Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:32

Növbəti seçki yeni siyasi dialoq tələb edir


ATƏT-in Bakı Ofisinin vasitəçiliyi ilə iqtidar-müxalifət dialoqu, 11 iyul 2005
ATƏT-in Bakı Ofisinin vasitəçiliyi ilə iqtidar-müxalifət dialoqu, 11 iyul 2005

Azərbaycanda elə məsələlər var ki, onlar vaxtaşırı gündəliyə gəlirlər. Belə məsələlərdən biri də siyasi dialoq problemidir. Dərinliyinə varanda dialoq geniş anlayışdır. Əslində cəmiyyətin bütün təbəqələri və qurumları arasında daim dialoq olmalıdır. Dialoq cəmiyyət üçün çox vacib olan əlaqə və əks-əlaqə mexanizmlərini, sosial-siyasi rabitəni yaradır. Seçki ərəfəsində isə dialoq daha da vacib olur. Artıq növbəti seçkilərə təxminən bir il vaxt qalıb. Bir il ərzində siyasi konsensusa nail olmaq, demokratik seçki mühitini yaratmaq, siyasi qüvvələri və cəmiyyəti seçkilərə cəlb etmək mühüm vəzifələrdəndir. Ancaq Azərbaycanda siyasi dialoqa münasibət müxtəlifdir.


Prinsipcə, nə hakimiyyət, nə də müxalifət siyasi qüvvələr arasındakı dialoqun vacibliyini inkar etmir. Hətta buna cəhdlər də olur. Amma bu cəhdlər bir qədər natamam xarakter daşıyır. Birincisi, dialoqun tərəflərini müəyyənləşdirmək həmişə mübahisə doğurur. Partiya sədrləri belə toplantılara bir qayda olaraq öz müavinlərini göndərirlər. Nəticədə görüşlər arzuolunan nəticəni vermir. İkincisi, həmişə predmetlə bağlı mübahisələr olur. Dialoqun predmetini düzgün müəyyənləşdirmək heç də həmişə müyəssər olmur. Bəlkə də bu, onun nəticəsidir ki, tərəflər ölkədəki vəziyyətə polyar mövqelərdən yanaşırlar-biri hər şeyin yaxşı, digəri isə pis olduğunu iddia edir.


Nəticədə çox qəribə mənzərə yaranır. Bütün dünya, o cümlədən də Azərbaycan sivilizasiyaların dialoqundan danışır. Hətta bununla bağlı tədbirlər keçirilir. Hamı etiraf edir ki, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa ehtiyac var. Amma bunu ölkə daxilinə şamil edəndə, ölkədəki siyasi qüvvələr arasındakı dialoqdan danışanda fikirlər haçalanır, proses ləngiyir. Əslində isə bir ölkənin cəmiyyəti və ya onun bir hissəsi həm də bəşəriyyətin hissəsidir. Niyə belə olur? Artıq əvvəldə bu suala qismən cavab verməyə çalışdıq. Bir qədər dərinə varanda isə etiraf etmək lazımdır ki, hər şey bir prinsipin- konstitusionalizmin bərqərar olmasından asılıdır.


Konstitusionalizm Konstitusiyanın aliliyi, hüquqi dövlət deməkdir. Məsələn, bəziləri iddia edir ki, siyasi qüvvələr arasında ümummilli sazişin bağlanmasına ehtiyac var. Prinsipcə, indiki dövrdə belə sazişin əldə olunması və onun imzalanması yaxşı nəticə verərdi. Amma digər tərəfdən yada salanda ki, ölkədə Konstitusiya var və o, məhz ümummilli saziş funksiyasını yerinə yetirir, məsələ bir qədər mürəkkəbləşir. Ölkədə referendum yolu ilə qəbul edilən ali hüquqi sənəd olduğu halda yeni partiyalararası sazişə ehtiyac varmı? Belə sazişə o vaxt ehtiyac olardı ki, o, Konstitusiyanın aliliyini təmin etsin və buna çağırsın.


Sivilizasiyaların dialoqundan söhbət gedəndə müxtəlifliyin, rəngarəngliyin qəbul edilməsi və qorunması nəzərdə tutulur. Demokratiyanın özü də müxtəlifliyin təcəssümüdür. Bəs ölkə daxilində müxtəliflik özünü necə təzahür etdirir? Bu, ilk növbədə özünü siyasi plüralizmdə göstərir. Ölkədə siyasi müxalifət olmalıdır və onun fəaliyyəti üçün şərait yaradılmalıdır. Söz azadlığı təmin edilməli və azad mətbuat inkişaf etməlidir. Qeyri-hökumət təşkilatları mövcud olmalıdır. Bunların hamısı müxtəlifliyin təzahürüdür. Müxtəlifliyə münasibət özündə tolerantlığı ehtiva edir. Əgər müxtəliflik qəbul olunursa və ona hörmətlə yanaşılırsa, deməli ölkədə tolerantlıq var. Müxtəlifliyin mövcudluq forması isə birdir-daim dialoq olmalıdır ki, o, qorunub saxlanılsın.


Dialoq həm də bərabərhüquqluğu nəzərdə tutur. Ona görə də əvvəldə bir prinsip kimi konstitusionalizmi qeyd etdik. Dialoq elə tərəflər arasında olur ki, onlar bərabərhüquqlu olsun.


Azərbaycanda demokratik Konstitusiya, müxtəlifliyə münasibətdə dözüm var. Amma bununla belə siyasi qüvvələr arasında dialoqun gerçəkləşməsi yolunda çətinliklər meydana çıxır. Bu da təbii ki, hüquqi dövlət quruculuğu ilə bağlıdır. Dövlət rəsmilərinin özləri də etiraf edirlər ki, ölkədə hüquqi dövlət quruculuğu arzuolunandan ləng gedir. Məhz burada yenə də dialoq yada düşür. Dialoq bu ləngliyi aradan qaldıra və prosesi sürətləndirə bilərdi. Təkcə bu faktın özü dialoqun vacibliyini qəbul etmək üçün kifayətdir.


XS
SM
MD
LG