Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:51

Rusiya Azərbaycan qazını əldə edə biləcəkmi?


Rusiyanı narazı salmamaq üçün neft kimi qazın da bir hissəsinin bu ölkənin ərazisindən nəqlinə cəhd edilə bilər
Rusiyanı narazı salmamaq üçün neft kimi qazın da bir hissəsinin bu ölkənin ərazisindən nəqlinə cəhd edilə bilər

Demokratiya, insan haqları və seçki ilə bağlı proseslərin bir o qədər də hiss edilmədiyi vaxtda geosiyasi proseslər öz ahəngində davam edir. Enerji ilə bağlı problemlər özünün aktuallığını, demokratiya məsələlərindən heç də geri qalmadığını diqtə edir. Son vaxtlara qədər beynəlxalq münasibətlərdə enerji ilə demokratiya arasında balans tapmağa cəhdlər edilirdi. O cümlədən də Azərbaycana münasibətdə. Böyük dövlətlərin və beynəlxalq təşkilatların, regional qurumların təmsilçiləri açıqca bildirirdilər ki, enerji təhlükəsizliyi və bununla bağlı məsələlər onlar üçün müstəsna əhəmiyyət kəsb edir. Son illərdə hətta bu iki mühüm amil arasında ciddi seçim etmək zərurəti yaranmışdı. Azərbaycanın neft və qaz ehtiyatları, bunların Avropa ölkələrinə tranziti, Orta Asiyadakı ehtiyatların da bura cəlb edilməsi o qədər maraq kəsb etməyə başlamışdı ki, demokratiya ilə enerji təhlükəsizliyi arasındakı balans ikincinin xeyrinə pozulur, Azərbaycana daha çox «mühüm enerji dövləti kimi» yanaşılır və bu ölkədə demokratiya ilə bağlı qüsurlar arxa plana keçirdi.


Qərb dünyası Azərbaycanın yeni geoiqtisadi missiyasına o qədər önəm verirdi ki, hətta digər postsovet ölkələrindən fərqli olaraq bu ölkənin NATO ilə intensiv əlaqələrə can atmamasına da göz yumurdu. Enerji bütün digər meyarları arxa plana keçirmişdi.



Amma müşahidələr göstərir ki, Qərblə çəkişmələrdə Rusiya həmişə son nəticədə uduzur. Beləcə, Moskva vaxtilə Ukraynada və Gürcüstanda uduzmuşdu. Bundan əvvəl isə Rusiya Balkanlarda məğlubiyyətə düçar olmuşdu

İndi bu siyasətdə sözün əsl mənasında problemlər yaranıb. Rusiya öz diqqətini Azərbaycan qazına yönəldib. Bu yaxınlarda bu ölkə Azərbaycan qazını kommersiya qiymətləri ilə almaq üçün uzunmüddətli müqavilə bağlamağa hazır olduğunu bəyan etdi. İyulun əvvəllərində Rusiya prezidenti Dmitri Medvedev də Bakıya və Aşqabada səfər edəcək. Məsələ kifayət qədər ciddidir. On ildən artıqdır ki, Qərb dünyası Azərbaycanın enerji sektoruna investisiyalar yönəldib, onu alternativ enerji həlqəsinə çevirməyə cəhd edib. Məqsəd də Avropanın Rusiyadan enerji asılılığını azaltmaq olub. İndi Rusiya yeganə enerji təminatçısına çevrilmək əzmindədir. Bu isə qətiyyən Qərb dünyası üçün məqbul sayıla bilməz. Burada istər-istəməz Qərblə Rusiyanın maraqları toqquşur. İndi tez bir zamanda məsələyə aydınlıq gəlməlidir. Azərbaycan kimi seçəcək? Kiminlə əməkdaşlıq edəcək? Regiondakı proseslər necə cərəyan edəcək?


Azərbaycan rəsmilərinin çıxışlarına diqqət edəndə belə təəssürat yaranır ki, onlar qazın Rusiya ərazisindən nəqlinə normal hal kimi yanaşırlar. İlk baxışda bu, təbii görünür, çünki Rusiya qazı dünya qiymətləri ilə almağı təklif edir və belə nəticə hasil olur ki, iqtisadi və maliyyə baxımından Azərbaycan heç nə itirmir. Amma Bakı siyasi baxımdan itirə bilər. Artıq uzun müddətdir ki, Azərbaycanın geosiyasi tərəfdaşları və özünəməxsus missiyası formalaşıb, enerji ilə bağlı yeni regional strategiya yaranıb. İndi qısa müddət ərzində bu strategiyadan imtina etmək böyük bir siyasətin üstündən xətt çəkmək deməkdir. Bunun ehtimalı isə çox azdır.


Rusiya təbii ki, çox həssas bir dövr seçib. İndi Azərbaycanda seçki dövrüdür. Belə vaxtda Rusiya ilə əlaqələrə xüsusi önəm verilir. Amma məsələ təkcə seçki ilə bağlı deyil. Söhbət on illər ərzində formalaşan siyasətin təftişindən gedir. Çox güman ki, Qərblə Rusiya arasında bir gərginlik yaranacaq və Azərbaycan strateji seçim etməli olacaq. Sözsüz ki, Azərbaycan orta variant seçməyə daha çox meyllidir. Ola bilsin ki, Rusiyanı narazı salmamaq üçün neft kimi qazın da bir hissəsinin Rusiya ərazisindən nəqlinə cəhd ediləcək. Amma Qərb buna razı olacaqmı? Rusiya bununla kifayətlənəcəkmi? Bu suallara birmənalı cavab vermək olmur.


Amma müşahidələr göstərir ki, Qərblə çəkişmələrdə Rusiya həmişə son nəticədə uduzur. Beləcə, Moskva vaxtilə Ukraynada və Gürcüstanda uduzmuşdu. Bundan əvvəl isə Rusiya Balkanlarda məğlubiyyətə düçar olmuşdu. Bunu əsas götürən müşahidəçilər belə qənaətdədirlər ki, qaz uğrunda yeni çəkişmədə Rusiya bu dəfə də Qərbə uduzacaq. Ən azı ona görə ki, bir–iki il bundan əvvəl Rusiya Azərbaycana və Gürcüstana münasibətdə qaz amilindən istifadə etməyə cəhd etdi və uğursuzluğa düçar oldu. İndi də bu hal istisna olunmur. Amma Azərbaycandan da çox şey asılıdır. İndi mühüm geostrateji seçim anıdır. Bu seçimdən çox şey asılıdır.


XS
SM
MD
LG