Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:34

Nəticəsi əvvəlcədən məlum olan seçki


Ekspertlər hesab edir ki, Ermənistanda seçki kampaniyası olduqca sönük keçir
Ekspertlər hesab edir ki, Ermənistanda seçki kampaniyası olduqca sönük keçir

İndi diqqət mərkəzində olan proseslərdən biri də Ermənistanda keçiriləcək prezident seçkisidir. Sözsüz ki, bu proses Gürcüstandakı prezident seçkisi qədər maraq kəsb etmir. Gürcüstan Ermənistanla müqayisədə daha maraqlı və mürəkkəb situasiya yaşayırdı. Buradakı fikir müxtəlifliyi, geosiyasi durum Ermənistandakından xeyli fərqli idi.


Gürcüstandakı seçkinin nəticəsi çox şeyi dəyişə bilərdi. Amma bütün bunları Ermənistan haqqında demək olmur. Ermənistandakı seçki özünün geosiyasi determinizmi ilə diqqəti cəlb edir. Seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq Ermənistan Rusiyanın maraq dairəsində qalmaqda davam edəcək. Seçkiyə qatılan namizədlərdən heç biri, o cümlədən də sabiq prezident Levon Ter-Petrosyan fərqli geosiyasi düşərgəni təmsil etmir. İndidən aydındır ki, Ermənistandakı seçki Cənubi Qafqazdakı geosiyasi mənzərəyə heç bir yeni çalar gətirməyəcək. Elə bu səbəbdən də bu seçkini nəticəsi irəlicədən bəlli olan seçki adlandırmaq olar.


Amma bütün bunlara baxmayaraq analitiklər seçkini bir neçə aspektdən araşdırmaqda davam edirlər. Bunun bir səbəbi ölkənin daxili demokratiya potensialını müəyyən etməkdir. Artıq indidən hiss olunur ki, seçki prosesi daxili demokratizmi ilə diqqəti cəlb etməyəcək. Böyük inzibati resurslara malik olan hakimiyyət partiyası çox güman ki, seçkini udacaq. Ancaq bu prosesdə maraqlı bir detal var. Bu da qeyri-demokratik şəraitdə demokratik mübarizə aparmaq təcrübəsidir.


Seçki nəticəsində Ermənistanda prinsipcə üç aspektdən dəyişiklik baş verə bilərdi. Birincisi, ölkənin daxili siyasətidir. İkincisi, regional siyasətdir. Üçüncüsü, isə geosiyasi təmayüldür

Bu tendensiya özünü daha çox sabiq prezident Levon Ter- Petrosyanın davranışında hiss etdirir. Ter-Petrosyan seçki ərəfəsindəki şəraitin əlverişsiz və qeyri-demokratik olmasına baxmayaraq seçki kampaniyasını inadla davam etdirir. Elə müxalif namizədlər arasında da ən çox fərqlənən odur. Digər namizədlərin seçki kampaniyası müqayisədə çox sönük keçir. Amma son nəticəni geosiyasi resurslar həll edəcək. Bu isə o deməkdir ki, Ermənistanda Rusiyanın dəstəklədiyi namizəd hakimiyyətə gələcək. Prinsipcə, Rusiya seçimini dəyişə, başqa bir namizədi müdafiə edə bilər. Hətta rusiyalı analitiklər belə bir perspektivi inkar etmirlər. Amma bunun üçün ciddi siyasi əsaslar olmalıdır. İndiki siyasi elita Rusiyanın tələblərinə cavab verir. Rusiyanın bu elitadan imtina etməsi üçün çox tutarlı arqumentlər olmalıdır. Belə arqumentlər varmı? Hər halda təcrübədə onların mövcudluğu hiss olunmur. Ermənistan Rusiyanın onun üçün ayırdığı missiyanı davam etdirir. Ermənistandan nə tələb olunur? Bu ölkə Rusiya üçün bölgədə dəstək rolunu oynamalıdır ki, Rusiya bölgədəki proseslərə müdaxilə etmək üçün bu dəstəkdən faydalana bilsin. Daha çox Rusiyanın siyasi əyaləti rolunu oynayan bu ölkə Qərbə ciddi inteqrasiya haqqında nəinki fikirləşmir, hətta digər respublikaları da müxtəlif üsullarla bu niyyətlərdən çəkindirməyə çalışır.


Seçki nəticəsində prinsipcə üç aspektdən dəyişiklik baş verə bilərdi. Birincisi, ölkənin daxili siyasətidir. İkincisi, regional siyasətdir. Üçüncüsü, isə geosiyasi təmayüldür. Bu dəyişikliklərin iki istiqaməti dondurulub. Qalır bircə istiqamət-ölkə daxilindəki siyasət . Amma bu, Rusiya üçün ən maraqsız sferadır. Belarusu özünün əsas müttəfiqlərindən biri hesab edən Rusiya üçün Ermənistanda demokratiyanı inkişaf etdirmək bir o qədər də maraqlı missiya deyil. Üstəlik, Rusiyanın özünün daxili demokratiya məsələləri qaydasında deyil. Prezident seçkisinə çox az vaxt qalmasına baxmayaraq bu ölkədə seçki atmosferi hiss olunmur. Artıq indidən kimin prezident olaccağı məlumdur. Belə olan təqdirdə Ermənistanda demokratiya haqqında danışmağa dəyərmi?


Ümumiyyətlə, Rusiya üçün əməkdaşlıq etdiyi ölkələrdə demokratiyanın vəziyyəti heç vaxt maraq kəsb etməyib. Elə bu səbəbdən bir çox keçmiş sovet respublikaları da öz inkişaflarında Rusiyaya tərəf istiqamətlənməyə meyl göstərirlər. Rusiya onlar üçün həm də təmsil etdikləri hakimiyyətin maraqlarını müdafiə etmək üçün gözəl vasitədir. Qərb tərəfdən təzyiqə məruz qalanda onlar istiqaməti Rusiyaya tərəf dəyişirlər. Bu tendensiya özünü Ermənistanda da hiss etdirir.


Rusiyanın «forpostu» kimi qalmaqla Ermənistan təkcə milli maraqlarını yox, həm də müəyyən siyasi elitanın maraqlarını təmin edir. Bəzən hətta nəyin-milli, yoxsa hakimiyyət maraqların üstünlük təşkil etdiyini müəyyənləşdirmək belə çətin olur.


XS
SM
MD
LG