Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:47

Rusiyada ksenofobiyanın hədəfi dəyişir


«Hüquq-mühafizə orqanları bizə heç bir məlumat vermirlər»
«Hüquq-mühafizə orqanları bizə heç bir məlumat vermirlər»

«Hər şey qəfildən baş verdi. İki nəfər arxadan yaxınlaşıb məni vurdu. Əvvəlcə sağ qulağıma vurdular, sonra burnumu, sifətimi və sümüklərimi sındırdılar. Huşumu itirdim. Mən pis heç nə etməmişdim, sadəcə başıbağlı olduğum üçün hücuma məruz qaldım».


Özbəkistandan olan 36 yaşlı Kamolaya keçən ay metrodan çıxıb evə gedərkən Moskvada hücuma məruz qalıb. Beşbarmaqla qadının sifətinə zərbələr endirənlər sonra onun başını mərmər döşəməyə çırpıb gediblər.


Kamolaya dörd gün sonra Moskva xəstəxanalarından birində ayılıb. Amma indiyə qədər üzündə nə qədər cərrahiyyə əməliyyatı aparılsa da, hələ də güzgüyə baxmağa qorxur. Hücumdan sonra onun sifəti elə günə düşüb ki, Kamolaya sağ qaldığı üçün bəxtinin gətirdiyini deyəndə, o, razılaşmır.


Əslində isə onun doğrudan da bəxti gətirib. Çünki təkcə bu ilin əvvəlindən indiyə qədər Rusiyada 57 əcnəbi belə hücumlarda öldürülüb, 117 nəfər isə əlil olub. Ötən il isə 80 nəfər öldürülmüşdü. Amma Moskvadakı irqçi hücumları araşdıran «Sova» ictimai birliyinin sədri Qalina Koşevnikova deyir ki, bu, hələ rəsmi statistikadı. Gerçək rəqəmlər isə daha qorxuludu və buna görə də gizlədilir:



Təkcə bu ilin əvvəlindən indiyə qədər Rusiyada 57 əcnəbi belə hücumlarda öldürülüb, 117 nəfər isə əlil olub. Ötən il isə 80 nəfər öldürülmüşdü. Amma Moskvadakı irqçi hücumları araşdıran «Sova» ictimai birliyinin sədri Qalina Koşevnikova deyir ki, bu, hələ rəsmi statistikadı. Gerçək rəqəmlər isə daha qorxuludu və buna görə də gizlədilir

«57 rəqəmi çox aşağıdı. İnformasiya almaq çox çətinləşib. Biz hələ ötən il yazmışdıq ki, informasiya almaqla bağlı çətinliklər var. Amma bu il bunun nə qədər çətin olduğunu təsəvvür etmək belə mümkün deyil. Media bundan danışmır. Hüquq-mühafizə orqanları isə ümumiyyətlə bizə heç bir məlumat vermirlər».


Rusiyada hüquq-mühafizə orqanlarının milli-irqi zəmindəki hücum faktlarını gizlətməsinə ən bariz nümunə bu il iyunun 5-də oldu. Rusiya Baş Prokurorluğu axır ki, hələ ötən ilin avqustunda internetdə yayımlanan edam kadrlarının həqiqi olduğunu etiraf etdi. Ötən ilin avqustunda internet saytlarında faşist simvollarıyla seçinən maskalı rusların bir tacik və dağıstanlını edam etdiyi görüntüləri yayımlanmışdı. Hüquq-mühafizə orqanları dağıstanlının başı kəsilən, tacikin isə güllələndiyi görüntüləri öncə qurama adlandırdılar. Amma beş ay sonra qətlə yetirilən Şamilin qardaşı doğmasını ona bağışladığı gödəkçə və yay köynəyindən tanıdı.


Yalnız bundan sonra Rusiya Baş Prokurorluğunun sözçüsü görüntülərin həqiqi olduğunu və hadisənin Kaluqada baş verdiyini etiraf etdi. Şamilin atası Umaxan Umadanov deyir ki, Putinə müraciət edəndən sonra cinayət işi açılıb. Amma indiyə qədər oğlunun meyidini belə tapmayıblar, o ki qaldı cinayətkarları:


«Ona görə sizdən xahiş edirəm ki, oğlumun meyidini, ya da heç olmasa bir tikəsini tapmağa kömək edin ki, basdıra bilim».


Rusiyada ksenofobiyadan danışanda bir maraqlı statistika da üzə çıxır. Əgər 2006-cı ilə qədər əsasən qaradərililər və qafqazlılara hücumlar edilirdisə, indi zorakılıqlar Orta Asiyadan gələnlərə qarşı yönəlib. Məsələn, ilin əvvəlindən indiyə qədər öldürülən 57 nəfərdən 31-i bu regiondan gələn və əsasən tikinti sektorunda çalışan fəhlələrdi.


20 il əvvəl Rusiyanın şimal paytaxtı Sankt-Peterburqa oxumağa gələn kamerunlu Disaye Defo deyir ki, son vaxtlar onlar özlərini daha rahat hiss edirlər. Amma onun fikrincə, millətçilər hücum etdikləri qurbanları təkcə rənginə görə yox, həm də arxalı olub-olmadığına, peşəsinə görə də seçir:


«Tikintilərdə fəhləlik edən, bazarlarda çalışan tacik və özbəklərin sayı son vaxtlar artıb. Və bu, rus gənclərinin xoşuna gəlmir. Afrikalıların isə çoxu tələbələrdi və bizə münasibətin bir az yaxşılaşması hiss olunur. Əgər əvvəllər dərinin rəngi hücumlar üçün əsas faktor idisə, indi mühacirin peşəsi də rol oynayır».


Milli-irqi ayrıseçkiliyin SSRİ məkanında hələ yenidənqurma dönəmindən öncə də olduğuna dair yetərincə faktlar var. Düzdür, sovet ideoloji maşını bu haqda danışmağa imkan vermirdi. Amma SSRİ-nin dağılmasıyla eyni vaxtda başlanan etnik münaqişələr və Putin dönəmində Rusiyanın yenidən supergücə çevrilmək ideyası ksenofobiyanın da təşəkkülünə səbəb oldu. Ona görə də politoloqlar məhz Kremli bu problemin indiki şəkil almasında başlıca günahkar hesab edirlər. Rusiyanın Gürcüstan və Estoniya kimi qonşularına qarşı apardığı siyasətin də bu ölkədə ksenofobiyanın artmasında rolu var. Bütün bunların nəticəsidi ki, Rusiya neofaşistləri keçən bazar günü artıq kişik qrupları birləşdirib, mühacirlərə qarşı birgə mübarizə aparmaq haqda pakt imzalayıblar. Müxtəlif hesablamalara görə, indi Rusiya əhalisinin hardasa 70 min nəfəri belə millətçi təşkilatlarda birləşib. «Sova» kimi ictimai birliklər isə bildirirlər ki, nə qədər ki, hökumət özü siyasi iradə göstərib problemi həll etmir, hücumlar daha da çoxala bilər.


XS
SM
MD
LG