Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:53

Rusiya GUAM-ı parçalaya biləcəkmi?


Müşahidəçiləri bir sual düşündürür: Rusiya GUAM-ı parçalaya bilərmi?
Müşahidəçiləri bir sual düşündürür: Rusiya GUAM-ı parçalaya bilərmi?

Aprelin əvvəlində Buxarestdə keçiriləcək növbəti NATO sammitindən ciddi hadisələr gözlənilməsə də, Rusiyanın təşəbbüsü ilə MDB məkanında maraqlı hadisələr cərəyan edir. Rusiya Dövlət Dumasında MDB ərazisindəki tanınmamış respublikaların problemləri müzakirə olunur, Moldova NATO-ya daxil olmamağın və GUAM-dan çıxmağın müqabilində Rusiyadan Dnestryanı münaqişənin həll olunmasını xahiş edir. Halbuki indidən məlumdur ki, Buxarest sammitində Ukrayna və Gürcüstana «yox» deyiləcək.


Artıq Almaniyanın kansleri A.Merkel Ukraynanın və Gürcüstanın NATO-ya üzv qəbul olunmasının əleyhinə olduğunu bildirib. Prosedurlara görə, yeni üzvlərin qəbulu üçün bütün alyans üzvlərinin razılığı lazımdır. Amma bu, Rusiyanı qane etmir. Rusiyanın NATO-dakı təmsilçisi maraqlı bəyanatla çıxış edir: «Gürcüstan qoy NATO-ya Abxaziya və Cənubi Osetiyasız qəbul olunsun!». Bu, çox ciddi xəbərdarlıqdır. Moldovanın bəyanatı isə vəziyyəti bir qədər də mürəkkəbləşdirir. Müşahidəçiləri bir sual düşündürür: Rusiya GUAM-ı parçalaya bilərmi?


1997-ci ildə yaradılan bu təşkilat haqqında çox danışmaq olar. Onun ötən müddət ərzindəki fəaliyyətini müsbət qiymətləndirmək də olar, bunu tənqid etmək də. GUAM yarananda öz qarşısına fövqəl problemlər qoymamışdı, baxmayaraq ki, çoxu onu MDB-yə alternativ kimi görürdü. Sözsüz ki, GUAM MDB-yə alternativ ola bilmədi. Amma onun yaranması Rusiya üçün bir siqnal idi. Rusiya ilə birlikdə öz problemlərinin həllini tapmayan respublikalar bunu öz aralarında etməyə cəhd göstərdilər. Bu müddət ərzində GUAM-ın fəaliyyətində ən böyük nailiyyət dondurulmuş münaqişələrin müzakirəsi və bu məsələnin BMT çərçivəsinə çıxarılması oldu.



Moldovanın siyasətində ziddiyyətlər çoxdur. İndiki hakimiyyət NATO-dan və GUAM-dan üz çevirməyə hazır olduğunu bildirir. Amma bu ölkənin digər siyasi qüvvələri başqa cür düşünür, hətta Moldovanın Rumıniya ilə birləşməsinə səsləyirlər

Demək olmaz ki, bununla problemlər öz həllini tapdı. Amma bu, bir cəhd idi və ən azı təbliğat baxımından əhəmiyyət kəsb edirdi.


İndi Moldovanın bəyanatı düşünmək üçün əsaslar yaradır. Hərçənd bu ölkə hələ digər GUAM üzvlərinə bununla bağlı hər hansı müraciət ünvanlamayıb.


Moldovanın GUAM-ı parçalaya bilməsinə gəldikdə isə Özbəkistanı yada salmaq kifayətdir. Özbəkistan da bir vaxtlar bu qurumun üzvü idi. Amma sonradan onun sıralarını tərk etdi. Amma bununla GUAM tamamilə siyasi səhnədən silinmədi. Eyni sözləri Moldova haqqında da demək olar. Moldovanın GUAM-dan çıxması bu qurumdakı dövlətlərin sayını azalda bilsə də, onu tam iflasa uğrada bilməz, çünki digər üç GUAM üzvü arasında çox üzvi əlaqələr yaranıb. Azərbaycanın, Ukraynanın və Gürcüstanın biri-birinə ehtiyacı çoxdur. Bu üç ölkə arasında əsl siyasi anlaşma var. Bu anlaşma təkcə enerji məsələlərini əhatə etmir. Üstəlik, GUAM üzvü olmaq böyük öhdəliklər daşımaq deyil. Ona görə də demək olmaz ki, GUAM üzvü olduqlarına görə bu dövlətlər hansısa ağır təzyiqlərə məruz qalırlar.


Moldovanın bəyanatında bir tələskənlik var. Sözsüz ki, Moldova GUAM -a üzv olanda müəyyən umacaqları var idi. Açıq etiraf etmək lazımdır ki, GUAM-da hamını cəlb edən Azərbaycanın neft və qaz ehtiyatlarıdır. Hamı bu ehtiyatların öz ərazisindən nəql olunmasına çalışır. Amma bu praktiki cəhətdən mümkün deyil. Elə bu səbəbdən Moldovanın GUAM -a qarşı münasibətinin soyumasını prinsipcə dərk etmək mümkündür. Müşahidəçilər arasında bunu Moldova prezidentinin ziddiyyətli siyasəti ilə izah edənlər də var. Moldovanın siyasətində isə ziddiyyətlər çoxdur. İndiki hakimiyyət NATO-dan və GUAM-dan üz çevirməyə hazır olduğunu bildirir. Amma bu ölkənin digər siyasi qüvvələri başqa cür düşünür, hətta Moldovanın Rumıniya ilə birləşməsinə səsləyirlər. Sözsüz ki, sonuncu halda NATO və Avropa Birliyi ilə bağlı problemlər spontan şəkildə həll oluna bilər.


Bəs Rusiyanın bu müraciətə münasibəti necə ola bilər? Rusiya həqiqətən də Dnestryanı münaqişəni həll edə bilər? Bununla bağlı müşahidəçilər çox pessimistdirlər. Məsələ bundadır ki, Moldova digər MDB respublikalarının keçdiyi yolu təkrarlayır. Çoxları uzun müddət ümid edirdilər ki, nəyinsə müqabilində Rusiya hansısa problemləri həll edəcək. Amma bu, baş vermədi. İndi də belə olacaq. Rusiya üçün bəzi münaqişələr keçmiş sovet respublikalarının bir hissəsini əbədi olaraq öz əlində saxlamaq, onların siyasətinə nəzarət etmək üçün lazımdır. Rusiya bu imkanları heç vaxt heç nəyə güzəşt etməyəcək. Çox güman ki, Moldova siyasətçiləri də tezliklə buna əmin olacaqlar.


XS
SM
MD
LG