Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:36

Növbəti səfər, növbəti vədlər…


Ekspertlər hesab edir ki, Minsk qrupu missiyanı yerinə yetirə bilmir
Ekspertlər hesab edir ki, Minsk qrupu missiyanı yerinə yetirə bilmir

ATƏT-in Minsk qrupunun həmsədrlərinin Bakıya növbəti səfəri başlayır. İsti yay fəslinin yaratdığı siyasi pauza deyəsən bitmək üzrədir. Güman etmək olar ki, həmsədrlərin bundan sonra regiona səfərləri mütəmadi xarakter daşıyacaq. Bu səfərlər problemin həllinə bir o qədər də təsir etməsə də hər halda müəyyən təəssürat yaratmağa kömək edir. Elə həmsədrlər özləri də səfərlərinin məhsuldar olmadığını etiraf edirlər. Amma belə bir fikri yada salmağı da unutmurlar ki, onlar sadəcə vasitəçidirlər, siyasi qərarı isə bilavasitə münaqişə iştirakçısı olan dövlətlər qəbul etməlidirlər.


Sözsüz ki, burada müəyyən həqiqət var, amma fəal siyasi vasitəçilik institutuna da ehtiyac duyulur. Minsk qrupunun yaranmasından keçən 15 il isə sübut edir ki, bu qurum fəal vasitəçilik siyasətini həyata keçirə bilmir. Yarandığı gündən bu vaxta qədər Minsk qrupu müzakirə üçün cəmi üç model təklif edib və həmin modellər də qəbul olunmayıb. Qalan vaxt, demək olar ki, ancaq müxtəlif bəyanatların verilməsi ilə yadda qalıb. Bəs Minsk qrupunun həmsədrləri indi hansı bəyanatlarla gəlirlər?


Həmsədrlərin bildirdiyinə görə Azərbaycan və Ermənistanın münaqişənin həlli ilə bağlı mövqeləri heç vaxt indiki qədər yaxın olmayıb. Belə bəyanat müəyyən qədər ümid yaratsa da hər halda suallar da doğurur. Ona görə ki, bu bəyanatın ardınca həmsədrlər deyirlər ki, yaxın vaxtlarda prezidentlərin görüşünə ehtiyac yoxdur. Adətən diplomatiyada hər hansı irəliləyiş olduqda dövlət başçılarının görüşünə zərurət yaranır.


Hələlik münaqişə iştirakçıları arasında, əgər belə demək mümkündürsə, yarış gedir. Bu yarış sosial-iqtisadi və hərbi sferanı əhatə edir. Hər iki dövlət öz iqtisadi imkanlarını genişləndirməyə, ölkəsindəki sosial vəziyyəti yaxşılaşdırmağa, hərbi büdcələrini artırmağa çalışır

Əgər belə görüşə ehtiyac yoxdursa onda hansı irəliləyişdən danışmaq olar? Buradan belə nəticə çıxarmaq olar ki, həmsədrlər, sadəcə iştirakçısı olduqları prosesə maraq yaratmaq istəyirlər. Amma insanları maraq yox, problemin həlli düşündürür.


Bir vaxt siyasi dairələrdə «dondurulmuş münaqişələr» terminini işlətmək dəbdə idi. İndi bununla bağlı da müəyyən fikir ayrılığı hiss olunur, artıq «dondurulmuş münaqişələr» termini heç də hamını qane etmir. Bunun səbəbləri çoxdur. Bir səbəbi də budur ki, münaqişələrin həll edilməyərək on illərlə dondurulması insanları razı salmır. Konkret olaraq Qarabağ probleminə gəldikdə, artıq 13 ildir ki, geniş miqyaslı hərbi əməliyyatlar müşahidə olunmur, atəşkəs rejimi hökm sürür. Sözsüz ki, atəşkəs rejiminin müəyyən müsbət tərəfləri oldu, münaqişənin həllinin siyasi yollarını araşdırmaq üçün hərbi əməliyyatlar dayandırılmalı idi. Amma 13 ildir ki, siyasi yol tapılmır. Siyasi yolu tapmaq missiyası isə Minsk qrupunun öhdəsinə düşüb. Qrup isə bu missiyanı yerinə yetirə bilmir.


Digər detal bununla bağlıdır ki, həmsədrlərin növbəti optimist bəyanatları hər iki respublikada seçki ərəfəsinə təsadüf edir. Adətən seçki ərəfəsində və dövründə ciddi siyasi qərarlar qəbul edilmir. Amma böyük ehtimal var ki, hər iki respublikada hakimiyyətin varisliyi təmin ediləcək, mövcud siyasi elitada prinsipial dəyişiklik baş verməyəcək. Buna görə də münaqişənin həlli ilə bağlı siyasi modelin ortaya qoyulması tamamilə mümkündür. Amma belə bir model varmı? Məsələ də bundadır.


Hələlik münaqişə iştirakçıları arasında, əgər belə demək mümkündürsə, yarış gedir. Bu yarış sosial-iqtisadi və hərbi sferanı əhatə edir. Hər iki dövlət öz iqtisadi imkanlarını genişləndirməyə, ölkəsindəki sosial vəziyyəti yaxşılaşdırmağa, hərbi büdcələrini artırmağa çalışır.


Mübaliğəsiz demək olar ki, bu yarışda Azərbaycan öndədir. Bu yarışın digər təsirlərdən başqa həm də psixoloji təsiri ola bilər. Ermənistan Azərbaycanın sürətli inkişafından özü üçün müəyyən nəticələr çıxara və münaqişənin həlli ilə bağlı mövqeyini dəyişə bilər. Məsələn, belə bir faktı qeyd etmək lazımdır ki, Ermənistan son illərdə həyata keçirilən bütün regional layihələrdən kənarda qalıb. Amma psixoloji təsir hələ özünü reallıqda büruzə vermir, sosial-iqtisadi göstəricilərinin zəifliyinə, hərbi baxımdan geriliyinə baxmayaraq Ermənistan münaqişənin həlli ilə bağlı mövqeyini dəyişmir. Bəs prinsipial dəyişiklik nə vaxt baş verəcək? Minsk qrupu buna nail olacaqmı? Təəssüf ki, bu suallar hələ öz cavabını gözləyir, həmsədrlər hələ onlara cavab verməkdə acizdirlər.
XS
SM
MD
LG