Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:38

Yeni qəbiristanlıqda hamı «bərabər» olacaq


Bakıda bir qəbir yerinin qiyməti 500 dollardan 5-10 min dollara qədər dəyişir
Bakıda bir qəbir yerinin qiyməti 500 dollardan 5-10 min dollara qədər dəyişir

Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov paytaxt qəbiristanlıqlarında səliqə-sahman yaratmaq məqsədilə sərəncam verib. Sərəncamda diqqət çəkən məqamlardan biri budur ki, paytaxt yaxınlığında üç qəbiristanlıq yaradılacaq.


Bundan başqa, sərəncamda Azərbaycan üçün yeni məqamlar da var. Yeni qəbiristanlıqdakı başdaşıları vahid qaydada hazırlanmalı, təmtəraqlı abidələr ucaldılmamalı, hər kəsə vahid qaydada torpaq ayrılmalıdır. Bu məqsədlə komissiya da yaradılıb.


Bələdiyyələr üzrə ekspert Vüqar Tofiqli deyir ki, sərəncamın faydalı olması üçün ilk növbədə, konkret işlək mexanizm yaradılmalı, bunun üçünsə istək olmalıdır: «Onu tamamlayan sənədlər olmalıdır... Paytaxtda qəbir yerlərinin satılması və ya bunun üçün verilən böyük miqdarda rüşvətin qarşısı alınmalıdır... ».


Bu gün Bakıda bir qəbir yerinin qiyməti 500 dollardan tutmuş yerindən asılı olaraq 5-10 min dollara qədər dəyişir. Bəzən isə mərhumun qohumları qəbrin yaxınlığında bir neçə kvadratmetr ərazini də alırlar. Bu da başqalarının narazılığına səbəb olur. Bakı sakini Rəsul Əliyev: «500 dollarlıq, 100 dollarıq yer var. Bahadır…»


Bəs icra başçısının sərəncamı qəbir yerlərinin satılmasına son qoyacaqmı? Bu haqda paytaxt sakinləri belə düşünürlər:


- Təsiri olmayacaq.


- Bu qərara bir neçə aspektdən yanaşmaq olar. Şəhərin mərkəzində bir adam bir neçə yer götürür, bəzilərinin imkanı çatmır. Bir də sərəncamda güdülən məqsəd nədir, o bilinmir.


- Qərarla deyil axı. Onu təmin etmək lazımdır. Bu isə sualdır.


- Çətin təsir edər.


- Yaxşı olardı, qəbirə görə pul almaq düz deyil…


- İcrası maraqlıdır. Bəlkə, hər rəhmətə gedənə görə konkret yer ayrılsa, düz olardı…


- Məncə, rüşvətin qarşısını almaq mümkün olmayacaq…


Yeni yaradılan komissiyanın üzvü Əflatun Amaşov isə bu sahədə anlaşılmazlıqların, qarışıqlığın olduğunu, qəbir yerlərinin pula satıldığını deyir. Onun qənaətincə, komissiya da bunun qarşısını almaqdan ötrü yaradılıb. Cənab Amaşov bundan sonra həmin yerlərin pulsuz veriləcəyini düşünür: «Yəqin ki, həmin sahə pulsuz veriləcək. Hərc-mərcliklər aradan qalxa bilər».


İcra başçısının sərəncamında maraq kəsb edən ikinci məsələ başdaşılarının vahid üslubda hazırlanması və təmtəraqlı abidələrin qoyulmaması ilə bağlıdır.


Bakıdakı «Hacı Soltanəli» Məscidinin axundunun müavini Mürşüd Orucəliyev bu addımı müsbət dəyərləndirir. O deyir ki, islama görə, qəbir torpaqdan dörd barmaq hündür olmalıdır, zamanla qəbir torpağa qarışmalıdır:


«Qəbrin üstündə sadə nişangah olmalıdır. Amma görürsən, 100-200 min dollar xərc çəkirlər, boş şeylərdir…»


Amma söhbətləşdiyim paytaxt sakinləri bu məsələdə yekdil rəydə deyillər. Bu onlar üçün həssas məsələdir və bəziləri bununla razılaşırsa, bəziləri hökumətin bu işə qarışmasını məqbul saymır:


- Mən müsbət baxıram. Həddən artıq şan-şöhrət lazım deyil. Dinimizə ziddir.


- Mən də razıyam. Azərbaycanda hamı var-dövlətini göstərmək istəyir. Məhdudlaşdırmanın tərəfdarıyam.


- Onların ixtiyarı yoxdur. Bu, hər kəsin öz seçimidir.


- Vahid qaydada yaxşı olardı.


- Bu, tövsiyə ola bilər. Buna qadağa qoymaq olmaz. Konstitusiyaya ziddir.


- Kimin pulu varsa, düzüb-qoşacaq. Kim onun işinə qarışacaq? Bir də bu, hamının şəxsi işidir...


Komissiya üzvü Əflatun Amaşov isə bu qərarın – qəbirlərin standart olması təklifinin narazılıq yaradacağını düşünmür. Onun fikrincə, vahid qayda tətbiq olunarsa, hamı buna əməl etməli olacaq: «Qəbiristanlıqlar salınması dövlətin işidir. Bir nəfər öz yaxınını bağda dəfn etsə, bu, onun işi deyil. ABŞ-da, Avropada, Türkiyədə qəbirlər cərgə ilə salınır, bir-birindən fərqlənmir. Belə təcrübənin Azərbaycanda yeni qəbiristanlıqlarda tətbiqi gözlənir. Hələ ki, söhbət gedir».


Ekspert Vüqar Tofiqli bu məsələdə hər iki tərəfə haqq qazandırır. Amma hesab edir ki, getdikcə təbəqələşmənin kəskinləşdiyi Azərbaycanda vətəndaşlar bir-birlərinə güzəştə getməyi bacarmalıdırlar. Çünki, bəzən el töhmətindən qorxan və ya yaxınını itirən kasıb-kusub da təsəlli üçün vadar olur ki, dəbdəbəli qəbir abidələri ucaltsın. Bu isə onların borca düşməsinə, müflisləşməsinə səbəb olur.


Hələ ki, komissiya yeni yaradılıb və cəmi bir dəfə toplanıb. Onun təklifləri necə həyata keçirəcəyi, vətəndaşlarla necə kompromisə gedəcəyi yaxın zamanda bəlli olacaq…


XS
SM
MD
LG