Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:50

Süleyman Sani Axundov. Bir eşqin nəticəsi


Bir pərdəli, iki şəkilli

İŞTİRAK EDƏNLƏR

K ə r b ə l a y ı N ə b i - əlli yaşında, şişman.
Ş ö v k ə t - on iki yaşında, qaçqın bir qız, Kərbəlayı Nəbinin xidmətçisi.
P ə r i c a h a n - 35 yaşında, Kərbəlayı Nəbinin qulluqçusu.
M o l l a R ə h i m
M ə ş ə d i S ə f d ə r q u l u Kərbəlayı Nəbinin kirayənişinləri.
Q ı z x a n ı m - Məşədi Səfdərqulunun arvadı.
M a r a l x a n ı m - kommunist.
Ə l i - onun oğlu, səkkiz yasında.
Ş i r ə l i.
İki milis nəfəri.


BİRİNCİ ŞƏKİL

Səhnə Kərbəlayı Nəbinin qonaq otağını göstərir, otaq bəzəkli bir otaqdır. Üç
tərəfdən qapı açılır.

P ə r i c a h a n (otağı nizama salarkən soylənir.) Kişilərdə heç vəfa olmazmış.
Xanım öləni heç bir ay olmaz, ağa evlənmək fikrinə düşübdür, yaşı da əlli beşdən
yuxarıdır. Xanımın vəfatından bəri şadlığından bilmir ki, nə etsin. On beş yaşında
cavan kimi gah oxuyur, gah oynayır, gah güldən dəm vurur, gah bülbüldən. Bir
söz, eşq başına vurmuş. Ancaq başa düşə bilmirəm ki, bu eşq kimədir. Məndən
başqa burada arvad yoxdur. Ağa əvvəllərdə də mənlə mazaqlaşardı, məni
çimdiklərdi, mənə söz atardı. Yəqin bu eşq mənədir. Nə yaxşı iş olardı ki, birdən
ağa məni alaydı, bu evə xanım edəydi. Odur oxuya-oxuya gəlir.
K ə r b ə l a y ı N ə b i (əlində həna daxil olur.)
Məzəlim, ay məzəlim,
Gözəlim, ay gözəlim.
Mən səni çox sevərəm.
Mən səni çox sevərəm.
Ay qız ey, irəli gəl. (Pəricahan irəli gəlir, saqqalını gostərərək.) De görüm, bu
nədir?
P ə r i c a h a n. Buy, ay ağa, nə deyirsən? Saqqaldır, dayna.
K ə r b ə l a y ı N ə b i. A kişilər, bu qız düz iyirmi beş ildir ki, mənim evimdə
qulluqçudur. Mən bu "dayna" sözünü buna tərk etdirə bilmədim. A mürtəd qızı,
mürtəd! Xeyr, saqqal deyil.
P ə r i c a h a n. Ağa bəs nədir?
K ə r b ə l a y ı N ə b i. Nə bilim nədir? Süpürgə çöpüdür. Koldur, kosdur,
qanqaldır. Hər nə zibil isə, ancaq saqqal deyil.
P ə r i c a h a n. Ay ağa, nə danışırsan? Üzdə də qanqal bitərmi?
K ə r b ə l a y ı N ə b i. Elə məndə onu səndən soruşmaq istəyirdim. Bu gün
məni, sən kafir qızı, taytuşlar yanında biabır etmisən. Hər kəs görür, deyir ki,
Kərbəlayı Nəbi, nə bərk qocalmısan. Balam, mən haradan qoca oldum? Çox olsa,
çox olsa, otuz beş sinnim var.
P ə r i c a h a n. Vaxsey, ay ağa, nə deyirsən? Demək, mən bu evə qulluqçu
gələndə sən on yaşında uşaq idin?
K ə r b ə l a y ı N ə b i. Kəs səsini, kafir qızı kafir. Dəli şeytan deyir bu saqqalı,
bığı qırxdır tök yerə, 25 yaşında cavan ol. Onda da söyəcəklər ki, Kərbəlayi Nəbi
komsomol olubdur.
P ə r i c a h a n. Ağa, Maral xanım, belə bizim qonşumuz hər gün küçədən
gedəndə mənə deyir ki, gəl səni də kluba yazım.
K ə r b ə l a y ı N ə b i. Ay qız, nə deyirsən? Kluba!
P ə r i c a h a n. Ağa, vallah, doğru deyirəm. O axşam Məşədi Səfdərqulu yenə
piyan gəlib yazıq Qızxanımı döyməyə başladı. Onun qışqırığına Maral xanım gəlib
çıxdı. Vallah, ağa, Məşədi Səfdərqulunun üstə elə qışqırdı ki, kişi qorxusundan
piyanlığından lap ayıldı. Maral xanım dedi ki, bir də eşidəm sən arvadını döyürsən,
ya incidirsən, tutub çekaya salacağam.
K ə r b ə l a y ı N ə b i. Çekaya?
P ə r i c a h a n. Bəli, çekaya!
K ə r b ə l a y ı N ə b i. Bilmirəm, bu kafir qızı haradan gəlib mənə qonşu
oldu? Pəricahan, bolşeviklər kafirdirlər, onlar allahı inkar edirlər. Peyğəmbərə,
imama, müctəhidə, pirə inanmırlar. Birdən ağlını unudub onlara qoşularsan, onda
inkir-minkirə nə cavab verəcəksən. Məgər cəhənnəmin odundan qorxmursan?
P ə r i c a h a n. Xeyr, ağa, mən elə dinsizlərə qarışmaram, arxayın ol.
K ə r b ə l a y ı N ə b i. Bilmirəm, bu şeytanı sən haradan mənim yadıma
saldın. Lap ovqatımı təlx etdin. Xülasə, xalasına lənət, gələk saqqal məsələsinə. Bir
de görüm, mənim bu saqqalım əvvəllərdə nə tövr olardı?
P ə r i c a h a n. Ağa, qapqara şəvə kimi.
K ə r b ə l a y ı N ə b i. Belə atan oldu rəhmətlik. Onu şəvə kimi edən kim
olardı?
P ə r i c a h a n. Belə mən. Həftədə iki dəfə, üç dəfə xına qoyub yuyardım,
saqqalın da qapqara kömür kimi olardı.
K ə r b ə l a y ı N ə b i. Bəs onu indi niyə etmirsən, a zalım qızı?
P ə r i c a h a n. Ağa, dedim yəqin xanımın yasını saxlayırsan, onun üçün də
saqqalına xına qoymursan.
K ə r b ə l a y ı N ə b i. Xub, biri öləcək, biri dünyaya gələcək, burada saqqalın
günahı nədir ki, bu günə düşsün?
P ə r i c a h a n. Ağa, buyurarsan, elə bu gecə saqqalına xına qoyaram.
K ə r b ə l a y ı N ə b i. Gecə nədir? Elə indicə bu xınanı suya qoyarsan, bir
azdan sonra da saqqalıma qoyarsan. Bu gecə xeyir işim var.
P ə r i c a h a n. Ağa, o necə xeyir işdir?
K ə r b ə l a y ı N ə b i. Sən bilmirsən ki, o necə xeyir işdir? Görmürsən ki, eşq
topuğuma vurubdur?
P ə r i c a h a n. Ay ağa, eşq adamın başına vurar.
K ə r b ə l a y ı N ə b i. Eşq mənim başıma da, döşümə də, belimə də, əlimə də,
ayağıma da, hətta bağırsaqlarıma da vurubdur, cəmi vücudum eşq oduna yanır. Bu
dəmdə mənə bir spiçka vursan, şam kimi əriyib tökülərəm. Mən qabaqda eşqməşqə
inanmazdım, deyərdim, ele şey yoxdur, onu şairlər icad ediblər. Demə,
kişilər doğru deyirmiş. Nədir eşq? "Məhəbbət bir bəla şeydir, giriftar olmayan
bilməz". Vallahi ki, belədir. İndi Pəricahan, iş sənə qalıbdır.
P ə r i c a h a n. Ağa, mən razıyam.
K ə r b ə l a y ı N ə b i. Ay sağ ol, mənim ağıllı Pəricahanım.
P ə r i c a h a n. Ancaq, ağa, gərək bir az səbir edək, el bizə nə deyər? Bir aydır
ki, xanım ölübdür, heç olmasa qoy qırxı çıxsın.
K ə r b ə l a y ı N ə b i. Xeyr, xeyr, eşq məni yaman hala salıbdır. Davam edə
bilmirəm. Gərək bu gecə nə tövr olsa iş bitsin. El özü çox yaxsı bilir ki, müsəlman
olan şəxs, heç bir gün də arvadsız dura bilməz.
P ə r i c a h a n. Ağa, bəs mən bu otuz ili necə ərsiz qalmışam?
K ə r b ə l a y ı N ə b i. O da sənin səfehliyin. Müsəlman qızı elə ki, doqquz-on
yaşına çatdı, ver getsin ərə.
P ə r i c a h a n. Ağa, sənin fikrin odur ki, elə bu gecə kəbin kəsilsin?
K ə r b ə l a y ı N ə b i. Bəli.
P ə r i c a h a n. Axı mənim vəkilim yoxdur.
K ə r b ə l a y ı N ə b i. Sən vəkili neylirsən?
P ə r i c a h a n. Bəs qız tərəfindən vəkil lazım deyilmi?
K ə r b ə l a y ı N ə b i. A səfeh qızı səfeh, nə danışırsan? Məgər mən səni
alıram?
P ə r i c a h a n. Bəs kimi alırsan? Mən elə bilirəm məni alırsan.
K ə r b ə l a y ı N ə b i. Səni? Ha-ha-ha... Dünyanın çopuru elə mənə qalmışdı.
Sən elə çopursan ki, başından bir çuval darı töksən, bir dənəsi de yerə düşməz. Bir
Pəricahana bax, kül olsun o cahanın başına ki, sənin kimi pərisi var. A kişilər, mən
bu ad qoyan ata-anaya lap məəttəl qalmışam. Görürsən meymuna oxşayan qızlara
ad qoyurlar: Dürnisə, Mələkmənzər, Mahtaban.
P ə r i c a h a n. Yaxşı, məni almırsan, bəs kimi alırsan?
K ə r b ə l a y ı N ə b i. Belə gözəlini, məzəlini.
P ə r i c a h a n. Məzəli kimdir?
K ə r b ə l a y ı N ə b i. Belə Şövkət, mənim canım ona qurban olsun.
P ə r i c a h a n. Vaxsey, gör bu qoca kaftar nə fikrə düşübdür. şövkətin heç on
bir yaşı tamam deyil, o hələ gəlin oynadır.
K ə r b ə l a y ı N ə b i. Elə mən də onun ilə gəlin-gəlin oynayacağam. Bir də
baxıb görəcəkdir ki, dünyaya bir bapbalaca bəbə gəlibdir. Oynatsın nə qədər kefi
istəyir.
P ə r i c a h a n. Mən bu işə heç vaxt razı ola bilmərəm.
K ə r b ə l a y ı N ə b i. Səfeh qızı səfeh, sən mənə qəyyumsan ki, razılıq
istəyim. Elə sən cəhənnəmə razı olma.
P ə r i c a h a n. İndi ki, belə oldu, mən bu işi pozacağam.
K ə r b ə l a y ı N ə b i. Necə pozacaqsan?
P ə r i c a h a n. O mənim işimdir.
K ə r b ə l a y ı N ə b i. Yenə bilək de...
P ə r i c a h a n. Belə Maral xanıma deyəcəyəm, o da səni bu işin üstə tutub
çekaya salacaqdır.
K ə r b ə l a y ı N ə b i. A balam, Maral xanıma nə dəxli var? Şəriət təriqilə
evlənirəm. Doğru deyiblər ki, arvadın heç ağlı olmaz, öz xeyrini anlamaz. Gəl, sən
mənim işimi düzəlt, - mən də sənin işini... O günü Məmmədəli mənim yanıma gəlmişdi, mənə başsağlığı verəndən sonra, dərdini açıb dedi: kərbəlayı, mən Pəricahanı bəyənmişəm, izin versən, elçi göndərərəm.
P ə r i c a h a n. Ay ağa, sən allah, doğru deyirsən?
K ə r b ə l a y ı N ə b i. Məndən heç yalan eşitmisən? Gör sənə nə cür cehiz
verəcəyəm? Səni istəyən adam bir elə gözəl oğlandır ki, görən kimi eşq mənim
kimi topuğuna vuracaqdır. İndi de görüm razısanmı?
P ə r i c a h a n. Əlbəttə, razıyam.
K ə r b ə l a y ı N ə b i. Onda gedək, sən saqqalıma xına qoy, mən də nə
edəcəyimi söyləyim.
Gedirlər, Sonra Şövkət ilə Əli əllərində kukla daxil olurlar.
Ə l i. Nə oynayacağıq?
Ş ö v k ə t. Hələ qoy, laylay çalım gəlinimiz yatsın, sonra bacı-qardaş oynarıq,
Ə l i. Yaxşı.
Ş ö v k ə t.
Laylay dedim yatasan,
Qızıl gülə batasan,
Qızıl gül bağın olsun,
Gölgəsində yatasan.
Balam laylay, a laylay,
Gülüm laylay, a laylay.
Ə l i. Mənim bəbəm yatdı.
Ş ö v k ə t. Beşiyə qoy, üzunə də cuna ört. Mənim bəbəm hələ yatmayıbdır.
Qoy laylay çalım, o da yatsın:
Laylay dedim yatınca,
Gözlərəm ay batınca,
Canım zinhara gəldi,
Sən hasilə çatınca,
Balam laylay, a laylay,
Gülüm laylay, a laylay.
İndi bu da yatdı. Qoy, ikisi də bir yerdə yatsın. (Qoyur.)
Ə l i. Gəl, indi bacı-qardaş oynayaq.
Ş ö v k ə t. Yaxşı.
Ə l i. A Şövkət bacı, mənə bir nağıl söylə.
Ş ö v k ə t. Yaxşı, qardaşım Əli, mən sənə bir qəmgin nağıl söylərəm.
Qardaşım, biri varmış, biri yoxmuş, bir Səlim adında kənd müəllimi varmış. Bunun
Gövhər adında bir arvadı, yeddi yaşında Əhməd adında bir oğlu, səkkiz yaşında
Şövkət adında bir qızı varmış.
Ə l i. Vay, onun da adı Şövkət imiş?
Ş ö v k ə t. O vaxt qırğın düşür, bunların kəndinə düşmən tökülür, adamları
qırılır. Səlim külfətini götürüb qaçır, gecə meşədə onların üstünə tökülüb gülləyə
tuturlar. Şövkət qaçıb ağacların arasında gizlənir. Səhər olanda Şövkət gəlib görür
ki, atasını, anasını və balaca qardaşını öldürüblər. Şövkət özünü onların üstünə
salır, zar-zar ağlayır.
Ə l i. Bacım, nə üçün ağlayırsan? Sən allah ağlama, yoxsa, mən də ağlaram.
Ş ö v k ə t. Necə ağlamayım? O balaca Şövkət mən özüməm, atasız-anasız bir
yetiməm. Məni üç il kəndli Cəfər baba öz uşaqları ilə bir yerdə saxladı. Mən onları
çox istəyirdim, onlar da məni. Sonra məni Kərbəlayı Nəbi qulluqçu gətirdi.
Ə l i. Mən elə bilirdim, sən o qoca kişinin nəvəsisən.
Ş ö v k ə t. Yox, qulluqçusuyam. Onun arvadı məni çox istəyirdi, bir aydır ki,
ölübdür.
Ə l i. Bacım, mən belə nağıl istəmirəm.
Ş ö v k ə t. Gəl tapmaca deyim, sən də tap.
Ə l i. Yaxşı.
Ş ö v k ə t. Tap görüm, atdan hündür, itdən alçaq.
Ə l i. Yəhər.
Ş ö v k ə t. Tapdın, bildin. O yanı çəpər, bu yanı çəpər, içində atlı çapar?
Ə l i. Onu bilmirəm.
Ş ö v k ə t. Nehrə.
Ə l i. İndi sən tap görüm, biri bizə yağıdır, biri cənnət bağıdır, biri yığar gətirər,
biri vurar dağıdar.
Ş ö v k ə t. İlin fəsilləri.
Ə l i. Bacım, mənə o günkü tapır-tupuru de.
Ş ö v k ə t. Yaxşı.
Tapır-tupur atdılar,
Qolları bazbəndlilər...
Şah evinə gedərsiz,
Siçan bəyə deyərsiz:
Pıspısa xanım.
Dabancığı xəstə xanım,
Düşüb dəvə gölünə,
Boğulur xəstə xanım.
Gülüşürlər.
Ə l i. Axşam bizə gələcəksənmi?
Ş ö v k ə t. Gələcəyəm, həm sənin dərsini öyrədəcəyəm, həm də Maral
xanımdan dərs alacağam.
Ə l i. Anam deyirdi ki, Şövkəti məktəbə qoyacağam.
Ş ö v k ə t. Ah, nə yaxşı olardı. Atam yazıq məni oxudurdu.
Ə l i. Mən gedim.
Şövkət ilə öpüşür, bu halda Kərbəlayı Nəbi saqqalı bağlı daxil olur.
K ə r b ə l a y ı N ə b i. Ədə sən kimsən? Burada aşnabazlıq edirsən? Sənin
qulağını elə çəkərəm ki, yerindən qopar. Qurumsağın biri.
Ə l i. Mən Maral xanımın oğluyam.
K ə r b ə l a y ı N ə b i. Maral xanımın oğlu? Bala mən sənnən zarafat edirdim.
Mən səni çox istəyirəm. (Cibindən konfet cıxarıb ona və Şovkətə verir.) Alın, gedin
həyətdə oynayın. Oğlum, birdən mən dediyim sözü anana deyərsən ha. Mən sənnən
zarafat eləyirdim. Dedim görüm, qorxaq uşaq deyilsən ki?
Ə l i. Mən heç kəsdən qorxmuram.
K ə r b ə l a y ı N ə b i (kənara). Niyə qorxasan, Maral xanım kimi kommunist
anan var. (Əliyə.) İndi, balalarım, gedin oynayın, buraya qonaq gələcəkdir.
Əli və Şövkət gedirlər.
K ə r b ə l a y ı N ə b i. O şeytan qızı Maral xanımdan çox qorxuram.
Molla Rəhim və Məşədi Səfdər qulu daxil olurlar.
M o l l a R ə h i m. Səlamünəleküm.
K ə r b ə l a y ı N ə b i. Əleküməssəlam.
M ə ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı, bizə görə qulluq?
K ə r b ə l a y ı N ə b i. Qulluq deyil, buyruqdur. Atam, siz mənim ilə bu
xarabaya şəriksiniz? Sən Molla Rəhim üç aydır ki, kirayə vermirsən, bu da beş
aydır.M o l l a R ə h i m. Kərbəlayı, and içirəm o hərəmi möhtərəminizin pak olan
ruhuna, heç gəlirim yoxdur. Tükəzbanı satıb paltarı çılpaq qoymuşam.
Səfdərqulu qəhqəhə ilə gülür.
K ə r b ə l a y ı N ə b i. Ədə bu nə deyir? Tükəzbanı satıb paltarı çılpaq
qoymuşam.
M ə ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı, biyol bil ki, Molla Rəhim çox səhv
vurandır. O demək istəyirdi ki, paltarı satıb Tükəzbanı çılpaq qoymuşam. O gecə
evinə bir qonaq gəlib gedəndə deyib, arvad, tez ol başmağı tut qoanq lampanı
geysin.
Gülüşürlər.
K ə r b ə l a y ı N ə b i. Yazıq nə etsin, kitaba baxmaqdan başı xarab olubdur.
Xub, deyək ki, mollanın işi xod deyil, gəliri yoxdur. Bəs, Məşədi Səfdərqulu, sən
nə deyirsən? Özün görürsən ki, bir gün ev naloqunu kassaya gec verəndə
kommunxoz adamın atasını yandırır. Sənin arvadın Qızxanım səhərdən-axşama
kimi o evdə, bu evdə çörək bişirib, paltar yuyub, pul qazanır; hamısını gətirib sənə
verir. Sən də onun hamısını şəraba verirsən, heç mənzil kirayəsi dərdinə qalmırsan.
Yəni bu zəhrimarı içməsən olmaz? A kişi, sən niyə buna nəsihət etmirsən?
M o l l a R ə h i m. Etməkdən yorulmuşam, tərk edə bilmir.
M ə ş ə d i S ə f d ə r q u l u. Ay kərbəlayı, biyol bunu bil ki, hər kəs bir şeyə
eşq bağlar. Biri arvada, biri ata, biri quşa, biri qoça, biri nə bilim nəyə. Mən başı
daşlı da bu şəraba eşq bağlamışam.
M o l l a R ə h i m. Mən də pula aşiqəm, amma onun üzünü heç görmürəm.
M ə ş ə d i S ə f d ə r q u l u. Əsil aşiq sənsən. Aşiq gərək məşuqəsini az-az
görsün.
K ə r b ə l a y ı N ə b i. Molla Rəhim, sən mənim işimi düzəlt, mən də sənin o
məşuqəni belə ciblərinə doldurum. Həm kirayə pulunu da bağışlayım.
M ə ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı, bəs bu xeyir işdən mənim xeyirim nə
olacaqdır?
K ə r b ə l a y ı N ə b i. Sənin kirayəni bağışlayıb, o qədər pul verəcəyəm ki, o
məşuqən şərabın küpünə girib nə qədər istəsən içəsən.
M ə ş ə d i S ə f d ə r q u l u. Ay sağ ol kərbəlayı, mən də bu yolda başımdan
keçərəm.
M o l l a R ə h i m. İndi əmrinizi buyurun.
K ə r b ə l a y ı N ə b i. Mən istəyirəm qulluqçum Şövkəti alam. Qız hərçəndi
kiçikdir, amma on iki yaşı var, şəriət ilə kəbin düsər. Mən bilirəm ki, qız öz ixtiyarı
ilə mənə gəlməyəcəkdir. Ona görə gərək burada hiyləyi-şər oluna. Onun da yolunu,
Molla Rəhim, siz bilirsiniz.
M o l l a R ə h i m. Madam ki, qız razı deyil, nə etmək olar?
K ə r b ə l a y ı N ə b i. A Molla Rəhim,bunu mənə deyirsən? Hansı qızın
razılığı ilə kəbinini kəsmisən? Hansı qızı özünüz danışdırıb razılığını almısınız?
Yalançı şahid də dünyada çox.
M ə ş ə d i S ə f d ə r q u l u. A kişi, kərbəlayı düz deyir, şahidin biri də mən.
K ə r b ə l a y ı N ə b i. Ay sağ ol,Məşədi Səfdərqulu, fikrimi anlamısan.
M o l l a R ə h i m. Məncə qızın yanında nə nigah, nə kəbin sözü açılmamalı,
nə qədər kiçik olsa da bu sözləri anlar. Gərək onu çağırıb deyək ki, kərbəlayını
sənə siğə edirik, çünki şəriətimizdə qız xeylağı gərək gizlənsin, o da qulluqçu üçün
çətindir. Ancaq Pəricahan da təsdiq etsin ki, o da kərbəlayıya siğədir.
K ə r b ə l a y ı N ə b i. Çox gözəl fikirdir. Pəricahandan arxayın olunuz. Onun
ilə bu barədə danışmışam. Molla sonra?
M o l l a R ə h i m. Daha bunun sonrası yoxdur. Kəbini kəsərik, basqa
razılığını almaq, o sizin xüsusi işinizdir.
K ə r b ə l a y ı N ə b i. Çox əcəb, Pəricahan! Pəricahan!
P ə r i c a h a n (daxil olur.) Nə buyurursan?
K ə r b ə l a y ı N ə b i. Şövkəti buraya çağır, özün də gəl.
Pəricahan gedir.
M ə ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı, neçə gündür ayıqlıqdan başım lap
çatlayır.
K ə r b ə l a y ı N ə b i. A kişi, sən nə səbirsiz adamsan, elə bu gecə sənnən
məxsusi kef edəcəyəm. Ancaq gərək qız üçün də bir vəkil hazır edəsən.
M ə ş ə d i S ə f d ə r q u l u. O barədə arxayın ol.
Şövkət ilə Pəricahan daxil olurlar.
K ə r b ə l a y ı N ə b i. Qızım, Şövkət, bizim şəriətimizdə arvad tayfası
naməhrəm kişilərə üzü açıq görükə bilməz. Mən sənə naməhrəməm, belə açıq
mənim yanıma girib çıxanda həm sən, həm də mən günah edirik. İndi gərək bu
molla bizə siğə oxuya ki, biz bir-birimizə məhrəm olaq.
Ş ö v k ə t. Siğə nədir?
K ə r b ə l a y ı N ə b i. Siğə bir duadır ki, bu molla oxuyacaq, onda biz birbirimizə
ər-arvad kimi olacağıq.
Ş ö v k ə t. Ər-arvad? Yox, mən onu istəmirəm.
M o l l a R ə h i m. Qız, kərbəlayı səhv dedi, yəni sən ər-arvad kimi
kərbəlayının yanına üzü açıq girib-çıxa bilərsən.
Ş ö v k ə t. Pəricahan, sənə də belə dua oxuyublar.
P ə r i c a h a n. Bəli.
Ş ö v k ə t. Onda mən də razıyam.
K ə r b ə l a y ı N ə b i. Ay sağ ol, mənim gül balam, bülbül balam. A kişilər
bilirsinizmi, necə bu mənim məzəlim, gözəlimdir. İndi get, Pericahan sənə aldığım
paltarı və qeyri şeyləri göstərsin.
Gedirlər.
M o l l a R ə h i m. İndi vəkillər və şahidlər lazımdır.
M ə ş ə d i S ə f d ə r q u l u. Onların hamısını mən bu gecə hazır edərəm.
K ə r b ə l a y ı N ə b i. A kişi, sən nə yaxşı adamsan. Ala bu pulu cibinə qoy.
(Pul verir.) Ədə birdən, evi bərbad oğlu, gedib içib məst olarsan, işləri xarab
edərsən.
M ə ş ə d i S ə f d ə r q u l u. Xeyr, arxayın ol, içməyin də vaxtı var.
M o l l a R ə h i m. İndi mürəxxəs olaq!
K ə r b ə l a y ı N ə b i. Buyurun, işinizdə olun. Bu axşam məxsusi burada bir
balaca kef çəkərik.
M e ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı, sənin bu gecəki kefin kaş məndə
olaydı. Xudahafiz.
K ə r b ə l a y ı N ə b i. Adə, bu Ərdəbil lotusu nə deyir?
M ə ş ə d i S ə f d ə r q u l u. O söz.
Gedirlər.
K ə r b ə l a y ı N ə b i. Adə nə əcəb ih oldu. (Cırtıq vura-vura oynayır.)
Məzəlim, ay məzəlim,
Gözəlim, ay gözəlim.
Gözəlim, ay gözəlim.
Səni mən çox sevirəm.
Pərdə


İKİNCİ ŞƏKİL

Həmin otaqda gecə. Pəricahan süfrə salıb masaya bosqab düzür, yanında Şövkət.

P ə r i c a h a n. Mən stolu hazır edirəm, sən də o şamları yandırıb düz.
Ş ö v k ə t. Lap toya oxşayır.
P ə r i c a h a n. Toy deyil, bəs nədir?
Ş ö v k ə t. Bu kimin toyudur?
P ə r i c a h a n. Sənin.
Ş ö v k ə t. A qız nə danışırsan? Məni kimə verirlər?
P ə r i c a h a n. Ağaya, özün mollanın yanında razı olmadınmı?
Ş ö v k ə t. Mən dua oxumağa razı oldum, o duanın adı nə idi?
P ə r i c a h a n. Siğə.
Ş ö v k ə t. Hə, siğə.
P ə r i c a h a n. Nə təfavütü var? O da o birisinin tayıdır.
Ş ö v k ə t. Sən allah doğru deyirsən?
P ə r i c a h a n (gulur.) Yox, zarafat edirəm.
Ş ö v k ə t. Sənə də siğə oxunanda belə qonaqlıq oldu?
P ə r i c a h a n. Əlbəttə, hətta oxuyan, çalan da vardı. Mən də o qədər oynadım
ki, ayaq üstə durmağa taqətim qalmadı.
Ş ö v k ə t. Ah, oynamağı mən çox sevirəm.
P ə r i c a h a n. Sən də ağaya de, Məşədi Səfdərqulu qonşusu Şirəlini çağırsın,
o çalsın, sən də belə nə qədər kefin istəyir oyna.
Ş ö v k ə t. Pəricahan, sən allah doğru deyirsən? Yəni ağaya desəm, gətirdər?
P ə r i c a h a n. Əlbəttə, gətirdər.
Ş ö v k ə t. Yaxşı, sən de oynayacaqsanmı?
P ə r i c a h a n. Əlbəttə, oynayacağam. İndi gəl gedək səni geyindirim.
Gedirlər, sonra Kərbəlayı Nəbi, Məşədi Səfdərqulu daxil olurlar.
K ə r b ə l a y ı N ə b i. Sənə dedimki, bu zəhriman içmə, yoxsa işləri xarab
edərsən. Genə qulaq asmadın. İndi bu gecə iç nə qədər qarnın tutur.
M ə ş ə d i S ə f d ə r q u l u (yarımməst). Kərbəlayı biyol bunu bil ki,
müsəlman arvadı döyülməyə yaranıbdır. Başı yarılmağa, qabırğaları sınmağa.
K ə r b ə l a y ı N ə b i. Elə gərək mənim xeyir işimdə bunu edəydin?
M ə ş ə d i S ə f d ə r q u l u. Axı, a kişi, mən nə edim? Sən verdiyin pula bir az
zəhrimar alıb evdə içirdim. Arvad da tutdu ki, bəs bu pulu haradan almısan? Bu söz
biləmə toxundu, dedim arvad necə? Mən kişi deyiləm? Mənim cibimdə pul olmaz?
Dedi yox, sən kişi deyilsən, kişi olsaydın mən arvadın pulu ilə dolanmazdın, yəqin
yenə mənim şeylərimdən satmısan.
K ə r b ə l a y ı N ə b i. Ədə deyəydin, pulu mənə Kərbəlayı Nəbi veribdir,
dava qurtarardı.
M e ş ə d i S ə f d ə r q u l u. Bəs demədim, ondada tutduki, sən yalan deyirsən.
Sən kərbəlayıya pul verməkdən kərbəlayı sənə nə səbəbə pul versin. Mən əhvalatı
nağıl etdim. Yenə bidin qızı inanmayıb dedi: sən məni aldadırsan. O qocalıqda kişi
on bir yaşında qulluqçusunu almaz.
K ə r b ə l a y ı N ə b i. Yəni belə dedi? O qocalıqda kişi?
M ə ş ə d i S ə f d ə r q u l u. Bəli!
K ə r b ə l a y ı N ə b i. Onda əcəb etmisən ki, onun qol-qıcını sındırmısan.
Mən qocayam?
M ə ş ə d i S ə f d ə r q u l u. Bu söz mənim lap biləmə toxundu. Ağacı götürüb
nə yemisən turşulu aş. Başını yardım, qolunu sındırdım, ağlaya-ağlaya birbaş çıxıb
getdi.
K ə r b ə l a y ı N ə b i. Ədə,birdən Qızxanım gedib şikayət-zad edər.
M ə ş ə d i S ə f d ə r q u l u. Allah vurub onu, küsüb yenə xalasıgilə gedər. A
kişi, onları boşla getsin, kefini pozma. Kərbəlayı, süfrədə şüşə görünmür.
K ə r b ə l a y ı N ə b i. Qorxma, almışam, ancaq molla Rəhim gələcəkdir, onun
yanında mən içə bilməyəcəyəm. Qoy gəlsin, onu yedirdək, yola salaq, sonra öz
kefimizdə.
M ə ş ə d i S ə f d ə r q u l u. Ha-ha-ha...
K ə r b ə l a y ı N ə b i. Ədə, a bic, nəyə gülürsən?
M ə ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı, o da lotudur, sən öləsən şərabın
küpünə girir.
K ə r b ə l a y ı N ə b i. A kişi, nə danışırsan? Vay sənin zatına lənət, a bele
molla.
Şövkət daxil olur.
Ş ö v k ə t. Ağa!
K ə r b ə l a y ı N ə b i. Belə can, nə buyurursan mənim gözəlim, məzəlim?
Ş ö v k ə t. Pəricahan deyir ki, o sənə siğə olanda çalğıçı gətirmişdin. İndi mənə
də gətirsənə. Axı mən də oynamaq istəyirəm.
K ə r b ə l a y ı N ə b i. Belə mənim bu gözlərim üstə, mənim nazlı balam. Get
Pəricahana de ki, Şirəlini buraya çağırsın. Tarını da gətirsin.
Şövkət gedir.
M ə ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı, qız ilə aranı yaman sazlamısan, ha.
K ə r b ə l a y ı N ə b i. Sən öləsən məşədi, özümü on səkkiz yaşında cavan
kimi hiss edirəm.
M ə ş ə d i S ə f d ə r q u l u. Şərabdan da vurub qızmış şirə dönəcəksən.
K ə r b ə l a y ı N ə b i. Ədə, məşədi, gərək qızın yanında içməyəm. Yoxsa
məndən ürküb qaçar.
M ə ş ə d i S ə f d ə r q u l u. A kişi, sənin toruna düşən haraya qaça bilər?
K ə r b ə l a y ı N ə b i. Əlbəttə, küçələrdə dilənçilik edən bir qızı gətirib özümə
arvad etmişəm. Daha niyə öz vəliyyinemətinə şıllaq atsın?
Ş i r ə l i (əlində tar daxil olur.) Salamünəleyküm kərbəlayı, toyun mübarək
olsun.
K ə r b ə l a y ı N ə b i. Əleyküməssəlam Şirəli, səndən çox razıyam, mənim bu
işimdə çox zəhmət çəkmisən.
Ş i r ə l i. A kişi, təki sən belə toylardan tez-tez edəsən, mən də gələm.
Gülüsürlər.
M ə ş ə d i S ə f d ə r q u l u. Ədə, Şirəli,o gorbagorun qızı evə qayıtdı?
Ş i r ə l i. Qızxanımın qol-qıçını elə sındırmamısan ki, bir də xarabana qayıtsın.
M ə ş ə d i S ə f d ə r q u l u. Hələ ona o da azdır.
Ş i r ə l i. Kərbəlayı, süfrə ziynətini stolda görmürəm.
K ə r b ə l a y ı N ə b i. Bu piyaniskələr məni lar təngə getirdilər. (Şkafı acıb
şərab cıxardır.) Ala bu biri, bu da biri, bu da biri.
M ə ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı, bundan Fatıya tuman olmaz.
K ə r b ə l a y ı N ə b i. Ədə, sən doymaz oğlu doymazsan.
M ə ş ə d i S ə f d ə r q u l u. Kərbəlayı, bunun biri mənim, biri sənin, biri bu
cənabın. Bəs mollanın payı? Siz öləsiniz mən öz payımdan bir damcı da ona
verməyəcəyəm, zalım oğlu il uzunu mənim xərcimə içir.
Ş i r ə l i. Aşna, kişinin haqqında böhtan deyirsən. Mən insafımdan keçə
bilmərəm, pul o yazığınkı olur, içmək də sənlə mənim. Ona da bir tula payı veririk.
Dinə de bilmir, çünki qorxur ki, paxırını açaq.
K ə r b ə l a y ı N ə b i. Görürəm, siz yaxşı sirr saxlayırsınız. Yəqin mənim
içməyimi də ona söyləmisiniz.
Gülüşürlər.
M ə ş ə d i S ə f d ə r q u l u. Əlbəttə, sizin içinizdə kişi bir özümü görürəm.
Apaçıq içirəm. Heç kəsdən gizlətmirəm.
Ş i r ə l i. Kərbəlayı, yenə gözləyəcək adamın var?
K ə r b ə l a y ı N ə b i. Xeyr, bircə Molla Rəhim qalıbdır.
M ə ş ə d i S ə f d ə r q u l u. O, şərabın qülqüləsini eşidən kimi burada hazır
olacaqdır.
K ə r b ə l a y ı N ə b i. Onda buyurunuz başlayaq. (Əyləşirlər, fincanları şərab
ilə doldururlar.)
Ş i r ə l i. Bu piyaləni kərbəlayının sağlığına içək və arzu edək ki, belə
siğələrdən çox etsin və biz dostları da unutmasın.
M ə ş ə d i S ə f d ə r q u l u. Sağol, kərbəlayı, bugecəki kefini allah ömrünə
hesab etsin.
K ə r b ə l a y ı N ə b i. Sağ olun, əziz dostlarım.
İçirlər.
M ə ş ə d i S ə f d ə r q u l u. A kişi, gör mürtəd qızı mürtəd nə deyir. Kərbəlayı
qocadır. İş sinndə deyil, ürək cavan olsun.
M o l l a R ə h i m təğyiri-libas daxil olur.
M ə ş ə d i S ə f d ə r q u l u. A kişi, gəldə, kərbəlayının xeyir işində də içməyib
haçan içəcəksən?
M o l l a R ə h i m. Adə, məni kərbəlayının yanında biabır etmə.
Ş i r ə l i. A kişi, kərbəlayı əhli-ruhdur, işlərdən baxəbərdir, buyur.
Molla Rəhim əyləşir.
M ə ş ə d i S ə f d ə r q u l u. İndi mollanın payını meydana çıxar.
K ə r b ə l a y ı N ə b i. Ədə, bəs nə fikir edirsən? Nə qədər içirsən, iç, dalı
bağlıdır.
M ə ş ə d i S ə f d ə r q u l u. Ha, belə de, mən də gülə-gülə içim. Şirəli,
mollanın piyaləsini doldur.
Şirəli doldurur.
M ə ş ə d i S ə f d ə r q u l u. Bu piyaləni də içək o gözəl xanımın sağlığına.
K ə r b ə l a y ı N ə b i. Şair bu sözləri yəqin mənim məzəlicə gözəlimə
deyibdir:
Əzizim, gözlərim, canım, üzün göstərgilən ayə,
O düşsün torpağa, merac elə sən ərşi-əlayə.
M o l l a R ə h i m. Əhsən, əhsən.
İçirlər.
Ş i r ə l i. Kərbəlayı, şərab, nə şərab, adama ruh verir. Sağ ol.
K ə r b ə l a y ı N ə b i. Nuşican.
Piyalələri doldururlar.
M ə ş ə d i S ə f d ə r q u l u. Bu piyaləni də dostumuz əhli-ruh Molla Rəhimin
sağlığına içək, arzu edək ki, belə-belə hiləyi-şərdən çox düzəltsin və belə keflərdən
də bizi məhrum etməsin.
M o l l a R ə h i m. Əzizlərim, dünyanın ləzzəti iki şeydir: biri bu şərabdır, biri
də zənən. Əbəs yerə şair bunları tərif etmir, bu iki şeyi dünyadan götür, gör yerdə nə qalır. Şərabın nəhyi biz ürəfa üçün deyil, avam
üçündür.
Ş i r ə l i. Kişi haqq söz deyir. Şərab, qadın, fəqət şərab Kərbəlayının şərabı
kimi köhnə və qadın da onun zövcəsi kimi on yaşında olmalıdır.
M o l l a R ə h i m. Sağ ol!
İçirlər.
K ə r b ə l a y ı N ə b i. (oxuyur.)
Zahid, çox eyləmə məni təklifi-cənnətə,
Mən qoymaram behiştə qədəm nazlı yarsız.
M o l l a R ə h i m.
Saqi kərəm eylə cam gəzdir,
Durma, qədəhi müdam gəzdir.
Dövrana çox etibar qılma.
Gəzdir qədəhi, qərar qılma.
Ş i r ə l i. Belə mənim başım üstə.
Piyalələri doldurur.
M ə ş ə d i S ə f d ə r q u l u. Bu piyaləni içək bizim Şirəlinin sağlığına və
təvəqqə edək ki, bir az bizim üçün çalsın.
Ş i r ə l i. Ancaq bu şərt ilə ki, mən çalım, Molla Rəhim də oynasın.
M o l l a R ə h i m. Xeyr, xeyr, mən bacarmaram. O, kərbəlayının işidir, eşq
başına vermuş. Sən çalsan o davam etməyəcəkdir.
Pəricahanla Şövkət daxil olur.
P ə r i c a h a n. Gəl, gəl vallah mən də oynayacağam. İstəyirsən mən qabaqca
oynayım.
Ş ö v k ə t. Vay dədə, vay, burada çaxır içirlər. Yox, mən istəmirəm, mən
gedirəm.
K ə r b ə l a y ı N ə b i. Gəl mənim gözəlim, mənim məzəlim. Bu çaxır deyil,
qırmızı şərbətdir. Görmürsən, Molla Rəhim də içir. Molla da heç çaxır içərmi? (Ayaq ustə qalxır, pyan kimi yırğalanır.) Gəl mənimlə oynayaq, gözəlim.
Ş ö v k ə t. Sən piyansan, mən sənnən oynamaram.
K ə r b ə l a y ı N ə b i. Düzdür, mən piyanam, ancaq çaxırdan yox, sənin
eşqindən, mənim gözlərim. Adə Şirəli, çal. (Şirəli calır.) Ay qız Pəricahan, gəl
mənnən oynayaq, Şövkət baxsın.
Oynayırlar, çırtıq çalır, Kərbəlayı Nəbi Şövkəti qucaqlayıb çəkir, Şövkət qışqırır.
Ş ö v k ə t. Burax məni, burax məni, sən piyansan, səndən qorxuram. Bu halda
Maral xanım, Qızxanım, Əli və iki milis nəfəri daxil olur.
H a m ı. Vaxsey.
Ş ö v k ə t. Maral xanım, məni bunların əlindən al.
M a r a l. Qorxma qızım, qorxma, ay alçaqlar, ay sitəmkarlar, bu məsumə
qızcığazın başına nə iş gətirirsiniz. Söylə, qoca məlun!
K ə r b ə l a y ı N ə b i. Biz bir balaca kef edirdik.
M a r a l. Bəli, bir balaca, yetim qızı da aldadıb özünə gəlin gətirmisən, eləmi?
K ə r b ə l a y ı N ə b i. Biz onu aldatmamışıq. Öz ixtiyarı ilə mənə gəlibdir.
Bunlar da şahiddir. Kəbini də bu Molla Rəhim kəsibdir.
Ş ö v k ə t. Maral bacı, vallah yalan deyirlər, bunlar məni aldatdılar ki, sənə dua
oxuyuruq ki, üzü açıq kərbəlayının yanına girib-çıxa biləsən.
M a r a l. Bilirəm, qızım, hamısını bilirəm, mənə bu Qızxanım söyləyibdir.
M ə ş ə d i S ə f d ə r q u l u. A gorbagorun qızı, gör sənin başına nə iş
getirəcəyəm?
M a r a l. Sus, alçaq! Sənin cəzan bunların hamısından artıq olacaqdır. Gör, öz
zəhmətilə sən binamus əri saxlayanı nə hala salıbsan?
Q ı z x a n ı m. Başına dönüm, Maral bacı, məni bu əjdahanın əlindən al.
M a r a l. Qorxma, bacım, bu əjdahaları mən bir hala salacağam ki, sən özün də
əhsən deyəsən.
M o l l a R ə h i m. Başına dönüm, Maral xanım, bu işdə mənim təqsirim
yoxdur. Bu şahidlərin şəhadəti ilə, şəriət üzrə mən kəbin kəsmişəm. Hərgah indi qız inkar edir, burada da mənim təqsirim yoxdur.
Ş ö v k ə t. Mən haçan sənə izin verdim ki, mənə kəbin kəsəsən, mən siğə
oxumağa razı oldum.
M a r a l. Ay alçaqlar, görmürsünüz ki, bu məsumə qızcığaz heç siğə nə
olduğunu da anlamır. Onu aldadanın biri də bu Pəricahan olubdur.
P ə r i c a h a n. Cəmi taqsır bu qoca kaftardadır. Məni yoldan çıxardan o oldu.
Deyir, mən Şövkətə aşiq olmuşam. Onun eşqindən dəli olmuşam.
M a r a l. Onu ağla gətirərlər. Ay alçaq binamuslar, siz unutmayınız ki, indi
Şura hökumətidir. İndi qadınlar azaddır. İxtiyarları öz əllərindədir. (Milislərə.) Alın
bunları.
P ə r i c a h a n. Məni də?
M a r a l. Səni də, haydı.
H a m ı. Vay, atamızın evi yıxıldı.

Pərdə
XS
SM
MD
LG