Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:45

Nikahdan öncə məcburi olaraq tibbi müayinədən keçmək tələb olunur


Hazırda ölkədə hər 12 nəfərdən biri talassemiya daşıyıcısıdır
Hazırda ölkədə hər 12 nəfərdən biri talassemiya daşıyıcısıdır

«Toydan əvvəl biz tibbi müayinədən keçməmişik, heç bu, ağlımıza da gəlməyib. Amma mən hamilə olanda ortaya problem çıxdı. Bildim ki, yoldaşımda da qanla bağlı problem var imiş…»


Həmsöhbətim Leyla Hüseynovanın 3 yaşlı qızı talassemiya xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik azyaşlıya valideynlərindən keçib. Onun hər iki valideynində qan asılılığı var. Leyla deyir ki, nikahdan öncə tibbi müayinənin zəruriliyinə dair məlumatlı olmayıb deyə, buna xüsusi önəm verməyib.


«Savab Dünyası» Talassemiya Assosiasiyasının rəhbəri Nailə Quliyeva isə deyir ki, hazırda ölkədə hər 12 nəfərdən biri talassemiya daşıyıcısıdır. Xəstəliyin geniş yayılmasının səbəbləri bunun valideyndən uşağa keçərək artmasıdır.


Nailə Quliyeva bildirir ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün gənclərin nikahdan öncə tibbi müayinədən keçməsini tələb olaraq qoymaq lazımdır. Əks halda həm dövlət, həm də valideynlər bu cür xəstə uşaqlara lazımi yardımı etməkdə aciz qalacaqlar: «Ailə quranları qorxutmaq lazım deyil ki, əgər siz xəstəsinizsə nikaha daxil ola bilməzsiniz. Sadəcə, partnyorlar bilməlidirlər ki, əgər ikisi də daşıyıcıdırsa, qadın hamiləliyin 8-12 həftəliyində mütləq müayinədən keçməli və bilməlidir ki, uşaq sağlamdır, ya yox. Əgər uşaq xəstədirsə, onu dünyaya gətirib-gətirməməklə bağlı son qərarı yenə də valideyn verməlidir. Çünki preparatlar çox bahadır, donor qanı çatışmır».


Nikahdan öncə tibbi müayinədən keçmək həmçinin digər irsi, zöhrəvi və infeksion xəstəliklərin yayılmasının qarşısını almaq üçün vacibdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Gülnarə Məmmədova deyir ki, onların tədqiqatları da göstərir ki, ailə quranların çox az hissəsi bu cür müayinədən keçir. Nəticədə isə xəstə, əlil uşaqların doğulması və ya sonsuzluq kimi problemlərin sonradan üzə çıxması əksər ailələrin dağılmasına gətirib çıxarır.


Gülnarə Məmmədova deyir ki, bunun qarşısını almaq üçün hələ ötən il onlar Ailə Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsinə dair təkliflər hazırlayıb Milli Məclisə təqdim ediblər. Təklif olunan dəyişikliyə görə, nikahdan öncə məcburi olaraq tibbi müayinədən keçmək tələb olunur: «Ailə Məcəlləsinin 13.2 maddəsində tibbi müayinədən keçməyin könüllü olduğu göstərilib. Amma biz istəyirik ki, bu, məcburi olsun. Əgər xəstəlik varsa, bu, o demək deyil ki, onlar ailə qura bilməzlər. Sadəcə, tərəflər məlumatlı olmalı və qərar verməlidirlər».


Mili Məclisin Sosial Siyasət Daimi Komissiyasının sədr müavini Musa Quliyev də Ailə Məcəlləsinə sözügedən məsələ ilə bağlı dəyişikliyi vacib hesab edir. Deyir ki, bu məsələ ilə əlaqədar 2007-ci ildə komissiya qərar da qəbul edib. Amma parlamentin ötən payız sessiyası gərgin keçdiyindən Ailə Məcəlləsinə əlavə və dəyişikliklər hələ də təsdiqlənməyib: «Amma bu məsələ komissiyanın gündəliyində durur. İyun ayında çox güman ki, bununla bağlı yığışacağıq və payız sessiyasında layihə parlamentə təqdim olunacaq».


Hazırkı Ailə Məcəlləsi 1999-cu ildə qəbul olunub, 2000-ci il iyunun 1-dən isə qüvvəyə minib.


XS
SM
MD
LG