Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:47

«Hakimiyyət neft dollarlarının eyforiyasını yaşayır»


Müsavat başqanı İsa Qəmbər
Müsavat başqanı İsa Qəmbər

«Yeni Müsavat» qəzeti yazır ki, hakimiyyət neft dollarlarının eyforiyasını yaşayır. Bu fikir Müsavat Partiyası Məclisinin növbəti toplantısında səslənib. Toplantıda çıxış edən Müsavat başqanı İsa Qəmbər deyib ki, indiki mərhələdə hamı real sosial-iqtisadi vəziyyətin gözlənilməyən dərəcədə pisləşməsinin şahidi və iştirakçısıdır: «Bütün xalq kimi biz də bu böhranın zərbələrinə məruz qalırıq. İqtisadiyyatda dünya miqyasında böhran prosesi gedir. Eyni zamanda ölkəmizlə də bağlı ağırlaşmanın ciddi əsasları və səbəbləri var. Rusiyanın keçmiş Baş naziri Yeqor Qaydarın məşhur bir sözü var. Deyirdi ki, dünya bazarında neftin qiyməti bahalaşdıqca neft ixrac edən ölkələrin rəhbərlərinin intellektual göstəricisi aşağı düşür. Təbii ki, Qaydar bununla Rusiyanın rəhbərliyinə işarə edirdi. Amma eyni fikir Azərbaycanın hakimiyyət dairələrinə də aiddir. Bu adamlar neft dollarlarının eyforiyasını yaşayır. Neft dollarlarını ölkənin gələcəyinə, xalqın həyat səviyyəsinin yüksəldilməsinə xərcləmək əvəzinə öz şəxsi məqsədləri üçün istifadə edirlər».


«Sementin qiymətini «Akkord» bahalaşdırdı». Bunu «Azadlıq» qəzeti yazır. Qəzet bildirir ki, Azərbaycanda qiymət sıçrayışları davam edir. Özü də bahalaşma təkcə ərzaq məhsullarını deyil, qeyri-ərzaq məhsullarını da əhatə edir. Bu günlərdə ölkənin yeganə sement istehsalçısı «Qaradağ-Sement» öz məhsullarının qiymətinin artırılmasını rəsmən bəyan etdi. Taxıldan fərqli olaraq dünya sement bazarında sabitlik olduğundan burada xarici təsirlərdən danışmaq yersizdir. Qəzet yazır ki, araşdırma göstərir ki, sementin qiymətinin bahalaşmasına təbii amillər yox, inhisarçı diqtəsi səbəb olub: «Öncə «Qaradağ-Sement»in bahalaşma ilə bağlı rəsmi izahatına diqqət yetirək. ASC bu artımın səbəbini sement istehsalında xammal kimi istifadə olunan vulkan külünün qiymətinin süni şəkildə 50 faizədək artırılması ilə izah edib».


«Azadlıq» qəzeti iddia edir ki, vulkan külü tədarükünü tam inhisara götürdükdən sonra «Akkord» qiymətləri bahalaşdırıb. Alternativ xammal mənbəyi olmayan «Qaradağ-Sement» isə vulkan külünü «Akkord»un diqtə etdiyi qiymətlərlə almağa məcbur olub.


«Azərbaycansayağı absurd: seçkidən əvvəl seçki…» «Alma» qəzeti yazır ki, Azərbaycanda keçirilən seçkilərin qəribə, qəribə olduğu qədər də düşündürücü bir özəlliyi var: «Hər dəfə seçkidən əvvəl hakimiyyət yetkililəri bir-birinin ardınca açıqlama, bəyanat verib iqtidar namizədinin qələbə çalacağını bəyan edir, hətta səs çoxluğunun faizini də göstərirlər. Elə ki, seçkilər yekunlaşır, onların bəyanatı özünü doğruldur, üstəlik, hakimiyyət namizədinin topladığı səs faizi seçkidən əvvəl məmurların səsləndirdiyi rəqəmdən demək olar ki, fərqlənmir. Bir növ iqtidar yetkililəri seçkidən əvvəl seçki keçirmiş olur və adam qalır mat-məəttəl ki, daha bundan sonra həqiqətən seçki keçirmək nəyə gərəkdir?»


«Azərbaycan» qəzetində Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmov yazır ki, yeni neft strategiyasının müəllifi Azərbaycanı bütün dünyaya tanıtdı. Müəllif 1994-cü ildə bağlanmış «Əsrin müqaviləsi»nə işarə edərək yazır ki, Azərbaycana iqtisadi və siyasi dividendlər axınının güclənməsi bu amillə bağlıdır: «Ulu öndər Heydər Əliyev Azərbaycanın böyük neft və qaz ehtiyatlarına malik olmasını xalqımızın xoşbəxtliyi və yalnız bu gün deyil, gələcək üçün, ölkəmizin inkişafı üçün əsas amil hesab edirdi. Tarixin səhifələrini vərəqləsək, bir daha aydın olar ki, yalnız güclü liderlər yetişdirən xalqlar öz milli sərvətlərinə yiyələnmək və zəngin təbii ehtiyatları milli iqtisadiyyatın inkişafına yönəltmək şansı qazanırlar».


XS
SM
MD
LG