Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:24

Tarixin böyük anları…


Dərindən fikirləşəndə heç nə asan baş verməyib, keçmiş SSRİ özü – özünə dağılmayıb
Dərindən fikirləşəndə heç nə asan baş verməyib, keçmiş SSRİ özü – özünə dağılmayıb

İngilis filosofu D.Yumun maraqlı fikri var: «Siyasi partiyaların rəğbətini qazanmağa cəhd etməyən kəslər həm də ona hazır olmalıdırlar ki, onlara qiymət ancaq gələcəkdə, növbəti nəsillər tərəfindən veriləcək». Bu fikri inkişaf etdirərək elə tarixin özünə də şamil etmək olar – zaman keçdikcə tarix daha çox qiymətləndirilir, tarixin əsl qiyməti bir çox hallarda zamanında verilmir. Amma tarix heç vaxt unudulmur, o müvəqqəti şəkildə təhrif oluna bilər, amma unudula bilməz. Bir çox hallarda tarix siyasiləşir, ona baxış bucağı daralır. Amma bu, müvəqqəti xarakter daşıyır, çünki tarixə maraq həqiqətə maraq kimidir, insan isə həmişə həqiqəti bilməyə, onu öyrənməyə meyllidir.


18 oktyabr Azərbaycanda Müstəqillik Günüdür. Cəmi 16 il bundan əvvəl Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub. 16 il tarixi interval baxımından çox qısa müddətdir. Amma millətin yaşında bu, çox qısa müddət olsa da, hər halda bir insan ömrü üçün kifayət qədər sanballı müddətdir. İndi 16 il bundan əvvələ və yenidən geriyə qayıdanda bu qısa müddət ərzində nə qədər keşməkeşli anların, böyük dəyişikliklərin yaşandığının şahidi olursan. Təbii ki, nəticəyə baxanda proses həmişə asan görünür. Belə təəssürat yaranır ki, hər şey xüsusi cəhd olmadan, spontan və labüd olaraq baş verib.


Keçmiş sovet respublikalarının müstəqillik əldə etməsinin həqiqətən də ziddiyyətli məqamları var. Bu məqamlar bəzən prosesə obyektiv qiymət verməyə mane olur. Respublikaların müstəqillik yolunda müxtəlif formada səy göstərməsi, amma son nəticədə hamının eyni məqsədə çatması bir çox hallarda suallar və mübahisələr doğurur. Bu mübahisələr bu günə qədər davam edir. Amma dərindən fikirləşəndə mübahisələr daha çox cari və ötəri siyasi məqsədlərdən doğur. İnsanların, eləcə də siyasi qüvvələrin hamısı özünü tarixi proseslərə proyeksiya etməyə, özünün tarixdə rolunu qabartmağa cəhd edir. Bu da təbii insan hissidir. Amma bu yarışda uduzan son nəticədə tarix olur. Tarixin siyasiləşməsi prosesi də elə budur.


Dərindən fikirləşəndə heç nə asan baş verməyib, keçmiş SSRİ özü – özünə dağılmayıb. Məsələn, Azərbaycanın müstəqillik yolunda 20 yanvar, Qarabağ hadisələri olub. Kim etiraz edə bilər ki, tarixi artıq 20 ilə çatan Qarabağ problemi məhz Azərbaycanın müstəqilləşməsinin qarşısını almaq, bu prosesi əngəlləmək üçün ortaya atılmışdı. İndinin özündə də Qarabağ problemi Azərbaycanın müstəqilliyi və suverenliyi üçün problemlər yaradır. Bu konfliktin gedişində nə qədər azərbaycanlı həlak olub?! Oxşar proseslər təkcə Azərbaycanda baş veribmi? Təbii ki, yox. Biz Vilnüs, Tbilisi hadisələrini necə unuda bilərik? Bunların hamısı tarixdir. Və bütün bu proseslər SSRİ adlı imperiyanın dağılmasının tarixi anlarıdır.


Etiraf etmək lazımdır ki, hətta Rusiyanın özünün müstəqilləşməsi, müstəqil dövlətə çevrilməsi ağır tarixi prosesin nəticəsində baş verdi.


İndi keçmiş on beş respublikanın hamısı ayrılıqda müstəqil dövlətdir. Təbii ki, onların arasında bu məqsədə daha az itkisiz çatanlar da var. Amma bu da tarixin sınağıdır. Kimsə birinci olmalıdır, irəlidə getməlidir ki, başqalarını da öz ardınca çəkib aparsın. Üstəlik, burada maraqlı detallar da var. Müşahidələr göstərir ki, dövlət müstəqilliyini nisbətən asan yolla qazanan respublikalar daxili inkişaf baxımından, yeni müstəqil dövlət və cəmiyyət quruculuğu aspektindən çox da uzağa gedə bilməyiblər, bir çox hallarda onlar tarixin verdiyi böyük şansdan effektiv şəkildə yararlana bilmirlər. Sözsüz ki, belə bir məqamı da qeyd etmək lazımdır ki, dövlət müstəqilliyinin elan edilməsindən onun reallaşmasına qədər çətin bir yol keçir. Bu yolu hər bir dövlət, hər bir siyasi qüvvə keçə bilmir. Amma bütün hallarda əlamətdar haldır ki, keçmiş sovet respublikalarının, demək olar ki, hamısında müstəqillik dönməz siyasi xarakter alıb.


Bəs müstəqilliyin çələngləri kimin, hansı siyasi qüvvənin adına yazılsın? Burada birmənalı şəkildə demək olar ki, qələbə millətindir. Bu şərəfli və eyni zamanda çətin prosesin bütün ağrılarını millətlər yaşayıblar. Ona görə də bu proseslər millətlərin tarixidir və millətlərin tarixi kimi də yaşamalıdır.


XS
SM
MD
LG