Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:42

MDB-nin alternativi varmı?


Təbii ki, MDB də, GUAM da uzunmüddətli inkişaf yolunda aralıq mərhələdir
Təbii ki, MDB də, GUAM da uzunmüddətli inkişaf yolunda aralıq mərhələdir

MDB-nin alternativi varmı? Bu təşkilat onun üzvləri üçün hər hansı siyasi və iqtisadi əhəmiyyət kəsb edirmi? Zaman-zaman bu suallar gündəmə gəlir. Artıq neçə illərdir ki, MDB bir qurum kimi özü bu suallara cavab axtarır.


Bu günlərdə Düşənbədə keçirilən qısa müddətli sammit bu sualları yenidən aktuallaşdırdı. Maraqlıdır ki, Ukrayna prezidenti istisna olmaqla bütün digər respublikaların ölkə başçıları sammitdə iştirak edirdilər. Amma hətta belə siyasi mütəşəkkillik sammitə xüsusi məzmun verə bilmədi. Sammit daha çox Gürcüstan prezidentinin Rusiyaya qarşı ittihamları ilə yadda qaldı. Həm də o yadda qaldı ki, bir çox dövlət başçıları təqdim olunan sənədlərə ya xüsusi qeydlə imza atdılar, ya da onları ümumiyyətlə imzalamadılar.


Adətən MDB-dən söhbət düşəndə başqa bir təşkilat – GUAM yada düşür. Artıq bu təşkilatın da tarixi on ilə yaxınlaşır. GUAM yaradılanda hamı onu MDB-yə alternativ kimi qəbul etmişdi. Bəs ötən müddət nə göstərdi?


Söz yox ki, GUAM bütün mənalarda MDB-ni əvəz edə bilmədi. Amma o, bir ideya kimi kağız üstündə də qalmadı. İndi GUAM da bir alternativ siyasi reallıqdır. GUAM-ın tədbirləri, toplantıları keçirilir, onun problemləri BMT müstəvisində müzakirə olunur. Təşkilat həm də regional geosiyasi vahiddir. GUAM dövlətlərini təkcə onların ərazilərindəki münaqişələr problemi birləşdirmir. Dərindən baxanda GUAM dövlətləri əsasən özlərinin bəzi problemlərinin həllini MDB-dən kənarda axtarmağa məcbur olan, Avroatlantika məkanına daha çox inteqrasiya olunmağa can atan dövlətlərdir. Amma bəzi mütəxəssislər və siyasət adamları belə bir sual verməyi xoşlayırlar: əgər Avropa Şurası, NATO və Avropa Birliyi varsa hansısa kiçik bir regional təşkilatda birləşməyə dəyərmi?


Bu sualın haqlı tərəfləri var. Həqiqətən də keçmiş sovet respublikalarının bir hissəsi üçün ən etibarlı inkişaf yolu Avropaya inteqrasiya olunmaqdır. Amma bunun üçün uzun müddət tələb olunur və həm də bu səylərin sinxronluq təşkil etməsi, birləşdirilməsi və koordinasiya olunması zəruridir.


Ümumiyyətlə isə etiraf etmək lazımdır ki, çoxtərəfli əlaqələrin bolluğu hər hansı ölkəyə ziyan gətirmir. Götürək lap MDB-nin özünü. Düzdür, bu təşkilatın vəd etdiyi siyasi və iqtisadi üstünlüklər özünü reallıqda doğrultmadı. Amma sonrakı müşahidələr göstərdi ki, bəzi respublikaların MDB-də təmsil olunması onlar üçün bütün hallarda ziyanlı olmadı. Əvvəla, MDB ilə münasibətlər ilk növbədə Rusiya ilə münasibətlərdir, çünki Rusiya özü ilə ikitərəfli əlaqələrdənsə MDB vasitəsilə çoxtərəfli münasibətlərə üstünlük verir. SSRİ-nin dağılmasından sonra yaranan siyasi vakuum müvəqqəti olaraq hansısa formada doldurulmalı idi. MDB məhz bu funksiyanı yerinə yetirdi.


Problem ondadır ki, bəzi keçmiş sovet respublikaları coğrafi baxımdan Avropadan nə qədər uzaqdırsa, Rusiyaya bir o qədər yaxındır. Bu yaxınlıq müəyyən üstünlüklərlə bahəm həm də çətinliklər yaradır. Eləcə də istənilən qurum və ya təşkilat ziddiyyətlərdən xali deyil. MDB daxilindəki siyasi ziddiyyətlərin təzahürü GUAM oldu. GUAM məhz bu təşkilat daxilindəki natamam və ziddiyyətli məqamların nəticəsində yarandı. GUAM-ın maraqlı tərəfləri də var. Adətən hər hansı bir təşkilat güclü bir nüvə ətrafında formalaşır. MDB-nin halında bu nüvə Rusiyadır. Maraqlıdır ki, GUAM-da belə bir nüvə yoxdur. GUAM-dakı münasibətlər tamamilə üfüqidir.


Təbii ki, MDB də, GUAM da uzunmüddətli inkişaf yolunda aralıq mərhələdir.


Ola bilsin, respublikalar Avropaya tam inteqrasiya olunandan sonra onlara ehtiyac qalmayacaq. Amma bu günün prizmasından yanaşanda onlar da bir zərurətdir. Bəzi respublikaların, məsələn, GUAM-la bahəm MDB-də təmsil olunması artıq qeyd etdiyimiz kimi, ən azı onları Rusiyanın mümkün təzyiqlərindən hifz edir. Sözsüz ki, bu təzyiqlər də zaman keçdikcə azalır. Artıq keçmiş sovet respublikalarının Rusiyadan asılılığı minimuma enib. Hətta enerji asılılığı belə əvvəlki kimi aktual deyil. Amma asılılığın bir forması qalır ki, bu da əməkçi miqrantların problemidir. Rusiya ərazisində GUAM dövlətlərinin milyonlarla vətəndaşı əməkçi miqrant kimi fəaliyyət göstərir. Təbii ki, zaman bu problemi də həll edəcək. Amma o, həll olunana qədər Rusiya ilə çoxtərəfli münasibətləri saxlamaq lazım gələcək.


XS
SM
MD
LG