Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:43

Vəkil 17 apredlə tutulanlara işgəncə verildiyini deyir



«ÜZÜNÜ DİVARA ÇEVİR, ƏLLƏRİNİ AŞAĞI SAL»


«Fəxrəddin Abbası Bülbül prospektində tutublar, Nəsimi rayon polis İdarəsinə aparıblar və birinci mərtəbəsində bir otağa salıblar. İdarənin rəis müavini Süleyman Nemətov həmin otağa gəlib, əmr edib ki, üzünü divara çevir, əllərini aşağı sal. Sonra da başlayıb böyrəklərinə yumruqlar, ayaqlarına təpiklər vurmağa. Soruşub hansı partiyadansan, Fəxrəddin Abbas da deyib Müsavatdan. Başlayıb İsa Qəmbərin ünvanına söyməyə, Fəxrəddindən tələb edib ki, sən də söy».

Bunu AzadlıqRadiosuna Müsavat Partiyasının Sumqayıt şöbəsinin rəhbəri Fəxrəddin Abbasın vəkili Əshabəli Mustafayev deyib. O aprelin 19-da Fəxrəddin Abbasla görüşüb.

Fəxrəddin Abbas aprelin 17-də İctimai Palatanın keçirdiyi etiraz aksiyasında saxlanılaraq barəsində 7 sutkalıq həbs qərarı çıxarılıb. Hazırda İnzibati Həbs Olunanların Müvəqqəti Saxlanma Məntəqəsində saxlanılır. Vəkil bildirib ki, rəis müavini Süleyman Nemətov müsavatçıdan İsa Qəmbəri söyməsini tələb etsə də, tələbi yerinə yetirilməyib. Deməsinə görə, rəis müavini müsavatçının boynunun ardına zərbələr vurub. Onun başı divara dəyib və alnı yarılıb.

Əshabəli Mustafayev: «Fəxrəddin Abbasın alnındakı xəsarətlər, qançırlar açıq görünür». Aprelin 18-də məntəqəyə təcili tibbi yardım briqadası çağırılıb. Həkimlər Fəxrəddin Abbasa yardım göstəriblər.

DAXİLİ İŞLƏR NAZİRLİYİ RAZILAŞMIR

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə vəkilin dedikləri ilə razılaşmır. O, AzadlıqRadiosuna bildirib ki, Nəsimi rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətovla dəqiqləşdirmə aparıb və rəis müavini Fəxrəddin Abbası tanımadığını bildirərək deyiilənləri təkzib edib. Orxan Mansurzadə həmçinin deyib ki, vəkilin mətbuata verdiyi məlumatlar əsassız, qərəzli, məqsədyönlü xarakterlidir və polisdə işləyən vəzifəli şəxsi gözdən salmağa hesablanıb.

«GÖZƏL BAYRAMLI İLƏ KOBUD RƏFTAR EDİLİB»


Əshabəli Mustafayev AXCP sədrinin müavini, İctimai Palatanın Qadınlar Şurasının sədri, aksiyadakı iştirakına görə 5 sutkalıq həbs edilmiş Gözəl Bayramlının da vəkilidir. Vəkil bildirib ki, bu gün Gözəl Bayramlı ilə də görüşüb. Onun sözlərinə görə, Gözəl Bayramlı aksiyada tutularkən polis tərəfindən onunla kobud rəftar olunduğunu, məhkəməyə qədər qidasız saxlandığını deyib. Vəkilin sözlərinə görə, Gözəl Bayramlının da səhhətində problemlər yarandığına görə aprelin 18-də onun saxlandığı İnzibati Həbs Olunanların Müvəqqəti Saxlanma Məntəqəsinə təcili tibbi yardım briqadası gəlib.

«QABIRĞALARINA ÇOXLU ZƏRBƏLƏR VURULUB»

Barəsində 5 sutkalıq həbs qərarı çıxarılmış və İnzibati Həbs Olunanların Müvəqqəti Saxlanma Məntəqəsində saxlanılan aksiyaçılardan biri də AXCP üzvü Sahib Rüstəmlidir. Vəkil Əshabəli Mustafayev Sabir Rüstəmlinin vəziyyətinin ağır olduğunu deyir: «Polis tərəfindən saxlanılarkən onun qabırğalarına çoxlu zərbələr vurulub. Şiddətli ağrıları var, bizə elə gəlir ki, onun qabırğalarında sınıqlar var».

Vəkil Əshabəli Mustafayev isə deyir ki, hüquqlarını müdafiə etdiyi şəxslərin həbsi ilə bağlı çıxarılmış məhkəmə qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verəcək. Apellyasiya şikayətində polisin saxlanılanlarla kobud davranması faktlarını da qeyd edəcək.
XS
SM
MD
LG