Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:40

«Düşünmürəm ki, biz ruhumuzu enerjiyə satırıq»


«Bütün seçkilər Avropa Birliyi üçün maraqlıdır»
«Bütün seçkilər Avropa Birliyi üçün maraqlıdır»

Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin başçısı, səfir Alan Vaddams «Azadlıq» radiosuna eksklüziv müsahibə verib. Müsahibəni təqdim edirik:


- Cənab səfir, Seçki Məcəlləsinə edilən dəyişikliklər barədə nə düşünürsünüz? Sizcə hazırkı qanunvericilik Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsinə şərait yaradırmı?


- Seçki qanununda dəyişikliklərin edilməsini müşahidə etmək maraqlı idi. Məncə, orda bəzi yaxşıya doğru dəyişikliklər var, bəzi aspektlərdə isə yaxşılığa doğru dəyişikliyin olması görünmür. Amma mən bu sahədə ekspert deyiləm. Məncə, bir tərəfdən, namizədlərin təbliğatı üçün vaxt xeyli qısaldılıb. Milli Məclisə namizədlərin təbliğat müddəti hətta təqribən 30 günədək qısaldılıb ki, bu da kifayət qədər qısa bir vaxtdır. Digər tərəfdənsə namizədlərin mediaya çıxışı ilə bağlı gərginlik var. Buna baxmayaraq, düşünürəm ki, Məcəlləni daha sadə və daha yaxşı etmək üçün cəhdlər edilib. Məncə, bununla bağlı ciddi tənqidlər hələ yoxdur, çünki biz hələ qanunun işdə tətbiqini, nəticələri görməmişik və hələ heç kampaniyaya da start verilməyib. Biz Seçki Məcəlləsi ilə bağlı yekun şərhlərimizi verməzdən əvvəl hələ gözləməli və hadisələrin necə inkişaf etməsini müşahidə etməliyik.


- Qarşıdan gələn prezident seçkisi Avropa Birliyi üçün ümumiyyətlə maraqlıdırmı və bu maraq özünü nədə ifadə edir?


- Məncə, bütün seçkilər Avropa Birliyi üçün maraqlıdır. Xüsusilə Azərbaycan kimi Avropa Qonşuluq Siyasətinə daxil olan, dostumuz olan ölkədə. Biz qonşuluq siyasətimizə daxil olan ölkələrin azad və ədalətli seçkilər keçirən, liberal iqtisadiyyata malik olan, insan hüquqları və demokratiyanın bütün normalarına riayət edən ölkələr olmasını düşünmək istəyirik. Bu halda bizim istəyimiz və marağımız çərçivəsindədir ki, Azərbaycanda azad və ədalətli seçkilər keçirilsin. Biz prosesi çox maraqla izləyəcəyik, bundan əlavə, bu və ya digər şəkildə seçkilərin müşahidəsində iştirak edəcəyik.


- Bəzi ekspertlər deyirlər ki, Azərbaycan Avropa Qonşuluq Siyasətinə daxil olandan sonra demokratiya və insan hüquqları ilə bağlı vəziyyət pisləşib, həbsdə olan jurnalistlərin sayı artıb, ifadə və toplaşmaq azadlığı sahəsində daha çox problem yaranıb. Ekspertlər deyirlər ki, görünür, ya Azərbaycan rəhbərliyi bu qonşuluqdan irəli gələn tələbləri yaxşı anlamır, ya da Brüsseldən fərqli mesajlar alır. Sizin bu cür qiymətləndirmə ilə bağlı şərhiniz varmı?


- Məncə, bütün bu sahələr problemlidir. Və bu sahələrdə bizim Azərbaycanda tətbiq olunmasını görmək istədiyimiz standartlar hələ lazımi şəkildə tətbiq olunmur. Biz jurnalistlərin daha az basqı altında olmasını görmək istərdik. Biz indikindən daha artıq toplaşmaq azadlığının olmasını görmək istərdik. Biz daha çox ifadə azadlığı, eləcə də prezident və parlament seçkilərindən öncə daha artıq kampaniya aparma azadlığı görmək istərdik. Mən yenə də deməzdim ki, situasiya pisləşib. Amma onun daha yaxşılaşdığını da deyə bilmirəm. Biz hadisələrin inkişafına baxmalıyıq. Hələ çox erkəndir. Amma bir qayda olaraq, mən düşünürəm ki, demokratiyanın və insan hüquqlarının standartları, eləcə də qanunun aliliyi ilə bağlı digər aspektlər kifayət qədər inkişaf etməyib, yaxud müsbət istiqamətdə bizim istədiyimiz sürətlə inkişaf etməyib. Amma biz nikbinik.


- Enerji ilə bağlı suallara keçməzdən əvvəl öyrənmək istərdim. Avropa siyasətçilərinin qarşısında enerji, yaxud demokratiya məsələləri kimi bir dilemma mövcuddurmu?


- Məncə, biz məsələyə bu cür baxmırıq. Şübhəsiz ki, neft bizim münasibətlərimizdə önəmli yer tutur və aydındır ki, balansda kifayət qədər ağırlığa malikdir. Amma bu, bizim Avropa Birliyində inandığımız başqa məsələləri və standartları istisna etmir. Avropa Birliyi insan hüquqları, demokratiya, azad bazar iqtisadiyyatına inanır. Və Avropa Birliyi ilə Azərbaycan arasında razılaşdırılmış Qonşuluq Siyasəti üzrə fəaliyyət planı təkcə enerji sahəsində deyil, həm də bütün bu sahələrdə, demokratiya, yaxşı idarəetmə və qanunun aliliyi kimi məsələlərdə məqsədləri müəyyənləşdirib. Biz bu münasibətlərə balanslı münasibətlər kimi baxmalıyıq və fəaliyyət planında olduğu kimi, hər iki tərəfin marağında olan və dəyər verdiyi bütün məsələləri həm Avropa Birliyinin, həm də Azərbaycanın mənafeyi naminə sürdürməyə çalışmalıyıq. Azərbaycan gənc demokratiyadır və onu da qiymətləndirmək lazımdır ki, bu ölkə bir çox çətinliklərlə üzləşir. Və regiondakı gərgin şəraiti də nəzərə alaraq, münaqişəyə səbəb olmayacaq şəkildə inkişaf etməlidir. Mən düşünmürəm ki, biz ruhumuzu enerjiyə satırıq. Məncə, bizim balanslı və hərtərəfli yanaşmamız var.


- Enerji layihələrinə gəlincə, Avropa Birliyi ilə Azərbaycan arasında əsas enerji layihəsi «Nabukko»dur. Bu, belədirmi?


- Məncə, belə demək olmaz. Bizim nail olmaq istədiyimiz marşrutların diversifikasiyasıdır. «Nabukko» Avropaya qazın çatdırılması üçün alternativ marşrutların yaradılması istiqamətində imkanlardan biridir. Amma yeganə deyil.


- Sizcə Azərbaycan tərəfindən bu layihənin gerçəkləşməsi üçün kifayət qədər siyasi iradə varmı?


- Məncə, burda deyilməlidir ki, indi biz bir çox bazar qüvvələrinin idarə etdiyi dünyada yaşayırıq. Azərbaycana gəlincə, hərçənd ki, burda həm də resursların istismarı ilə məşğul olan neft şirkətləri var, vəziyyət belə gətirib ki, ölkə və şirkətlər karbohidratların Avropa və başqa bazarlara çıxarılması üçün ən yaxşı yol və üsulları tapmalıdırlar. Və burada bildiyimiz kimi bir çox variantlar var. «Nabukko» ilə bağlı demək olar ki, onu həyata keçirmək üçün entuziazm da var, siyasi iradə də, lakin bəzən çətinliklər olur və biz onların necə çözüləcəyini bilmirik. Məncə, burda məsələ Azərbaycan, yaxud Avropanın siyasi iradəsində deyil. Biz azad dünyada yaşayırıq və insanlar öz malını hara, necə və nə vaxt satmaq barədə qərar verməlidirlər.


- «Qazprom»un Azərbaycanın bütün qazını Avropa qiymətləri ilə almaq təklifi barədə fikirləriniz nədir?


- Məncə, bu, çox yaxşı təklifdir. Aydındır ki, bu, Azərbaycan üçün yaxşı təklifdir. Amma bizim üçün o qədər də yaxşı xəbər deyil. Düşünmürəm ki, Avropa Birliyi üçün məsələ qapanıb. «Qazprom»dan heç vaxt imtina etməmişik. O, əsas təchizatçıdır. Məncə, bu şirkət Avropaya neft və qaz nəql edən müxtəlif yollardan biri kimi qalmalıdır. Dediyim kimi, bu təklif Azərbaycan üçün çox yaxşıdır. Amma bu, sadəcə təklifdir və məncə, Azərbaycanın maraqlarını yüz faiz təmin etmir. Düşünürəm ki, bu məsələ ciddi şəkildə müzakirə edilməlidir.


- Biz gözləyə bilərikmi ki, Avropa ölkələri bu təklifdən üstün təkliflər edəcəklər. Və sizcə, bu, enerji bazarına necə təsir edəcək?


- Mən düşünmürəm ki, bu məsələyə Avropa Birliyi qarışmalıdır. Bu birlik hansısa qaz təchizatçısı və ya istehlakçısı olan şirkət deyil. Məncə, siz alternativ təklifi belə sadə şəkildə və Avropa Birliyindən almayacaqsınız. Məsələ bu qədər sadə deyil. Baxmaq lazımdır ki, vəziyyətə neft-qaz şirkətlərinin reaksiyası necə olacaq. Onlar Azərbaycandan Avropaya qazı cənub dəhlizi ilə keçirmək istəyəcəklər, yoxsa «Qazprom»a satacaqlar?


- Siz bir məlumat vermişdiniz ki, İran «Nabukko» kəmərinə qaz verilməsində Türkmənistanı əvəz edə bilər. Bu istiqamətdə İranla danışıqlar necədir?


- Gəlin, buna İranla «Nabukko», İranla «Nabukko»nun təchizatı sahəsində danışıqlar deyək. Eyni zamanda Türkmənistan özü də İran vasitəsilə «Nabukko»nun təchizatçısı kimi nəzərdən keçirilə bilər. Amma burada İran məsələsi elə də asan deyil. İranın şimalında «Nabukko» üçün hazırda kifayət qədər qaz yoxdur. Amma ölkənin cənubunda kifayət qədər böyük qaz ehtiyatları var. Orta müddətli perspektivdə İran Avropa Birliyi üçün ciddi qaz təchizatçısı olaraq nəzərdən keçirilir. Mən İranla spesifik olaraq danışıqlar aparmamışam. Lakin bu məsələ gündəmdədir. Halbuki bizim bəzi müttəfiqlərimizin İranı Avropaya qaz təchizatçısı kimi görmək istəməməsi ilə bağlı fikri də nəzərə alınmalıdır. Amma sonralar, Birləşmiş Ştatlarla İran arasında münasibətlər yaxşılaşanda, bu, hökmən baş verəcək. Məncə, Xəzər hövzəsində ümumiyyətlə situasiya bir qədər qarışıqdı. Biz bilmirik kimin nə qədər qazı var, nə qədəri satış üçündür, nə vaxt çatdırılması mümkündür? Türkmənistana gəlincə, hazırda bu ölkədən 10 milyard kub metr qazın Avropaya, mümkün ki, «Nabukko» vasitəsilə çatdırılması barədə ümumi razılıq var.


- İranın «Nabukko»ya qoşulacağı təqdirdə Ermənistan üzərindən bir kəmərin mümkünlüyü barədə danışılır. Bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə hər hansı danışıqlar, məsləhətləşmələr varmı?


- Mənim belə bir variantdan xəbərim yoxdur, amma şəxsən onu qeyri-praktik hesab edirəm. Bir çox səbəblərə görə. Artıq İrandan Ərzuruma qədər bir kəmər var. Bundan əlavə, «Nabukko» layihəsinin Türkiyə-İran və Türkiyə-Gürcüstan sərhəddinə ayrıca bir kəmər çəkmək planı var. Bu, «Nabukko»nun regional görüntüsüdür və Ermənistanla İran arasında kəmərin olmasına baxmayaraq burada Ermənistandan söhbət getmir.


XS
SM
MD
LG