Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:29

Azərbaycan mətbuatı dirçələ bilərmi?


Senzurasız şərait hələ tam sərbəstlik demək deyil
Senzurasız şərait hələ tam sərbəstlik demək deyil

Demokratik cəmiyyətin əsas atributlarından olan azad mətbuatın vəziyyəti normal ölkələrdə həmişə diqqət mərkəzində olur, çünki söz və mətbuat azadlığı bütün digər azadlıqların təməli hesab edilir. Keçid dövrü yaşayan yeni demokratiyalarda isə vəziyyət bir qədər fərqli olur, hakimiyyətlə azad mətbuat arasında həmişə ixtilaflar müşahidə olunur. Azərbaycan sonuncu sıraya aiddir, baxmayaraq ki, «keçid dövrü» ifadəsi artıq Yeni Yaranmış Müstəqil Dövlətlərə tətbiqən bir qədər uğursuz səslənir. Ona görə ki, bu ölkələrin müstəqillik təcrübəsi artıq on illərlə ölçülür. Təxminən iki on illiyi əhatə edən müstəqillik dövrü ərzində ən azı elementar azadlıqlara dönməz məzmun vermək olardı.


Müstəqil Azərbaycan mətbuatının tarixi artıq 20 ilə yaxınlaşır. Maraqlıdır ki, bu 20 ilin 10 ilini mətbuat senzurasız şəraitdə fəaliyyət göstərir. Amma senzurasız şərait hələ tam sərbəstlik demək deyil. Düzdür, ötən dövr ərzində mətbuat orqanlarının yaradılması və fəaliyyətə başlaması prosedurları xeyli liberallaşdırılıb, ölkədə yüzlərlə mətbuat orqanı qeydiyyatdan keçib. Təsadüfi deyil ki, dövlət məmurları azad və müstəqil mətbuatdan danışanda həmişə bu faktı diqqətə gətirirlər. Amma qəzetlərin çoxluğu hələ mətbuatın azadlığına dəlalət etmir. Bəzi avtoritar ölkələrdə onlarla qəzet fəaliyyət göstərir. Amma bu, hələ o demək deyil ki, həmin ölkələr azaddır və onların mətbuatı sərbəstdir. Azərbaycanda mətbuatla bağlı yaranmış vəziyyət çox maraqlıdır; azad söz demək mümkündür, amma buna görə üzücü məhkəmə proseslərində cavab vermək lazım gəlir. Bu baxımdan 2007-ci il xüsusilə diqqət çəkdi. Həbs edilmiş jurnalistlərin sayı rekord həddə çatdı. Düzdür, sonradan onların bir qismi əfv edildi, amma bir neçə jurnalist hələ də həbsdədir.


İndi mətbuatın inkişafı ilə bağlı müxtəlif fikirlər səslənir, layihələr gündəliyə gətirilir. Mətbuat Şurası bununla bağlı hətta xüsusi proqram da hazırlayıb. Ümid edilir ki, seçki ilində - 2008-ci ildə siyasi atmosfer qismən də olsa liberallaşacaq və hakimiyyət mətbuata yardım edəcək. Amma mətbuata yardımı iki qrupa bölmək olar; iqtisadi və siyasi dəstək. Bu anlayışlar leksik cəhətdən biri - birindən fərqlənsə də, biri - birilə sıx bağlıdır. Mətbuatın iqtisadi durumu ölkədəki siyasətin nəticəsidir. Azad iqtisadi və siyasi mühitin olmaması nəticəsində mətbuat indiki vəziyyətə gəlib çıxıb. Faktiki olaraq bir neçə qəzet gündəlik fəaliyyət göstərə bilir. Onların da tirajı xeyli aşağıdır. Prinsipcə, müstəqil mətbuatın tirajının aşağı düşməsi əvvəlcədən proqnozlaşdırılırdı. Bunun elektron informasiya vasitələrinin və internetin fəaliyyəti nəticəsində baş verəcəyi güman edilirdi. Amma indiki vəziyyət bu amillərin nəticəsində yaranmayıb. Əksinə elektron informasiya vasitələri ilə bağlı ölkədə yaranmış vəziyyət mətbuata marağı daha da artırır. İnsanlar artıq daha çox və ətraflı məlumat almaq üçün mətbuata müraciət edirlər. Amma əhalinin alıcılıq qabiliyyəti və qəzetlərin satış qiyməti aşağı olduğundan bu amil mətbuat üçün iqtisadi dəstəyə çevrilmir. Hazırda mətbuat adamları və müstəqil mütəxəssislər mətbuatın vəziyyətini acınacaqlı hal kimi qiymətləndirirlər. Ən çox problem yaradan amil mətbuat və məmur münasibətləri hesab edilir. Məmurların mətbuata münasibəti çox ziddiyyətlidir. Onlar bir tərəfdən yerli mətbuatı ciddi amil kimi qəbul etmirlər, ona informasiya və müsahibə vermək istəmirlər. Digər tərəfdən də mətbuatı daim təzyiq altında saxlayır, ən kiçik detala görə məhkəməyə müraciət edir, qəzetlərin bağlanmasını və jurnalistlərin həbs edilməsini tələb edirlər. Beləcə, yerli mətbuat bir tərəfdən əhəmiyyətsiz amil kimi gözdən salınır, o biri tərəfdən daim təzyiq altında saxlanır.


Bəs Azərbaycanda azad və müstəqil mətbuatın dirçəlməsi mümkündürmü?


Yaxın dövrlərdə belə bir dirçəlişin baş verəcəyi az ehtimal olunur. Hətta əhalinin alıcılıq qabiliyyətində son illərdə baş verən dəyişikliklər belə mətbuatın vəziyyətinə hiss olunacaq dərəcədə təsir göstərmir. Qəzetlərin qiyməti digər malların və xidmətlərin qiyməti ilə müqayisədə xeyli aşağıdır.


Amma əsas gəlir mənbəyi - reklam bazarı formalaşmadığından mətbuat həm də biznesə çevrilə bilmir. Elə bu səbəbdən Azərbaycanda mətbuatın dirçəlişi hətta ən optimist proqnozlarda belə səslənmir. Əksinə mətbuat getdikcə daha çox mənəvi etiraz aksiyası formasını alır. Ölkədə mətbuata qarşı siyasətin liberallaşmaması sonuncunu müxalifət tribunasına çevirir.


Müstəqil müşahidəçilər, mətbuat üzrə mütəxəssislər yaxın dövrlərdə bu tendensiyanın davam edəcəyini proqnozlaşdırırlar. Mətbuatın gələcəyini isə heç kim proqnozlaşdırmaq iqtidarında deyil - hətta on illərlə ömrünü bu işə həsr edənlər belə.


XS
SM
MD
LG