Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:51

Hakimiyyət seçkiyə beynəlxalq diqqətdən narazıdır


Azərbaycandakı gələcək prezident seçkisinə beynəlxalq diqqət artır
Azərbaycandakı gələcək prezident seçkisinə beynəlxalq diqqət artır

Prezident seçkisi yaxınlaşdıqca onun ətrafındakı siyasi sükut da çəkilir. İndi seçki mövzusundakı söhbətlər və bəyanatlar daha intensiv xarakter daşıyır. Düzdür, bunlar hələ də KİV-ləri qane edəcək qədər deyil. Amma əvvəlki vaxtlarla müqayisədə daha mövzu qıtlığı hiss olunmur. Ən çox diqqəti cəlb edən detallardan biri budur ki, Azərbaycandakı gələcək prezident seçkisinə beynəlxalq diqqət artır. Ötən həftə ABŞ səfirliyi seçkinin demokratik və şəffaf keçirilməsi üçün 3 milyon ABŞ dollarının ayrıldığını bəyan etdi. Birləşmiş Ştatların Dövlət katibi ölkədə demokratiyanın vəziyyəti ilə bağlı narahatlığını bildirdi, beynəlxalq mətbuat günü ərəfəsində isə ABŞ prezidenti Azərbaycanın adını azad mətbuat üçün ciddi problemlərin olduğu ölkələrin sırasında çəkdi. Hər üç hadisə müəyyən müzakirələrə səbəb oldu. İlk reaksiya da hakimiyyətdən gəldi. Məlum oldu ki, hər üç olay Azərbaycan hakimiyyətinin narazılığına səbəb olub. Dövlət rəsmiləri buna seçki ərəfəsində ölkəyə təzyiq etmək və daxili işlərə qarışmaq kimi qiymət verdilər.


Prinsipcə, seçki ərəfəsində ölkəyə diqqətin artması adi haldır. Bu, əvvəllər də müşahidə olunurdu. Amma əvvəllər belə reaksiyalar indiki kimi hakim dairələri qıcıqlandırmırdı. Bunun səbəbi bəzi azərbaycanlı məmurların dövlət müstəqilliyi ilə bağlı yaşadığı eyforiya ilə əlaqədardır. Neftdən gələn gəlirlər artdıqca ölkə məmurlarının nəinki daxili, hətta xarici tənqidə dözümü azalır. Neft gəlirləri ilə demokratiya və insan haqları artıq tərs mütənasiblik kəsb edir. Hətta ən adi faktların dilə gətirilməsi, ölkədə demokratiyanın vəziyyəti ilə bağlı tənqidi fikirlərin söylənilməsi qərəz kimi qiymətləndirilir. Məmurlar hər dəfə seçki ilə bağlı çıxışlarında onun nəticəsinin artıq bəlli olduğunu da deməkdən çəkinmirlər. Seçkinin təbliğat mərhələsinə çox qalsa da, belə proqnozlar artıq adi hal alıb.



İndi elə vaxtdır ki, hakimiyyətdən narazıların sayı artır. Hakimiyyətin bu prosesə münasibəti də maraq kəsb edir. Bir tərəfdən seçki ilində hakimiyyət ərzaq məhsullarının qiymətinin artımının qarşısını almağa çalışmalı idi. Amma bu, baş vermir

Seçki isə özünü daha çox xronoloji aspektdən hiss etdirməkdədir. İndi Avropa Şurasının Venesiya Komissiyası ilə Azərbaycan hakimiyyəti arasındakı danışıqlar diqqət mərkəzindədir. Dövlət rəsmilərinin bildirdiyinə görə, komissiya ilə bütün məsələlər razılaşdırılıb. Bir məsələ qalıb. Bu da seçki komissiyalarının tərkibidir. Amma əsas məsələ də elə budur.


Hakimiyyətlə müxalifət arasında narazılığa səbəb olan başlıca məsələ məhz seçki komissiyalarının tərkibidir. Hətta bəzi müxalifət liderləri irəlicədən bəyanat verib bildirmişdilər ki, seçkiyə münasibətlərini bu məsələyə aydınlıq gətiriləndən sonra açıqlayacaqlar. Hakimiyyət isə seçki komissiyalarının tərkibinin formalaşması qaydasını dəyişmək niyyətində deyil. Belə olan təqdirdə müxalifətin bir hissəsinin seçkiyə münasibəti problemli olaraq qalır.


Amma yerli müşahidəçilərin qənaətinə görə, ABŞ səfirliyinin bəyanatından sonra müxalifətin münasibətində dəyişiklik baş verə bilər. Hazırda müxalifət seçkiyə münasibətdə boykot, aktiv boykot və iştirak tərəfdarlarına bölünüb. Güman etmək olardı ki, hakimiyyət dairələri səfirliyin bəyanatından razı qalacaqlar, çünki bu bəyanat müxalifəti seçkidə fəal iştiraka səsləyir. Amma hiss olunur ki, hakimiyyət ənənəvi müxalifətin seçkidə iştirakını ümumiyyətlə arzulamır. Görünür, bu da səbəbsiz deyil.


Hakimiyyət elektorat arasında dayağı olmayan namizədlərlə seçkiyə getməklə bu prosesi problemsiz başa vurmaq və hamıya göstərmək istəyir ki, Azərbaycanda demokratik və şəffaf seçki keçirilir. Ənənəvi müxalifətlə təbii ki, bu mümkün deyil. Söz yox ki, indi müxalifətin də sosial dayaqları zəifləyib. Amma bir sıra amillər var ki, bunlar elektoratın diqqətini müxalifətə tərəf yönəltmək iqtidarındadır. Bu amillər sırasında ilk növbədə qiymətlərin artımını, xüsusən də ərzaq məhsullarının və çörəyin qiymətinin bahalaşmasını göstərmək olar.


İndi elə vaxtdır ki, hakimiyyətdən narazıların sayı artır. Hakimiyyətin bu prosesə münasibəti də maraq kəsb edir. Bir tərəfdən seçki ilində hakimiyyət ərzaq məhsullarının qiymətinin artımının qarşısını almağa çalışmalı idi. Amma bu, baş vermir. Bunun iki səbəbi ola bilər. Ya hakimiyyət seçicilərin marağını nəzərə almır, ya da iqtisadiyyat nəzarətdən çıxıb və hakimiyyət onu tənzimləyə bilmir. Bütün hallarda maraq kəsb edən bir detal var. Ötən seçkilərdən birini müxalifət «Qarabağ, iş və çörək!» şüarı ilə keçirmişdi. Hər üç məsələ indi də aktuallığını saxlayır. Bu isə o deməkdir ki, Azərbaycanda zaman keçdikcə problemlər nəinki azalmır, əksinə daha da kəskinləşir.


XS
SM
MD
LG