Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:49

Süleyman Sani Axundov. Mister Qreyin köpəyi


Puan Qay, Xan Qou şəhərinin Nan Si çayının sahilində əski bir daxmada qoca anası ilə yaşayırdı. Bu gənc, küçə aktyoru idi, Öz şagirdi balaca Sen O ilə
bazarlarda, şənlikli küçələrdə, çayxanalarda oyun çıxartmaq, məzhəkə yaratmaq və mahnı oxumaqla, gündəlik ruzisini qazanardı.

Bəxti gətirib 60-70 qəpikdən çox qazananda, o axşamı, çörək və soğandan əlavə, balıq da alıb şad evlərinə gələrdi və küçədən həyətə daxil olduqda "Ana can,
yuy... yuy..." deyə onu səslərdi.

Puan Qayı çinlilər sevərdilər, lakin avropalılar onu görmək belə istəməzdilər, çünki Puan Qay onların pis xasiyyətlərini, məğrurluqlarını, çinlilərə edilən zülmü
pontamimi tərzi ilə gözəlcəsinə göstərib xalqı güldürürdü. Bunun üstə Puan Qay avropalılar tərəfindən neçə dəfə kötək yemişdi. Lakin yenə də onların təqlidini çıxartmaqdan saqınmazdı. Ancaq şəhərin Avropa hissəsinə enməkdən çəkinərdi.

Bir səhər Puan Qay küçədə həsir salıb, üst paltarını soyunub oyun çıxarırdı.
Adamlar yığılıb ona tamaşa edirdilər. Bu zaman mister Qreyin aşpazı bazardan
azuqə alıb evə qayıdırdı. Misterin məhşur köpəyi Bollu da onun arxasınca gəlirdi.
Bu ingilis buldoqu sahibi kimi qayət kinli, dəhşətli bir köpək idi. Bollunun qapdığı
iti və insanı əlindən almaq mümkün deyildi. Ta üstünə su tökməyincə tutduğunu
buraxmazdı. Bu köpək çinlilərə çox əziyyət verirdi. Lakin mister Qreyin
qorxusundan kimsə onu vura bilməzdi.
Bollu adamların dəstəsinə yaxınlaşdıqda uşaqlar: "Mister Qreyin köpəyi gəlir",
deyə qaçmağa başladılar. Böyüklər də kənara çəkildilər. Bu zaman Puan Qay,
arxası üstə uzanıb ayaqları ilə Sen O-nu tez-tez yuxarı atıb-tuturdu. Köpəyin
diqqətini cəlb edən Puan Qayın həsirin üstə ilan kimi uzanan kəkili idi. Sen O onu
gördükdə qışqırdı. Puan Qay, Sen O-nu yerə buraxıb cəld qalxdı. Bu vaxt köpək
Puan Qayın arxalığını qapıb qaçmağa başladı... Puan Qay öz şeylərini şagirdinə
tapşırıb köpəyin dalınca qaçdı. Küçədən daş yığıb köpəyə atırdı. Lakin Bollu
daşların dəyməyinə baxmayaraq, arxalığı dişindən salmırdı. Daşın biri Bollunun
ayağına bərk dəymişdi. Lakin höcət köpək yenə də arxalıqdan əl çəkmirdi. Küçəni
dönərkən bir Çin polisi onun qabağını aldı:
- Nə üçün köpəyə das atırsan?
- Görmürsənmi, köpək arxalığı aparır...
- Görürəm və köpəyin də mister Qreyin olduğunu bilirəm.
- Deməli, mister Qreyin köpəyi üçün qanun yoxdur...
- Puan Qay, özün də bilirsən yoxdur, nə üçün soruşursan? Ya arxalığından əl
çək, ya da cürətin varsa, get misterdən al.
- Gedərəm və arxalığımı da alaram, - deyə Puan Qay yola düşdü. O daha
qaçmırdı, ahəstə gedirkən dərin fikrə dalmışdı. Böyük və ulu vətəninin azğın,
qudurmuş imperialistlər pəncəsi altında boğularaq, sızlayaraq məhv olduğunu
düşünürdü:
Bizim üçün nicat yolu yoxmu? Hacana kimi dörd yüz milyonluq Çin, vəlişi
avropalılar əlində oyuncaq olacaqdır, - deyə öz-özünə sual verirdi.
- Var, lakin biz biqeyrətlər, hamımız inqilabçı Kanton ordusuna qarışıb
vətənimizi imperialistlər əlindən xilas etmək əvəzinə, inqilabçıların qarşısına çıxıb
bunlarla müharibə edirik. Puan Qay, başında belə fikirlər gəlib mister Qreyin
darvazasına çatdı və cürətlə içəri girdi. Bu zaman mister Qrey balkonda oturub
qəzet oxumağa məşğul idi. O, itin ayağının Puan Qay tərəfindən yaralanmasından
xəbərdar idi. İndi qəzəbli və səbirsiz onu gözləyirdi.
Mister Qrey başını qaldırıb Puan Qayı gördü və ayağa qalxaraq acıqlı soruşdu:
- Mənim itimi sənmi vurmusan?
- Bəli, mən vurmuşam. Arxalığımı götürüb qaçdı, mən də daş atdım ki, yerə
salsın, lakin buraxmadı.
- Sən bilirsənmi ki, ingilis köpəyi tutduğunu buraxmaz?
- Bəli, ingilislərin köpəkləri sahiblərinə oxşamışlar, tutduqlarını buraxmazlar.
- Doğrudur, sən üç böyük cinayət etmisən, ona görə cəza alacaqsan. Birincisi
budur ki, mənim sevgili köpəyim Bollunu yaralamısan...
- Mister, sizin papağınızı və ya başqa bir şeyinizi köpək götürüb qaçsa, nə
edərsiniz?
- Tapançamı çıxarıb vuraram, yerində qalar.
- Mən ki hələ itinizi öldürməmişəm.
- Sənin həddin nədir ki, elə iş edə biləsən. İkinci, təqsirin bax budur, - deyə
mister Qrey ona bir məktub göstərdi.
- Bu sənin arxalığının cibindən çıxmış, bilirsənmi nədir?!
- Kanton əsgəri dostumdan gəlmiş məktubdur.
- Yalan! Kommunist firqəsi tərəfindən nəşr olunmuş proqlamasiyadır, sən o
firqənin gizli üzvüsən və oyun çıxarmaq ilə onun fikrini burada yeridirsən.
Bunu eşitdikdə Puan Qay səbir edə bilməyib dedi:
- Elə ki, siz imperialistlər biz çinlilərlə rəftar edirsiniz, axırı hamımız ona
gələcəyik. Üçüncü cinayətimi söyləyin.
- Üçüncü cinayət odur ki, izinsiz mənim həyətimə girmisən, o qapıda yazılanı
oxumadınmı?
- Xeyr, orada nə yazılmışdır?
- Orada bu yazılmışdır: "Çinlilərə və köpəklərə daxil olmaq yasaqdır".
- Mister o qanunmu?
- Bəli, qanun.
- O qanunu əlahəzrət Corcmu vermiş?
- Sus, qanmaz köpək, onu mən vermişəm, hər bir ingilisin əmri siz vəhşi
çinlilər üçün qanundur.
- Onları verənləri inqilabçı Kanton tezliklə məhv edecək.
Bunu eşitdikdə qan mister Qreyin başına sıçradı və elə bağırdı ki, bütün
xidmətçilər səsinə töküldü.
- Bu köpəyi alın, o uzun saçından talvardan asın, mən əmr etmədikcə xilas
etməzsiniz, haydı!..
Zavallı Puan Qayı tutub talvarın altına gətirdilər. Mister Qrey də balkondan
enib oraya gəldi.
- İndi ayı kimi bağırarsan, - deyə "mədəni, nəcib" Qrey, Puan Qayı söyməyə
başladı.
Puan Qayı asarkən, bozarmış dodaqlarından bir kəlmə belə buraxmadı. Lakin
qanlı gözlərindən qəzəb atəşi saçılırdı. Qrey cənabları ingilis "ədalətini" İcra
etdikdən sonra yenə balkona qalxıb qəzet oxumağa başladı. Aradan xeyli keçmiş
xidmətçi çinli ona çay gətirirkən Puan Qayı azad etməyini yadına saldı. Mister
saata baxıb dedi: "Hələ iki dəqiqə qalmış". Sonra qəzeti masanın üstə qoyub çay
içməyə başladı. Hərgah mister Qrey o zaman dönüb xidmətçinin üzünə bassaydı,
onun baxışında özünə qarşı nifrət əlamətlərini aydın oxuyardı.
Mister Qrey çayını içib aşağı endi və Puan Qayı xilas etməyə əmr verdi. Onu
azad etdilər. Sonra mister Qrey qayçı gətirtdi və öz əli ilə Puan Qayın o uzun
saçlarını kəsib ona uzatdı:
- Bunu al, saxla, ta ki, tutduğun cinayəti unutmayasan.
Sonra emr etdi ki, onun arxalığını versinlər. Puan Qay illərlə bəslədiyi saçını
alıb:
- Mister, mən and içirəm ki, heç bir an bu günü unutmayacağam, bu günə kimi
mən inqilabçı deyildim, siz bu saçları kəsməklə öz əlinizlə məni inqilabçı
kantonçular sırasına göndərirsiniz, sizə artıqca təşəkkür edirəm, - deyə Puan Qay
götürüldü.
Altı aydan artıq idi ki, Puan Qay Kanton inqilabçı ordusunda şücaətlə dava
edirdi. İmperialistlərin ümidi olan Şimal ordusu Qızıl Kanton ordusunun dəhşətli
hücumları qarşısında davam edə bilməyib əllərində olan kənd və şəhərləri
boşaltmağa məcbur olurdu.
Növbə Puan Qayın vətəni Xan Qou şəhərinə çatmışdı. Puan Qay irəlidə gedən
bölüyün sırasında idi. Şəhərə hücum başlandı. Puan Qay qızmış şir kimi müharibə
edirdi. Ən atəşli yerə özünü atırdı. Şəhərə girən birinci Puan Qay oldu. Günorta
olduqda Xan Qou Kanton əsgərləri tərəfindən alındı. Lakin küçələrdə, ara-sıra
güllə səsi gəlirdi.
Puan Qay, mister Qrey sakin olan küçə ilə evlərinə, anasını yoluxmağa gedirdi.
Birdən qarşısına misterin köpəyi Bollu çıxdı. Sanki qəza Puan Qayın intiqamını
yerdə qoymaq istəmirdi. Puan Qay cəld tüfəngi döşünə alıb iti nişanəyə götürdü.
Güllə açıldıqda köpək yerə sərildi. Puan Qay gedib onun quyruğundan tutdu və
sürükləyərək mister Qreyin dərvazası ağzına gətirdi. Misterin dərvazası, qapılan,
pəncərələri bağlı idi. Həyətdə, evdə bir insan görünmürdü. Puan Qay kəmərini açıb
itin başına keçirdi və xeyli çətinlik ilə dərvazadan asdı. Sonra cib kitabçasını
çıxarıb bir varaq cırdı, yazdı, dərvazaya bənd etdi. Sonra fəxr ilə oxudu:
"İngilislərə və köpəklərə içəri daxil olmaq qadağandır".
- Mister Qrey! İndi Puan Qayı ölənə kimi unutmazsan, - deyə yola düşdü.
XS
SM
MD
LG