Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:20

Aqil Xəlilin döyülməsi işinə xitam verildi


Aqil Xəlil Dağbəyi Allahverdiyev və Akif Çovdarov tərəfindən döyüldüyünü bildirir
Aqil Xəlil Dağbəyi Allahverdiyev və Akif Çovdarov tərəfindən döyüldüyünü bildirir
«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlilin «Zeytun bağı» adlanan ərazidə döyülməsi ilə bağlı cinayət işinə xitam verilib. Bu haqda Baş Prokurorluq mayın 21-də məlumat yayıb. APA-nın xəbərinə görə, istintaq zamanı hadisənin şahidi olmuş şəxslər ifadələrində göstəriblər ki, jurnalist orada döyülməyib. İş üzrə şahid qismində dindirilmiş Dağbəyi Allahverdiyev və Akif Çovdarov da jurnalisti döymədikləriin bildiriblər:

«Məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində hər hansı xəsarətin əlamətləri aşkar olunmayıb. Bütün bunlara görə də fevralın 22-də «Zeytun bağı» adlanan ərazidə baş vermiş hadisə üzrə Aliq Xəlilin döyülməsi istintaq materialları ilə öz təsdiqini tapmadığından, cinayət təqibinə xitam verilib».

Prokurorluğun məlumatında həmçinin deyilir ki, müxbirin martın 13-də bıçaqlanması faktı üzrə təqsirləndirilən Sergey Strekalinlə bağlı cinayət işi isə məhkəməyə göndərilib. Strekalin qəsdən sağlamlığa az ağır zərər vurma və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlamada ittiham olunur.


Prokurorluq həmçinin Aqil Xəlilin mayın 7-də metroda ona sui-qəsd edilməsi və oğurlanmasına cəhd edilməsi ilə bağlı açıqladığı məlumatların da sübuta yetirilmədiyini bildirir.


Məlumatda deyilir ki, istintaq zamanı Aqil Xəlilə, onun ailə üzvlərinə mənəvi və fiziki təzyiqlər göstərilməyib, jurnalistə hər hansı işgəncə verilməyib.


Mayın 21-də həmçinin Aqil Xəlilin dörd televiziya, prokurorluq və onun əməkdaşına qarşı iddiasıyla bağlı hazırlıq iclası keçirilib. Bu haqda «Azadlıq» radiosuna jurnalistin vəkili Elçin Sadıqov məlumat verib. Hakim Xəqani Tağıyevin sədrliyi ilə Yasamal Rayon Məhkəməsində baş tutan prosesdə əsas məhkəmə baxışı iyunun 25-nə təyin edilib.


Aqil Xəlil «Lider», «Space», AzTV və ATV kanallarının hər birindən təkzib verilməsini və 100 min manat mənəvi təzminat tələb edir. Eyni miqdarda kompensasiya ayrı-ayrılıqda Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi və bu qurumun müstəntiqi Əli Quliyevdən də istənilir.


Jurnalist müstəntiq Əli Quliyevi istintaq sirrini, onun şərəf və ləyaqətini alçaldan məlumat yaymaqda ittiham edir.


A.Xəlil Baş Prokurorluqdan da təkzib verilməsini və rəsmi sənədlərə düzəlişlər edilməsini tələb edir.


«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlil fevralın 22-də peşə borcunu yerinə yetirərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları olduğu iddia edilən Dağbəyi Allahverdiyev və Akif Çovdarov tərəfindən döyüldüyünü bildirir. Bu hadisədən sonra isə jurnalist ürək nahiyəsindən bıçaqlanıb. Respublika Prokurorluğu A.Xəlilin homoseksuallar tərəfindən bıçaqlandığını iddia edir. Bu haqda videosüjet «Lider», «Space», AzTV və ATV kanallarında nümayiş etdirilib. Aqil Xəlil isə bunun iftira olduğunu və istintaq zamanı müstəntiqlərin təzyiqinə məruz qaldığını deyir.


XS
SM
MD
LG