Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:43

Müxalifətin bir partiyada birləşməsi mümkündürmü?


Müxalifəti bu cür kritik vəziyyətlərdən məhz diskussiyalar çıxarırdı...
Müxalifəti bu cür kritik vəziyyətlərdən məhz diskussiyalar çıxarırdı...

Azərbaycandakı müxalifət partiyalarının vəziyyəti hamıya yaxşı məlumdur. Siyasi passivlik, perspektivsizlik, üzvlərdən və siyasi elektoratdan məhrum olma, ölkə siyasətinə təsiri itirmək, kabinet siyasətçiliyi, özünə qapanma – bunlar siyasi partiyaların düşdüyü vəziyyəti xarakterizə etmək üçün lazım olan göstəricilərin heç də tam siyahısı deyil. Bu siyahını davam etdirmək də olar. Amma buna lüzum yoxdur. Vəziyyət geniş şərhsiz də məlumdur. Burada qəribə olan nədir? Vəziyyət hamını düşündürür və qayğılandırır. Onu təbii qəbul edənlər də var, bununla barışmayanlar da. Ən maraqlısı isə odur ki, vəziyyət ətrafında diskussiyalar yoxdur. İlk baxışda qəribə mənzərə yaranır. Problem var, diskussiya yoxdur. Böhran var, ondan çıxış yollarını axtarmaq meyli nəzərə çarpmır.


Tarixə nəzər salanda oxşar vəziyyət əvvəllər də olub. Müxalifətin donuq, statik vəziyyətdə olması keçmişdə də müşahidə olunub. Amma həmin vaxtlar geniş diskussiyalar olurdu. Elə o vaxtlar da belə diskussiyalardan xoşlanmayanlar olurdu. Amma son nəticədə müxalifəti bu cür kritik vəziyyətlərdən məhz həmin diskussiyalar çıxarırdı. İndi isə bir qədər fərqli vəziyyət hökm sürür. Maraqlıdır ki, politoloqlar da vəziyyətə münasibət bildirmirlər. Amma dərindən düşünəndə burada politoloqlar üçün də ciddi predmet var. Söhbət nədən gedir?


Azərbaycan siyasətində qəribə mənzərə müşahidə olunur. Bir tərəfdə monolit hakim siyasi qüvvə, o biri tərəfdə isə zəif və pərakəndə müxalifət partiyaları dayanıb. Bir tərəfdə biz real və güclü siyasi qüvvəni, o biri tərəfdə isə qeydiyyat vərəqəsindən və sədrindən başqa heç nəyi olmayan partiyaları görürük. Əgər ali məqsəd çoxpartiyalı siyasi sistem görüntüsü yaratmaq olsaydı, bununla barışmaq olardı. Amma ali məqsəd çoxpartiyalı siyasi sistem görüntüsü yaratmaq deyil. Məqsəd ölkədə dinamik siyasi sistem, siyasi rəqabət qabiliyyətli partiyalar yaratmaqdır.


Əvvəllər belə təsəvvür yaranırdı ki, ölkədə partiyaların birləşməsinə mane olan siyasi liderlərdir. Amma 2003-cü ildən sonra qəribə proses baş verdi, bir neçə siyasi lider partiya sədrliyindən imtina etdi. Məsələn, Etibar Məmmədov AMİP sədrliyindən, Lalə-Şövkət Hacıyeva Liberal Partiyanın sədrliyindən, Pənah Hüseyn isə Xalq Partiyasının sədrliyindən istefa verdilər. Belə təəssürat yarandı ki, siyasi liderlər arxa plana keçirlər. Amma bu hal partiyaların yaxınlaşmasına səbəb olmadı. Keçmiş liderlərin əvəzinə yeniləri meydana çıxdılar. Amma əvvəlki liderlər heç olmasa respublika miqyasında tanınırdılarsa, indikilər ancaq öz partiyaları çərçivəsində tanınırlar. Güman etmək olardı ki, bu hal yeni liderləri dərindən fikirləşməyə və vəziyyəti real qiymətləndirməyə sövq edəcək - onlar kiçik və heç kimin tanımadığı bir partiyanın rəhbəri olmaqdansa, böyük bir partiyanın funksioneri olmağa üstünlük verəcəklər. Amma reallıq hissini itirmiş yeni liderlər başqa yol tutdular - əvvəlki böyük partiyaların qəlpələrinə sədrlik etməyə üstünlük verdilər.


Amma reallıq tamamilə başqa siyasi sistemi diqtə edir. Söhbət ölkədə real və güclü partiyaların - güclü hakimiyyət və müxalifət partiyalarının formalaşmasından gedir. Bu hala xarici ekspertlər də diqqət yetirmişdilər. Onların fikrincə, Azərbaycanın siyasi sisteminin zəifliyi ondadır ki, siyasi partiyalar çoxdur və pərakəndə vəziyyətdədirlər. Xarici ekspertlər də belə hesab edirlər ki, qeyri-hökumət təşkilatları çox olmalı, siyasi partiyalar isə sayca az və güclü olmalıdırlar.


Müxalifət partiyalarının birləşməsinə bir neçə dəfə cəhd olmuşdu. Özü də söhbət hansısa blokda yox, bir partiyada birləşməkdən gedirdi. İlk dəfə belə təklif bir neçə il bundan əvvəl AXCP və Müsavat partiyaları ilə bağlı irəli sürülmüşdü. O vaxt təklif edilmişdi ki, birləşmiş partiyanın sədri bir nəfər, prezidentliyə namizədi isə başqa bir nəfər olsun. Həmin vaxt bu təklif həyata keçmədi. Sonradan bu təklifə bir daha qayıdan olmadı. Ötən müddət ərzində isə biz əks tendensiyanın şahidi olmuşuq- partiyalar birləşməkdənsə parçalanmağa üstünlük verirlər. Bəlkə də bu da siyasi böhranın göstəricisidir. Böhran narazılığı, ümidsizliyi və ixtilafları artırır - bu isə son nəticədə gətirib parçalanmaya çıxarır.


XS
SM
MD
LG