Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:45

Araz Ağalarovun torpaq sövdələşmələri Bakı kəndlərində narazılıq doğurub


«Xəbərimiz olmadan gəlib söküblər»
«Xəbərimiz olmadan gəlib söküblər»

«Bələdiyyədən gəlmişdilər ki, burda - dəniz kənarında kompleks mərkəzi tikəcəklər. İlham Əliyevin qudası…Bağı ölçdülər. Mən də dedim ki, əlimdə sənədlərim var. Getdi-gəldi, iki ay bizim «mazq»ımızı xarab elədilər…»


Bakının Kürdəxanı qəsəbəsinin sakini Ahilə Bağbanqızı deyir ki, yaşadıqları torpaq 1960-cı illərdə onların icarəsinə verilib. Amma deyir, bir müddətdi ki, yerli bələdiyyənin əməkdaşları onlara və qonşulara bu yerlərin «Krokus-Azərbaycan» şirkətinə satılacağını söyləyirlər. Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarovun «Krokus» şirkətinin tərkib hissəsi olan «Krokus-Azərbaycan» Bakının Nardaran-Kürdəxanı ərazisində sahil boyunca turizm kompleksi tikmək istəyir. Şirkət bildirib ki, bu işə 1 milyard dollar investisiya qoymağı planlaşdırır. Araz Ağalarov həm də prezident İlham Əliyevin qudasıdı.


Ləhiş bağlarında yurd salan Kürdəxanı sakinləri deyirlər ki, bir çox qonşularının torpaqlarının əllərindən alınması onları da narahat edib:


«Satmayacağıq. Heç kimə verməyəcəyik».


Kürdəxanı sakinləri istisna etmirlər ki, Araz Ağalarovun adından kimlərsə istifadə edib camaatın torpağını mənimsəməyə çalışır.


Ləhiş bağlarında torpağının əlindən alındığını Azərbaycan Milli Aerokosmik Agentliyinin əməkdaşları da deyirlər. Qurumun elmi işçisi Fatma Qəniyevanın sözlərinə görə, onlara torpaq 1989-cu ildə bağ sahəsi kimi verilib. 2000-ci ildə onlar öz icarə müqavilələrini yeniləyiblər. Bu dəyişikliyə görə, torpaq bəzilərinə müddətsiz, bəzilərinə isə 2010-cu ilə qədər icarəyə verilib. Fatma Qəniyeva:


«Biz orda daş qaldırmışdıq, ev tikmişdik, çəpər çəkmişdik. Xəbərimiz olmadan gəlib söküblər».


Agentliyin işçiləri Kürdəxanı bələdiyyəsini məhkəməyə veriblər. Məhkəmə zamanı bəlli olub ki, Bakı Şəhər İcra Hakimiyyəti Kürdəxanı bələdiyyəsinə bu ərazilərin «Krokus» şirkətinə verilməsi barədə göstəriş verib.


Kürdəxanı bələdiyyəsindən də təsdiqləyirlər ki, onlar Bakı Şəhər İcra Hakimiyyətindən belə bir qərar alıblar. Bələdiyyə sədrinin müavini Balahüseyn Babayev:


«Krokus» şirkəti dəniz kənarında turizm kompleksi tikir. Bu məsələ dövlət səviyyəsində həll olunur. Ona görə də torpaqlar şirkətə verilib».


«Krokus-Azərbaycan» şirkətinin rəhbəri Gündüz Kərimov isə deyir ki, Aerokosmik Agentliyin işçilərinin iddia etdiyi torpaqlar onların baş planına daxil deyil. Kərimovun sözlərinə görə, onların aldıqları ərazilərin böyük əksəriyyəti sənədsiz olub. Bununla belə, onlar kənd camaatından halallıq almaq üçün onlara müəyyən vəsait ödəyiblər:


«Həm onlara pul verdik, həm də dövlətə rəsmi pul ödədik».


Kürdəxanı bələdiyyəsindən isə deyirlər ki, «Krokus-Azərbaycan» şirkətinə verilən sahələr içində Aerokosmik Agentliyə ayrılan torpaq sahələri də var.


«Krokus-Azərbaycan» şirkətinin rəhbərinin sözlərinə görə, onlar turizm kompleksi üçün yenidən torpaq almaq istəyirlər. Amma Gündüz Kərimov neçə hektar torpaq almaq istədiklərini açıqlamaq istəmədi, yalnız onu dedi ki, əgər kimsə onların adından sakinlərin torpağını almaq istəyirsə, camaat polisə müraciət etsin:


«Natəmiz adamlar ola bilər ki, bizim adımızdan istifadə etsin. Onlar polisə müraciət etsinlər».


Hüquqşünas İntiqam Əliyev deyir ki, 2007-ci ildə prezidentin sərəncamıyla bağ təsərrüfatları ləğv edilib və Nazirlər Kabinetinə tapşırılıb ki, icarədə olan torpaqların icarəçilərin şəxsi mülkiyyətinə verilməsini təmin etsin. Onun sözlərinə görə, bu, dövlətin icarəçiləri potensial mülkiyyətçi kimi tanıdığını göstərir. İntiqam Əliyev hesab edir ki, problemlə üzləşən icarəçilər dövlətin onların mülkiyyətinə əsassız müdaxiləsi iddiasıyla beynəlxalq qurumlara belə üz tuta bilərlər.


XS
SM
MD
LG