu məchulluq hələ də davam edir. Onun nə vaxt bitəcəyi məlum deyil. Amma bütün qlobal siyasi proseslərin bir sonu olur. Təbii ki, uğurlu sonluqlardan danışmaq daha yaxşı olardı. Ümid edək ki, bu proses də uğurlu sonluqla bitəcək. Hər halda 11 sentyabr bir çox şeylərə, o cümlədən də beynəlxalq təhlükəsizliyə ənənəvi baxışı dəyişdi. Məlum oldu ki, ideal təhlükəsizlik yoxdur. Aydın oldu ki, təhlükəsizlik də dinamik anlayışdır, ona baxış daim yeniləşməlidir.


XS
SM
MD
LG