Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:47

«Uşaq ölümünün əsas səbəbi kasıbçılıqdır»


Azərbaycanda hər 1000 körpədən 12-si bir yaşına çatmamış ölür
Azərbaycanda hər 1000 körpədən 12-si bir yaşına çatmamış ölür

Rəsmi statistikaya əsasən, Azərbaycanda diri doğulan hər 1000 körpədən 12-si bir yaşına çatmamış ölür. Beynəlxalq təşkilatların bir qismi bu rəqəmin reallıqda dörd dəfə, digərləri 7 dəfə artıq olduğu qənaətindədir.


Xalq arasında «OMD» kimi tanınan Fərəcov adına Pediatriya İnstitutunun baş həkimi, ölkənin baş pediatrı Nəsib Quliyev deyir ki, 1993-cü ildən indiyədək Azərbaycanda körpə ölümü göstəricisi təxminən iki yarım dəfə azalıb: «1992-93-cü illərdə hər min diri doğulan uşaqdan 29-u bir yaşa çatanadək tələf olurdusa, 2006-cı ildə bu rəqəm 12.1-dir. Elə ölkələr var ki, onlarla müqayisədə bu rəqəm çox yaxşıdır. Amma Avropanın inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda körpə ölümü göstəricisi üç dəfə yuxarıdır. Bu, bizi çox narahat edir».


Dünya İqtisadi Forumunun rəqəmlərinə görə, Azərbaycanda uşaq ölümü göstəricisi 76 pramillidir. Ekspertlərin fikrincə, təşkilat BMT Uşaq Fondu UNİCEF-in 2000-ci ildə keçirdiyi sorğunun nəticələrinə əsaslanır. O zaman rəsmi statistika Azərbaycanda hər min diri doğulan körpədən cəmi 17.7-sinin öldüyünü əks etdirirdi.


2000-ci il hesabatı səhiyyə rəsmilərinin ciddi narazılığına səbəb olmuşdu.


Ölkənin baş pediatrı Nəsib Quliyev: «Səhv olar 10 faiz, 2 faiz, bir uşaq. Nəsə uçota düşməz, gec qeydiyyata alarlar. İnsanıq da. Amma Azərbaycanda 1382 əvəzinə yeddi min, on min uşaq ölüb demək, bu, gülünc bir şeydir».


Quliyev Azərbaycanda körpə ölümü ilə bağlı yüksək statistika təqdim edən təşkilatların bu işdə maraqlı olduğunu deyir: «Yaxşı yadımdadır, UNİCEF-in keçmiş rəhbəri Akif Saatçıoğlu ilə bu məsələ haqda mübahisə edərkən dedi ki, biz rəqəmləri bilərəkdən yüksək verməsək, bu ölkəyə yardım ayırmazlar. Görürsünüz, onun da öz məqsədi var».


Rəsmi göstəricidən dörd dəfə artıq

UNİCEF isə metodologiyanın beynəlxalq səviyyədə sınanıldığını deyir. Elə həmin təşkilatın səhiyyə və qidalanma üzə mütəxəssisi Namiq Ömərov deyir ki, dövlət rəqəmləri ilə sorğu rəqəmləri arasındakı fərqin səbəbləri çözülməli, araşdırılmalıdır. Misal üçün, səbəblərdən biri Ümumdünya Səhiyyə Təşkilatının diri doğulma kriterisinin hələlik tam istifadə olunmaması ola bilər: «Sovet qaydasına görə, bizim səhiyyədə yalnız doğulan zaman nəfəs alan uşaqlar diri doğulan hesab olunur. Amma Ümumdünya Səhiyyə Təşkilatına görə, təkcə nəfəs alan yox, ürəkdöyünməsi, müəyyən əzələ səyrimələri olan uşaqlar da diri doğulan sayılır. Bizdə rəsmən bu qaydaya keçilib. Amma güman ki, xüsusilə rayon yerlərində, buna tam olaraq riayət olunmur».


Ömərov deyir ki, 2000-ci ildən bəri səhiyyə xidmətlərinin səviyyəsi xeyli yaxşılaşıb. Odur ki, uşaq ölümünün səviyyəsi də xeyli aşağı düşüb. Lakin göstəricilərin nə qədər aşağı düşdüyünü yalnız 2006-cı ildə keçirilən demoqrafik sağlamlıq sorğusunun nəticələri açıqlananda öyrənə biləcəyik.


ABŞ Beynəlxalq İnkişaf Agentliyi, UNİCEF və Dövlət Statistika Komitəsinin 2006-cı ildə keçirdiyi sorğunun nəticələrini ictimaiyyət bir neçə aydır ki, gözləyir. Lakin rəqəmlər açıqlanmır ki, açıqlanmır. UNİCEF rəqəmlərin yalnız dekabrda açıqlanacağına söz verib: «Yəqin ki, dəqiqləşdirilir. Bu, çox ciddi məsələdir, hamının razılığı olmalıdır. Çünki uşaq ölümü ölkənin göstəricilərindən biridir».


Tərəflərin rəqəmlərə göstərdiyi həssaslığa baxmayaraq, «Azadlıq» radiosu sorğunun ilkin nəticələrini əldə edə bilib. Vəziyyət, əvvəlki nəticələrlə müqayisədə, doğrudan da, xeyli yaxşıdır. Yeni nəticələr hər min diri doğulan uşaqdan təqribən 46-sının həyatının ilk ilində tələf olduğunu göstərir. Rəsmi göstəricidən dörd dəfə artıq. Ekspertlər bu uyğunsuzluğun evdə doğuş hallarının yüksək olduğu Mərkəzi Asiya ölkələrində də müşahidə olunduğunu bildirir.


«Səbəb, söz yox ki, həkimlərin məsuliyyətsizliyidir»


Sorğunu keçirən təşkilatlardan birindəki mənbənin dediklərinə görə, əsas mübahisə mövzusu şəhərlər üzrə statistika və neonatal ölümlərin sayı ilə bağlıdır. Sorğu nəticələri əsasən körpələrin mütləq əksəriyyətinin həyatının ilk ayında tələf olduğunu göstərir ki, bu da ölümlərin baş verməsində həkim məsuliyyətini artırır.


Jurnalist İdrak Abbasov da körpəsinin tələf olmasının əsas günahını həkimlərdə görür: «Səbəb, söz yox ki, həkimlərin məsuliyyətsizliyidir».


Pediatriya İnstitutu, 13 noyabr 2007
Sentyabrın 6-da İdrak Abbasovun həyat yoldaşı hamiləlik dövrü tam bitməmiş doğuş ağrıları ilə xəstəxanaya aparılır və bir uşaq dünyaya gətirir. Həkimlər ona hər şeyin qaydasında olduğunu, uşağın sağlam doğulduğunu deyirlər. Amma körpənin həyatının üçüncü günündə İdraka zəng olur və uşağı təcili Fərəcov adına Elmi Tədqiqat Pediatriya İnstitutuna aparmağı məsləhət görürlər.


Şəhərdən kənarda yaşayan jurnalistin körpəni təcili yardım maşını ilə xəstəxanaya aparmaq xahişi cavabsız qalır. İdrakın sözlərinə görə, uşaq xəstəxanaya çatdırılanda artıq aqoniya vəziyyətində imiş. Buna baxmayaraq, orada da körpəyə yardım yubadılır və yalnız onun səs-küy salmasından sonra edilir. Lakin körpəni xilas etmək mümkün olmur.


İdrak Abbasovun başına gələn hadisə ilə bağlı mətbuatda qalxan qalmaqal xəstəxana rəhbərliyini də tədbir görməyə məcbur edib: «Məsələ ilə bağlı Respublika Xəstəxanası tədbir gördü. Səhlənkarlığa yol vermiş həkimlər və tibb bacısı işdən çıxarıldı».


İdrak Abbasov ailəsinin faciəsini ictimailəşdirməklə həqiqəti üzə çıxarmağa cəhd edən nadir zərərçəkənlərdən biridir. Bir çox valideynlərsə bu acılı prosesdən keçməməyə üstünlük verirlər. Bəzənsə, tələbləri cavabsız qalır.


«Uşaqların doğum və ölüm faktlarının çoxu statistikadan kənarda qalır»


«Himayədar» təşkilatının «Oxfam»ın maliyyə dəstəyi ilə Quba, Tovuz və Lənkəran rayonlarında keçirdiyi tədqiqatın nəticələri bunu göstərir.


Təşkilatın rəhbəri Himayət Rizvanqızı: «Sonradan tələf olmuş 26 uşaqdan 16-da nə doğum, nə də ölüm şəhadətnaməsi olmayıb. Bir fakt var idi ki, bu halda doğum şəhadətnaməsi verilmişdi, ölüm şəhadətnaməsi isə yox. Uşağın valideynləri hətta Səhiyyə Nazirliyinə də müraciət etmişdilər, amma yenə də ölüm şəhadətnaməsi ala bilməmişdilər».


Rizvanqızının sözlərinə görə, uşaq və ana ölümü ilə bağlı statistika reallığı əks etdirmir: «Ən azı ona görə ki, uşaqların doğum və ölüm faktlarının çoxu statistikadan kənarda qalır. Bu halda təbii ki, uşağa doğum şəhadətnaməsi verilmir. Əgər o, bir həftə içərisində tələf olarsa, həm doğum, həm də ölüm şəhadətnaməsindən məhrum olur».


Baş pediatr Nəsib Quliyev ümumiyyətlə, sorğu ilə uşaq ölümü göstəricisini hesablamağın əleyhinədir: «Bu məlumatları mən qeyri-ciddi qəbul edirəm. Çox arzu edərdim ki, bu təşkilatlar rəqəmləri söyləməmişdən qabaq ciddi araşdırma aparsınlar, yoxlasınlar, saysınlar, sonra desinlər».


«Səhəri həkimlərə lazım olan məbləği çatdıra bilmədik…»


2003-cü ildə Bakı sakini Röya hamiləliyinin səkkizinci ayında doğuş ağrıları ilə xəstəxanaya götürülür. Ağrılar gözlənilməz olduğundan xəstəxanaya müşayiətsiz gedən Röya «kimsəsiz xəstə»yə olan münasibətin bütün ağrı-acısını çəkdikdən sonra nəhayət dünyaya bir körpə gətirir: «Körpə dünyaya gəldi, dedilər balacadı. Növbəti gün həmin uşağı aparata qoydular ki, süni nəfəs alsın. Səhəri həkimlərə lazım olan məbləği çatdıra bilmədik, ona görə həmin aparatdan uşağı çıxardılar. Aparatdan çıxarıldıqdan 2 saat sonra uşaq öldü».


Sonra Röyanın həyat yoldaşına dünyaya 9 ayı tamam olmamış gələn körpənin dölcük olduğunu əks etdirən bir ərizə yazdırıblar. Şokda olan ailə uşağın meyidini də götürmədən xəstəxananı tərk edib: «Mənə uşağın ölüm kağızını belə vermədilər. Uşağı orada dünyaya gətirməyim barədə də heç bir kağız vermədilər. Hazırda heç bir şeylə sübut edə bilmirəm ki, 2003-cü il fevralın 13-də mənim oğlum dünyaya gəlib və bir gün sonra ölüb».


«Səhiyyə müəssisələri ölüm şəhadətnamələrinin verilməsində maraqlı olmur»


İstehlakçı Araşdırmalar Mərkəzinin həkim eksperti Faiq Məmmədli deyir ki, uşaq ölümü qeydiyyatının reallıqdan uzaq olmasında valideynlərin səhlənkarlığı da rol oynayır. Amma yeganə faktor uşağının ölümü barədə sənədi tələb etməyən ana və atalar deyil: «Bəzi rayonlarda əgər uşaq ölümü baş verirsə, qeydə alınmır. Səhiyyə müəssisələri də ölüm şəhadətnamələrinin verilməsində maraqlı olmur. Ona görə maraqlı olmurlar ki, uşaq ölümü konkret halda həmin səhiyyə müəssisəsinin mənfi göstəricisi sayılır. Hətta bir neçə il bundan əvvəl uşaq ölümlərinin sayına görə həmin uşaq müəssisəsinin baş həkimi işdən azad olunurdu».


Məmmədlinin sözlərinə görə, Azərbaycanda hamilə qadınların qeydiyyat sisteminin təkmilləşdirilməsinə, eləcə də hamiləliyin nə ilə nəticələnməsi məsələsinin ciddi nəzarət altına alınmasına ehtiyac var.


Lakin bir çox rayonlarda nəinki profilaktik tədbirlərin, hətta təcili tədbirlərin həyata keçirilməsi üçün kadr çatışmazlığı var.


Azərbaycanda hər üç min fertil yaşlı qadına 1 ginekoloq həkim düşür. Bu, keçmiş sovet ölkələri ilə müqayisədə elə də kiçik göstərici deyil. Lakin problem həkimlərin əsasən şəhərdə yaşamasındadır.

Baş pediatr Nəsib Quliyev, 13 noyabr 2007
Şəki rayonunun Baş Göynük kəndinin də əsas problemi həkim qıtlığıdır: «Bizim kəndimiz rayondan 70 kilometr uzaqdır. Kənddə xəstəxana və doğum evi var. Amma ginekoloq həkimimiz yoxdur. Doğuşa hazırlaşan qadınlara mama səviyyəsində yardım olunur».


Şəki kənd qadınlarına yardım ictimai birliyinin sədri Simuzər Babayevanın sözlərinə görə, kənddə həkimdən əlavə, ultrasəs müayinəsi avadanlığı və təcili yardım maşınına da ehtiyac var: «Təcili yardım maşınının olmaması ucbatından bir neçə ana yolda - həkimə çatdırılmamışdan tələf olub. Bir neçə uşaq anadan olandan iki-üç ay sonra onurğa sütununda nəsə problem olub, tələf olublar. Bu, hələlik kəndin səhiyyə vəziyyətinin istənilən səviyyədə olmamasındandır».


May ayında iki ay yarımlıq oğlan nəvəsini itirmiş Bənzər Musayeva da Baş Göynük kəndində yaşayır.


Bənzər Musayeva: «Uşaq çox çətinliklə oldu. Gördüm həkimlər peşmandılar. Dedim nə olub? Dedilər, siz bunu bir cərraha göstərin. Heç ana südü içməmişdən apardım Şəkiyə cərrahiyyəyə. Orda dedilər ki, indi heç nə etmək olmaz. Bu, 23-cü uşaqdır Şəki zonasında belə onurğa yırtığı ilə doğulub. Bütün həkimlərlə də məsləhətləşdik, dedilər, daha ümid yoxdu. Uşaq öldü…»


Bənzər Musayevanın ailəsi uşağın ölümünün qeydiyyatı barədə heç düşünməyib də: «Biz uşaq öldü deyə maraqlanmadıq».


Rəsmi statistika kənd və şəhər yerlərində uşaq ölümü ilə bağlı göstəricilərdə kəskin fərqin olmadığını göstərir. İstehlakçı Araşdırmalar Mərkəzinin həkim eksperti Faiq Məmmədli deyir ki, statistikanın reallığı əks etdirməməsi, kəndin ehtiyaclarının da gözə görünməməsinə gətirib çıxarır.


«Qubanın 123 kəndində heç bir tibb müəssisəsi yoxdur»


Himayət Rizvanqızı da kənd rayonlarında xəstəxanalarla bağlı vəziyyətin acınacaqlı olduğu qənaətindədir: «Binalar çox köhnədir, xidmət üçün yararlı deyil. Bəzi yerlərdə ümumiyyətlə, binanın bir hissəsi uçub. Hansısa salamat qalmış bircə otaq var ki, burda doğuş da qəbul olunur, uşaq da saxlanır. Su kənardan gətirilir, kanalizasiya sistemi yoxdur, antisanitariya var».


«Himayədar» təşkilatının nümayəndələri tədqiqat zamanı körpənin kənd xəstəxanasında soyuqdan donduğu halı ilə də rastlaşıblar.


Himayət Rizvanqızının sözlərinə görə, xüsusilə ucqar kəndlərdə tibb müəssisələrinin olmaması vəziyyəti daha da gərginləşdirir: «Biz müəyyənləşdirmişdik ki, Qubanın 123 kəndində heç bir tibb müəssisəsi yoxdur».


Təşkilatın apardığı araşdırmadan məlum olub ki, Lənkəranda vəziyyət bir qədər yaxşıdır. Burda tibbi müəssisəsi olmayan kəndlərin sayı 44-dür. Qışda dağ kəndlərindəki zahılar ən yaxın tibb müəssisəsinə çatmaq üçün 15 kilometrədək yol qət etməli olur. Məsafə və bundan doğan xərclər bir çox anaları ara həkimlərinin köməyi ilə evdə doğuşa məcbur edir.


«Uşaq ölümünün əsas səbəbi kasıbçılıqdır»


İstehlakçı Araşdırmalar Mərkəzinin həkim eksperti Faiq Məmmədli deyir ki, uşaq ölümünün əsas səbəbi kasıblıqdır: «Uşaq ölümlərinin əksər hissəsi kasıb ailələrdə baş verir. Bunun da əsl səbəbi maddi vəziyyətin aşağı olması üzündən hamilə qadınların vaxtında müayinəyə gedə bilməmələridir. Hərçənd ki, qanunlara və Səhiyyə nazirinin əmrinə görə, bütün hamilə qadınlara göstərilən tibbi xidmət pulsuz olmalıdır. Çox təəssüf ki, bəzi qadın məsləhətxanaları və doğum evlərində qadınlardan pul tələb etmək və başqa neqativ hallar müşahidə olunmaqdadır».


Himayət Rizvanqızı da bu fikirlə razıdır: «Əhali yoxsuldur və ilkin səhiyyə xidməti əksəriyyət üçün əlçatan deyil. Əksər rayonlarda, hətta rayon mərkəzlərinin özündə belə ilkin müayinə üçün lazım olan avadanlığın əksəriyyəti, eyni zamanda uşağın sağlamlıq vəziyyətini müəyyənləşdirən UZİ (ultrasəs müayinəsi) yoxdur. Hətta əgər varsa belə, bunun üçün böyük vəsait tələb olunur».


Baş pediatr Nəsib Quliyev isə deyir ki, ölkədə səhiyyə sisteminin inkişafı istiqamətində ciddi addımlar atılır: «İslahatlar aparılır ki, Azərbaycan səhiyyəsi çox qısa zamanda dünyanın ən inkişaf etmiş ölkələrindəki səhiyyənin səviyyəsi ilə eyni olsun. Bizim aldığımız tibb ləvazimatları, avadanlığı bu gün artıq dünyanın ən inkişaf etmiş ölkələrinin səviyyəsindədir. Mən deyə bilmərəm ki, tam əhatə etmişik, ancaq artıq həmin səviyyəyə gəlib çatmışıq».


BMT Uşaq Fondunun eksperti Namiq Ömərov da səhiyyə xidmətlərinin getdikcə yaxşılaşdığını deyir: «Ümumdünya Səhiyyə Təşkilatının bir çox sübut olunmuş praktikaları artıq Azərbaycanda yavaş-yavaş həyata keçirilməyə başlayır. Bunların nəticəsi, söz yox ki, özünü göstərməlidir».


Himayət Rizvanqızı isə deyir ki, bu sahənin daha böyük diqqətə ehtiyac var: «Beş ildə həyata keçiriləcək ana və uşaqların sağlamlığının mühafizəsi ilə bağlı dövlət proqramına 21 milyon manat ayrılıb. Amma Ziya Bünyadov və Azadlıq prospektinin kəsişdiyi yerdə tikilən körpüyə bir il üçün 39 milyon manat ayrılıb. Bu, yetərlidimi sizcə? İş görmək üçün həm də vəsait lazımdır».


Nəsib Quliyev isə ayrılan vəsaitin qənaətbəxş olduğunu bildirir: «Vaxt olub ki, bütünlükdə Azərbaycan səhiyyəsinə bir ilə 67 milyon vəsait ayrılıb».


«Bizdə hər şey qayda-qanunla, dinamika ilə gedir»


Azərbaycanda uşaq ölümünün əsas səbəbləri üzrə rəsmi statistikada ilk yeri tənəffüs orqanlarının xəstəlikləri tutur. Namiq Ömərov deyir ki, bunun günahını xəstəxanalarda axtarmaq doğru deyil. Valideynlərin bu infeksiyaların simptomlarına əhəmiyyət verməməsi belə halların ölümlə nəticələnməsi ehtimalını yüksəldir: «Respirator xəstəliklər tək Azərbaycanda deyil, bir çox ölkələrdə, xüsusilə də keçmiş sovet respublikalarında əsas səbəbləri təşkil edir. Bu da uşaqların həmin infeksiyalar qarşısında immunitetinin zəif olmasından irəli gəlir. Əlbəttə, bu sahədə qulluğu da yaxşılaşdırmaq, yüksək praktikalara çatdırmaq lazımdır. Bunun başqa bir tərəfi anaların özlərinin uşaqlarına qulluq barədə yaxşı biliklərlə təmin olunmasıdır. Çünki uşağın sağlamlığı təkcə həkimdən asılı deyil, ananın, valideynin ona etdiyi qulluqdan da asılıdır».


Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, Azərbaycanda uşaq ölümünün səbəblərindən biri - anadangəlmə anomaliyalar üzrə göstərici 2005-ci illə müqayisədə 2006-cı ildə iki dəfədən də çox artıb. Nəsib Quliyev bu rəqəmlə də razılaşmır: «Keçən ildən bura nə olub ki, iki dəfə artıb? Allaha şükür ki, biz belə fenomenlərdən uzağıq. Bizdə hər şey qayda-qanunla, dinamika ilə gedir».


Gələn il Səhiyyə Nazirliyi UNİCEF-lə birgə uşaq ölümünün səbəblərinin araşdırılması üzrə tədqiqat keçirəcək: «Biz istəyirik öz rəqəmlərimizi bir daha çıxaraq, beynəlxalq təşkilatların nümayəndələri də orada iştirak etsin, özləri də görsünlər ki, reallıq nədir. Başqa məqsədimiz yoxdur».


Pediatriya İnstitutu, 13 noyabr 2007
Namiq Ömərovsa bu sorğunun problemin həllinə yardımçı olacağını deyir: «Bilirsiniz, uşaq ölümünü gizlətmək elə də asan deyil. Səhiyyə Nazirliyinin özü də maraqlıdır ki, real rəqəmləri görsün və onların əsasında lazım olan tədbirləri həyata keçirsin. Çünki real mənzərəni bilmədən səbəbləri araşdırmaq çətindir».


«İndi dursaydı, 2 yaşı olardı…»


Mingəçevirdə 10 nömrəli məktəbdə qaçqın həyatı sürən Dilarə isə 2005-ci ildə şəhər xəstəxanasında dünyaya gətirdiyi uşağın doğulan kimi ölməsinin səbəblərini bu günə kimi tapa bilmir: «Uşaq olanda, azca səsi çıxdı, tez kürəyinə döyəclədilər, «trubka» istədi həkim. Mən də əyildim ki, baxam, qoymadılar. Sonra eşitdim ki, uşaq ölüb. Həkimə dedim ki, sən mənə deyərdin də, ölü doğacaqsan. «Trubka» ilə yoxlayardın ki, sənin uşağın ölü doğulacaq. «Biz eləməmişik ha» deyir. Həmin gün də neçə uşaq öldü. Nə bilim, yadıma düşəndə havalanıram. Danışa bilmirəm. İndi dursaydı, 2 yaşı olardı…»


Dilarənin də dünyaya uşaq gətirməsinə dair əlində heç bir sənəd yoxdur: «Hamilə vaxtı uçota düşməmişdim, amma hər ay həkim məni yoxlayırdı. Mikrobum vardı, ondan müalicə alırdım. Doğuşdan qabaq bütün o kağızların hamısını aparıb vermişdim. İndi deyirəm ki, sən mənim kağızlarımı qaytar özümə, gedim, məni müalicə edən həkimin boğazından yapışım. Deyir ki, mən nə bilim sənin kağızların hardadır, itirmişəm. Mənə bir kağız vermədilər ki, sən doğdun, indi də öldü».


Nəsib Quliyev Röya, Dilarə və bir çox başqa anaların körpələrinin ölümünün uçotdan yayınmasını kütləvi hal hesab etmir: «Səhiyyə Nazirliyindən daxil olmuş rəqəmlər hamısı mütləq rəqəmlərdir. O rəqəmlərdə deformasiya, nəzərdən qaçma 10 -25 faiz ola bilər, bundan artıq yox».


Baş pediatr deyir ki, uşaq ölümünün azaldılması ilə bağlı ciddi işlər görülür və bu proses dövlət başçısının və Səhiyyə nazirinin birbaşa nəzarəti altındadır.


İdrak Abbasovun söhbət açdığı daha bir tarixçə isə bəzən dövlət siyasətinin deyil, insan faktorunun böyük rol oynadığını göstərir: «Mənim uşağım tələf olandan bir neçə gün sonra bizim qohumumuz 11 aylıq uşağını aparıb xəstəxanaya. Kasıbın biridi. Deyiblər ki, qarantiya vermirik, uşaq öləcək. Bu da uşağı qaytarıb. Sonra mənə zəng etdilər ki, uşaq hələ ölməyib. Yenidən gecə ilə qaytarmışam xəstəxanaya. Özüm gedib, tapşırmışam. Şükür Allaha ki, ölü hesab etdikləri uşağı sağaltdılar. Sağ olsunlar, əziyyət çəkdilər, bir manat pul da almadılar. İndi uşaq sap-sağlamdır. Gərək hökmən hansısa bir jurnalist, ya kiminsə qohumu, yaxını olmalıdır ki, bunu etsinlər? Kimsə hay-küy salmalıdır? Deməli, buna imkan var də. Şükür Allaha tibb az-çox inkişaf edib, az-çox pulumuz var, Kürün məcrasını dəyişən, beşmərtəbəli körpü tikən bir ölkə üçün səhiyyəyə pul ayırmaq da problem deyil…»


Bir il bundan əvvəl Azərbaycan «Uşaqları xilas edək 2015» beynəlxalq proqramına qoşulub. Nəsib Quliyev deyir ki, məqsəd 2015-ci ilə kimi Azərbaycanda doğulub ölən uşaqların sayının 3 dəfə azalmasına nail olmaqdır. Bu məqsədlə ölkənin 7 regionunda perinatal mərkəzlər də yaradılıb.


Bu ilin proqnozlarına görə, 2007-ci ildə Azərbaycanda 160 min körpənin dünyaya gəlməsi gözlənir. İdrak Abbasov bu körpələrin valideynlərinə özünün üzləşdiyi çətinliklərlə üzləşməməyi arzulayır: «Səhiyyə naziri istəsə yaxşı nizam-intizam yarada bilər. Hökumətimiz istəsə, həkimlərin də maaşını polisin, digərlərinin maaşları kimi yüksək edə bilər. Əgər həkim iş yerinə bazar gözü ilə baxmasa, peşəkarcasına yanaşsa, belə problemlər olmayacaq. Onda evdə də doğuşlar olmayacaq, analar da vaxtlı-vaxtında gedib qeydiyyata düşəcəklər, uşaqları da ölməyəcək».


XS
SM
MD
LG