Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:53

«Xəzərin statusu «Transxəzər»ə təsir edə bilməz»


Xələf Xələfov: «Azərbaycan öz rolunu oynamağa hazırdır»
Xələf Xələfov: «Azərbaycan öz rolunu oynamağa hazırdır»

Azərbaycan hesab edir ki, Xəzərin statusunun müəyyən olunmaması «Transxəzər» layihələrinə heç bir təsir göstərə bilməz.


Bunu «Azadlıq» radiosuna müsahibəsində Xarici İşlər nazirinin (XİN) müavini Xələf Xələfov bildirib.


ABŞ və Avropa Birliyi (AB) Avropanın enerji mənbələrinin diversifikasiyasını təmin etmək üçün Orta Asiya neft-qazının Xəzər dənizi vasitəsi ilə nəqlini təklif edir. Rusiya və İran isə buna qarşıdır, hər iki ölkə dənizin statusunun müəyyənləşmədiyini bildirir.


Xələf Xələfov: «Belə layihələrin həyata keçirilməsi bu gün onları reallaşdırmaq istəyən dövlətlərin öz hüququdur. İkinci tərəfdən, dənizin statusunun qəbul olunmaması bu hüquqların həyata keçirilməsini məhdudlaşdırmır. Üçüncüsü, su hövzələrinin altından boru kəmərlərinin çəkilməsi sahəsində dünya təcrübəsi var. Bu təcrübə imkan verir ki, belə layihələr əgər irəli sürülərsə, onların həyata keçirilməsi mümkün olsun».


XİN rəsmisi onu da vurğulayıb ki, Azərbaycan alternativ enerji xətlərinə tərəfdar olsa da, «Transxəzər» layihəsinin təşəbbüsçüsü kimi çıxış edə bilməz. Belə addımı bu kəmərlə neft-qaz ehtiyatlarını ixrac etmək istəyən ölkələr atmalıdırlar:


«Bu olarsa, Azərbaycan öz rolunu oynamağa hazırdır».


Nazir müavini onu da bildirib ki, Bakı ilə Aşqabad orta xətt prinsipi üzrə Xəzəri bölüşdürməyə yaxındırlar. İki ölkənin ekspertləri fevralın birinci yarısında Bakıda görüşəcək. İranla danışıqlarda isə kondominimum prinsipi müzakirə olunmur. Sahilyanı ölkələrin beştərəfli səviyyədə növbəti danışıqları yaz-yay aylarında Tehranda keçiriləcək.


İran Xəzərin beş bərabər hissəyə bölünməsini istəyir. Azərbaycan, Rusiya və Qazaxıstan arasında isə dənizin dibinin bölgüsü, səthinin isə ümumi istifadəsi ilə bağlı razılaşma var.


XS
SM
MD
LG