Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:53

İl də dəyişir, qiymətlər də...


Azərbaycanda müəyyən malların və xidmətlərin qiyməti dünya qiymətlərini keçib
Azərbaycanda müəyyən malların və xidmətlərin qiyməti dünya qiymətlərini keçib

İqtisadiyyatla siyasətin əlaqəsi, iqtisadiyyatın siyasətə təsiri haqqında çox danışılır. Amma əksər hallarda bu əlaqə bəsit və birtərəfli qaydada yozulur. Bu cür söhbətlərin konkret məkanı əhatə etməməsi bir tərəfə, daha çox belə fərz edilir ki, iqtisadiyyat siyasətə ancaq böhranlı hallarda təsir edir. Əslində isə siyasət bütün hallarda öz üzərində iqtisadiyyatın təsirini hiss edir. Bu təsiri birmənalı şəkildə müəyyənləşdirmək çətindir. Əvvəllər belə iddia edilirdi ki, iqtisadi problemlər, bahalıq, işsizlik solçu təmayülləri gücləndirir, elektoratı siyasi spektrin soluna istiqamətləndirir. Normal iqtisadiyyat isə əksinə sağçı islahatların daha da dərinləşməsini israr edir. Amma sosial böhranlar yaşanan dövrlər də olub və bu situasiyadan çıxmaq üçün əksər dövlətlər solçu iqtisadiyyata deyil, liberal islahatlara müraciət edib.


İqtisadiyyatın siyasətə təsiri özünü ən azı onda göstərir ki, cəmiyyət ölkədə aparılan iqtisadi siyasətə periodik olaraq keçirilən seçkilərdə qiymət verir. İqtisadiyyat bilavasitə elektoratın differensasiyasına təsir edir – insanlar onun təsirindən asılı olaraq siyasətdə sağa və ya sola meyl edirlər.


Azərbaycanda təəssüf ki, bu tendensiyaları dəqiq araşdırmaq mümkün deyil. Ona görə də iqtisadi və siyasi təhlillər daha çox fərziyyə və model xarakteri daşıyır. Səbəb də budur ki, həm iqtisadiyyatda, həm də siyasətdə liberal dəyərlərin ancaq elementlərini müşahidə etmək olar. İqtisadiyyat məhdud rəqabətə söykənən inhisarçı nomenklatura iqtisadiyyatıdır, siyasət isə azad deyil.


İndi ilin sonudur. Əslində bu dövr proqnozlar dövrü olmalıdır. Amma bu, müşahidə edilmir. Növbəti il iqtisadi baxımdan necə olacaq? Qiymət artımı davam edəcəkmi? Bunlar sosial proseslərə necə təsir edəcək? Bu sualların dəqiq cavabı yoxdur. Əski sovetlər vaxtında olduğu kimi iqtisadi proqnozlar ancaq statistik rəqəmlər şəklində təqdim edilir, amma həyat isə başqa şey göstərir. Hətta bəzi iqtisadçıların fikirlərinə görə, Azərbaycan artıq «holland sindromu»na daxil olub. Bununla mübahisə etmək olar, amma bir detal əvvəldən aydın idi ki, neftin dünya bazarında qiymətinin artması və bunun nəticəsində neft gəlirlərinin çoxalması son anda ölkə iqtisadiyyatına heç də müsbət təsir göstərməyəcək. Neft ikibaşlı çubuq kimidir – gəlir artırsa, xərclər də çoxalır. Hökumət isə ziddiyyətli iqtisadi siyasət aparmaqda davam edir – bir tərəfdən, bəzi qiymətləri artırır, o biri tərəfdən də digər qiymətləri inzibati qaydada tənzimləməyə cəhd edir. Nəticədə nə baş verir? Bazarın öz qanunları var və bu qanunların nəticəsində qiymətlər durmadan artır.


2007-ci ilin əvvəlini azərbaycanlılar böyük qiymət artımı ilə qarşıladılar. Düzdür, sosial etirazlar müşahidə olunmadı. Amma dünyanın heç bir yerində insanlar qiymət artımını məmnunluqla qarşılamırlar, əhali qiymət artımından həmişə narazı qalır. Bəs seçki ili olan 2008-ci ildə necə olacaq? Hökumətin proqnozlarına görə, ciddi artım baş verməyəcək. Amma bu proqnozlar reallığı əks etdirmir. Bəzi təhlillərə görə, Azərbaycanda müəyyən malların və xidmətlərin qiyməti artıq dünya qiymətlərini keçib. Güman etmək olardı ki, üzümüzə gələn il seçki ilidir, elə bu səbəbdən qiymət artımı baş verməyəcək. Amma burada bir ziddiyyətli məqam var. Seçki hökuməti məcbur edəcək ki, müəyyən sosial proqramlar həyata keçirsin, maaşları, təqaüdləri qismən də olsa artırsın. Məhz bu məqam qiymətlərin artımına səbəb olacaq, çünki Azərbaycanda liberal bazar formalaşmayıb, inhisarçılıq cilovlanmır. Əhalinin gəlirlərinin azacıq artması bir qayda olaraq xərclərin böyük artımı ilə müşahidə olunur. Ən çox narahatlıq yaradan detal budur ki, bu prosesin sonu görünmür. Bu da təbiidir. Ona görə ki, proses o halda dayana bilərdi ki, ciddi iqtisadi islahatlar aparılsın, ən başlıcası inhisarçılığa son qoyulsun. Amma Azərbaycanda iqtisadi islahatlar, inhisarçılıq haqqında ildə bir dəfə xatırlayırlar – növbəti il üçün dövlət büdcəsi müzakirə olunanda. Digər vaxtlarda hökumət daha çox cari məsələlərlə məşğul olur.


Beləliklə, Azərbaycanda il ilə birlikdə iqtisadiyyatın ən əsas göstəricilərindən biri – qiymətlər də dəyişir. İnsanların buna reaksiyası hələki mikro-psixoloji xarakter daşıyır – məsələ ilə bağlı narazılıq ancaq kiçik qruplarda izhar edilir. Amma daha böyük barometr irəlidədir. Bu da 2008-ci ilin seçkiləridir. İqtisadiyyat əsl qiymətini seçki vaxtı alacaq. Seçki isə elə prosesdir ki, onun necə keçirilməsindən asılı olmayaraq obyektiv tendensiyanı hiss etmək həmişə mümkündür.


XS
SM
MD
LG