Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:45

ABŞ və Türkiyə: Pozulan İttifaq?


«De-fakto» müstəqil kürd muxtariyyəti Türkiyənin daxilində separatizmi stimullaşdırır
«De-fakto» müstəqil kürd muxtariyyəti Türkiyənin daxilində separatizmi stimullaşdırır

Oktyabrın 19-da ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Milli Kəşfiyyat Şurasının keçmiş sədr müavini Qrem Fuller «Los Anceles Taymz» qəzetində «Bizim Türkiyə ilə pozulan İttifaqımız» başlıqlı məqalə ilə çıxış edib.


Müəllif yazır ki, Türkiyədə demokratiya möhkəmləndikcə, bu ölkə öz milli maraqlarını daha üstün şəkildə qorumaq imkanı əldə edir. Bu maraqlar isə əksər hallarda ABŞ-ın regiondakı siyasəti ilə ziddiyyət təşkil edir. Müəllifin fikrincə, «erməni soyqırımı» məsələsi ətrafındakı qalmaqal bu ziddiyyətin yalnız bir epizodudur.


Qrem Fuller bir-bir ABŞ-la Türkiyənin milli maraqlarının toqquşduğu məqamları sadalayır:


Kürd məsələsi: «Son 16 ildə ABŞ-ın İraqdakı siyasəti Türkiyə üçün fəlakət olub». Müəllif yazır ki, 1991-ci ildən etibarən ABŞ-ın siyasəti İraqda «de-fakto» müstəqil iri kürd muxtariyyəti yaradıb. Belə bir kürd qurumu Türkiyənin daxilindəki separatizmi stimullaşdırır. Bundan əlavə, «Vaşinqton İran əleyhinə kürd terrorçularını dəstəkləyir».


Terrorizm: «Türkiyə artıq 30 ildir ki, siyasi zorakılıq (marksistlər, sosialistlər, sağ millətçilər), kürd və İslam terrorizminə qarşı mübarizə aparır. ABŞ-ın Yaxın Şərqdəki siyasəti regionda zorakılıq və radikalizmi stimullaşdıraraq, «əl-Qaidə»ni Türkiyənin qapısının kandarına yaxınlaşdırıb».


İran: Bu ölkə Rusiyadan sonra Türkiyənin ikinci ən iri qaz təchizatçısıdır. İran Ankara ilə çox yaxşı münasibətlərdə olmasa da, artıq bir neçə əsrdir ki, bu iki ölkə arasında ciddi hərbi qarşıdurma olmayıb. Ankara Tehranı təcrid etməyə yönəlmiş ABŞ siyasətini özü üçün arzuedilməz sayır.


Suriya: Son 10 il ərzində Türkiyənin Suriya ilə münasibətləri 180 dərəcə dəyişib. Suriyalılar, digər ərəb ölkələri kimi, Türkiyənin Vaşinqtonun İraq siyasətinə «yox» demək cəsarətinə və Fələstin konfliktində balanslı mövqe tutmasına rəğbətlə yanaşırlar. Ankara rəsmi Vaşinqtonun Suriyanı təcridetmə siyasətinə qarşı çıxır.


Ermənistan: Qrem Fullerin fikrincə, qeyri-rəsmi müstəvidə Ermənistan və Türkiyə bir-biri ilə yaxınlaşma istiqamətində artıq bəzi məhsuldar addımlar atırlar. Yalnız erməni diasporunun həddən ziyadə millətçi ritorikası bu potensial yaxınlaşmaya zərbə vurur.


Rusiya: 500 illik düşmənçilikdən sonra Ankara ilə Moskvanın münasibətlərində inqilab baş verib. Hazırda Rusiya Türkiyə məhsullarının Almaniyadan sonra ikinci ən böyük idxalçısıdır və Rusiya Türkiyənin əsas qaz təminatçısıdır. Bəzi Türkiyə generalları artıq ABŞ-la münasibətlərin kəskinləşəcəyi təqdirdə, «Rusiya alternativi» haqqında açıq danışırlar. Müəllifin fikrincə, bəzi məsələlərdə, məsələn, Orta Asiyadan keçən kəmərlər məsələsində Rusiya ilə maraqları toqquşsa da, Türkiyə ABŞ-ın Qafqazda və Şərqi Avropada «rus ayısı»nı qıcıqlandırmaq siyasətinin əleyhinədir.



Fələstin: Müəllif yazır ki, Osmanlı imperiyası dövründə Fələstini idarə etmiş türklər Fələstinin qayğısını çox çəkirlər və 40 illik İsrail işğalı dövründə bu torpağın çəkdiyi əziyyətlərə acıyırlar. «Ankara «Həmas» təşkilatını Fələstin siyasi spektrinin legitim və mühüm elementi hesab edir və onunla danışıqlara getməyin tərəfdarıdır. Vaşinqton «yox» deyir». Müəllifin fikrincə, Türkiyənin İsraillə yaxşı münasibətləri var, amma bu ölkə İsrailin qədərindən artıq əməllərini kəskin tənqid etməkdən də çəkinmir.



Müəllif yazır ki, bu fikirlər ümumən, Türkiyə siyasətçiləri arasında fikir ayrılığı doğurmur və real məsələlərdə ABŞ-la Türkiyənin maraqlarının ziddiyyət təşkil etdiyi məqamları ortaya qoyur.


Müəllifin yekun fikri ondan ibarətdir ki, «yaxşı olardı ki, biz xalq demokratiyası ilə güclənən Türkiyənin ABŞ-ın təzyiqlərinə rəğmən, öz milli maraqlarından çıxış edəcəyi fikri ilə hesablaşaq…».


XS
SM
MD
LG