Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 23:44

Ismayıl bəy Qutqaşınlı. Rəşid bəy və Səadət xanım


May ayının gözəl bir günü idi. Bütün təbiətin canlandığı və bəzəndiyi bir
zamanda Azərbaycan bəylərinin birinin Səadət adında yeganə bir qızı sübh
vaxtı günəş şərq tərəfdən doğmağa başlarkən, kiçik, lakin gözəl bir evdən
çıxıb xoş bir hava ilə oxşanmaq, çiçəklərin nəşə verən ətirlərini iyləmək və
quşların nəvazişli nəğmələrini dinləmək üçün səfalı bir bağa girdi.

Qız bağa girər-girməz bütün təbiət sanki başqalaşdı. Göyün üzü daha da
gözəlləşdi. Şad və fərəhli quşlar ağaclardan onun ayağına töküldülər, hava
lətif ətirlərlə doldu.

Bütün təbiət sanki son dərəcə şən halda özünü ona bəyəndirmək istəyirdi. Belə bir gözəl vücuda özünü bəyəndirməyi kim istəməz!

Gözəl Səadət bir qədər bağda gəzdikdən sonra böyük şabalıd ağacının
dibində, çəmənlikdə əyləşdi.

O, indi fikir dəryasına qərq olaraq, özü də səbəbini bilmədən tez-tez «ah»
çəkirdi. Onun həyatında sanki heç bir çatışmayan cəhət yox idi.

Gözəl Səadət bir sevgili arzusunda idi. Sevgisiz həyat-bədbəxtlik və qəm-qüssədir.

Qızın pənah gətirdiyi bu romantik bucaq ona o qədər xoş gəlirdi ki, səhərlər
həmin bağa gəlib ətirli qızılgüllərdən hörülmüş köşkün yanında, ortasında
fəvvarə vuran bir hovuzun kənarında oturardı.

Bir gün dərin xəyallara dalan qızın qulağına həzin bir səs gəldi: «Ah! Mən
sevgimi gizli saxlamaq üçün nələr etməzdim. Ocaq üstündə qaynayan bir
qab su mənim könlüm qədər qaynar ola bilməz».

Bu sözləri eşitdikdə nazənin Səadət əyləşdiyi yerdən çəkilib getmək istədi.
Lakin bu təsirli sözləri oxuyan şəxsi görmək üçün utana-utana ətrafa baxdı;
heç bir kəsi görə bilmədikdə, bu səsin sehrkar bir səs olduğunu zənn etdi.

Lakin sevgi kəlməsi onun könlünü həyəcana gətirdi və bütün hissiyyatını
alovlandırdı.
Bu vaxt Səadətin mehriban dayəsi Şamah bağa girdi. Şamah Səadəti
uzaqdan rəngi qaçmış və iztirab içində görüb cəld onun yanına gəldi və onu
qucaqlayıb öpərək, həyəcanının səbəbini soruşdu.

Səadət əli ilə güllərin solmuş yarpaqlarına və ağacdan tökülüb yerdə
çürümüş meyvələrə işarə edərək, dedi:

—Mənim də taleyim belədir!

Bu sözlər təcrübəli qadına gənc qızın həyəcanının səbəbini bildirdi. Vəfalı
Şamah qızı gecikmədən evə aparmaq istədi, lakin bağın qapısına
yaxınlaşdıqda yenə həmin səs eşidildi: «Sən mənim nəzərimdən uzaqlaşmaq
istəyirsən, lakin mənim qəlbimdən uzaqlaşa bilməzsən!»

Hər ikisi heyran bir halda, yerlərində dayanıb ətrafa baxdılar, lakin kimsəni
görmədilər. Bağdan çıxıb qapını bağladılar. Nəhayət, evə yetişdilər. Evdə
Səadətin anası Tutuxanım onları gözləyirdi.

Səadətin və Şamahın sükutu və qəmginliyi qohumlarını təşvişə saldı. Gənc
qızdan heç bir cavab almayaraq, Şamaha müraciət etdilər.

Şamah eşitdiklərini onlara müfəssəl danışdıqdan sonra, onu qız ilə yalqız
buraxmaları üçün işarə etdi. Lakin Şamah bir az əvvəl qızda olan şadlığı
təkrar oyandırmaq istədisə də, müvəffəq olmadı.

Bağda eşidilən sehrkar səsin sahibini aydınlaşdırmaq üçün bütün ailə
toplanmışdı. Xeyli fikirdən sonra belə qərara gəldilər ki, bağ sehrlənmişdir
və o gündən sonra qıza bağa girmək qadağan edildi.

Zavallı Səadətin xəyalları, qəmləri və pərişanlığı günbəgün, saatbasaat
artırdı.

Nə dayəsinin qayğısı, nə anasının mehribanlığı, nə oyun, nə musiqi onu sakit
edə bilmirdi. O, cazibəli sözləri bir də eşitmək üçün əbəs yerə bağa getmək
fikrinə düşdü, əbəs yerə üzüyünü bağda itirdiyini anasına söylədi. Anası
onun bütün yalvarışlarını rədd edərək, cavab verdi:

—Əziz qızım, bağın qapısı bağlıdır, tam bir möhtərəm və müqəddəs dərviş
gəlib o bağı paka çıxarmayınca, kimsəyə ora daxil olmağa icazə yoxdur.

Bəyin ailəsini dərvişin yolunu gözləməkdə qoyaq. Qafqaz ölkələrində hər
evin yanında qadınların yeganə seyrəngahı olan bir parça olar. belə bir
seyrəngahdan məhrum olan Səadəti də öz otağında qüssə çəkməkdə qoyaq.

Bir az da öz səsilə Səadətin qəlbini alovlandıran Rəşid bəydən danışaq.
O zaman iyirmi iki yaşına girmiş Rəşid bəy İsmayıl adlı bir bəyin oğlu idi.
Bu bəyin alicənablığı və nəzakəti sərvətindən çox idi.

Bəy, oğluna da öz səliqəsilə tərbiyə vermişdi, lakin gəncin nəcibliyi,
qəlbinin həssaslığı ilə cəsarət və mərdliyi ilə atasını da keçmişdi. O,
«Şahnamə»ni və başqa qəhrəmanlıq dastanlarını, xüsusilə fars qəzəllərini
oxumağı çox sevirdi.

Bundan başqa onun at sürməkdə, tüfəng, tapança atmaqda, silah oynatmaqda böyük məharəti var idi. Onun ikicə arzusu vardı: bütün məşhur igidlərə qalib gəlmək və bütün zəiflərə, yoxsullara kömək etmək.

On səkkiz yaşından başlayaraq, Rəşid bəy vaxtını gah at oynatmaqda, gah par-par parıldayan silahlara sarılaraq, vətənini çapıb-talayan və əkinçiləri incidən quldurlar ilə çarpışmaqda keçirirdi.

Bəzən məhsuldar, dağ ətəklərində ov edərək, atını sürüb daima qar və buludlarla örtülmüş dağlann başına, qalın meşələrə və çıxılmaz qayalara dırmaşırdı; oralarda quldurların ən gizli yuvalarını axtarıb tapır və onların əziyyətindən əkinçiləri xilas etmək üçün vuruşub yuvalarını tarmar edərdi.

Bir səhər Rəşid bəy yüksək bir dağın başında oturub, onun atını yedəyində saxlayan və ondan heç bir zaman ayrılmayan Əziz adlı nökərilə söhbət edirdi.

Ovdan danışaraq hər ikisi təbiətin gözəllik və əzəmətini seyr edirdilər. Sübhün dumanı düzənlərdən qalxaraq göylərə yüksəlir, coşqun çaylar, dərə və düzləri suvarmağa tələsərək güllərin, yasəmənlərin və başqa çiçəklərin arasilə axırdı.

Ağaclar yaşıl yarpaqlarla bəzənməyə başlamışdı. Bu vaxt onların qulağına zəif bir qışqırıq, həzin bir nalə səsi gəldi.

Hər ikisi quş kimi uçaraq bu səs gələn tərəfə yüyürdü. Bir cavan oğlanı bir neçə quldurun əlində əsir gördülər. Quldurlar o cavanı başqa quldurlara satmaq niyyətilə aparırdılar. Qoçaq Rəşid bəy atını Əzizə tapşıraraq, xəncərini sıyırıb quldurların üzərinə atıldı.

Onlardan ikisini xəncərlə vurub öldürdü, başqalan isə əsir oğlanı buraxıb meşəyə qaçdılar.

Qaçan quldurların da bir neçəsi Rəşid bəyin zərbəsindən xilas olmadı. Vuruşma qurtardıqdan sonra rəhmdil Rəşid bəy tələsik cavan oğlanın köməyinə yüyürdü; cavan yaralanmışdı. Yarasını qurşağı ilə sarıyıb, yaxın bir evə gətirmək üçün onu Əzizin atına mindirdi.

Bir kəndə yetişər-yetişməz, onları bir dəstə qadın ağlaşma ilə qarşıladı. Əziz bunun səbəbini dərhal anlayıb ağasının göstərdiyi igidliyi onlara söylədi. Rəşid bəy də öz yükü ilə yetişdi. Aman, nə böyük səadət! Bir neçə saat əvvəl quldurlar əlində əsir olmuş əziz Mərdanı yenidən görmək bu biçarə qadınlar üçün nə böyük xoşbəxtlik idi.

Gənc Mərdanın anası, arvadı və bacıları qollarını açıb Rəşid bəyin ayağına yıxıldılar və onun dizlərini öpməyə başladılar. Sonra Rəşid bəyi evə apardılar. Mərdanın gənc arvadı Rəşid bəyin paltarının qanını yudu, plov üçün düyü hazırladı və Rəşid bəyə bir tafta qurşaq bağışlayıb ona «qardaş» dedi.

Yalnız ərinin üzünə gülüb mehribançılıq etmək üçün o, bəzən Rəşid bəyi tərk edirdi.

Bu mənzərə, evin daxili həyatı, bu gənc ər-arvad arasında olan nəzakət və zərif mehribançılıq, bunların hamısı Rəşid bəy üçün yeni bir aləm idi. Bu cazibəli mənzərə onu heyran edirdi. Qafqazın bir çox yerlərində bacı və

qardaşı olmayan cavanlar ailə səadətindən bixəbər olurlar. Bizim qəhrəman da belə idi.

Son dərəcə qonaqcıllıq göstərdikləri üçün Rəşid bəy ev sahiblərinə təşəkkür etdikdən sonra atına minib Əziz ilə bərabər evlərinə tərəf yola düşdü. Onlar dərin bir sükut içində yol gedirdilər. Nəhayət Rəşid bəy üzünü Əzizə tutub dedi:

—Mənim vəfalı yoldaşım Əziz, Mərdanın arvadındakı nəzakəti və ərinə olan mehribanlığı gördükdə, özümün yalqız olmağımı hiss edirəm və bu qərara gəlirəm ki, mənə məni ürəkdən sevən bir həyat yoldaşı lazımdır. elə yoldaş ki, Mərdanın arvadı kimi, yorğun və təhlükəli zamanlarda mənə təsəlli versin.

- Bəli, bu fikir çoxdan mənim başımda dolaşır, - deyə Əziz cavab verdi.— Sizin gözəl bir əmi qızınız var ki, uşaqlıqdan ata-anası tərəfindən sizin deyikliniz olduğunu söyləyirlər və deyirlər ki, ata-anasının arzusunu yerinə yetirmək üçün o qız bir neçə nucəbaların elçilərini geri qaytarmışdır. Bundan başqa, sizin qonşu bəylərindən birinin böyük sərvəti və yeganə bir qızı var. Deyirlər ki, həmin qız sizə ərə getməyi arzu edirmiş, lakin bu şərt ilə ki, siz ata-ananızı və rəiyyətinizi atıb onların evində yaşamağı qəbul edəsiniz. Bir də mən, Səadət xanım adlı qəşəng və gözəl bir qız sorağı eşitmişəm. O xanım bir o qədər sərvətilə deyil, ancaq gözəlliyi və rəhmdilliyilə şöhrət tapmışdır. Bu xanım Qəbələ xanlarının nəslindəndir, öz anasilə bərabər sizdən səkkiz ağac məsafədə yaşayır.

Rəşid bəy Əzizə çox diqqətlə qulaq asdıqdan sonra ona cavab verdi: --Ah! Əziz, mən o gözəl əmiqızımı təxtisəltənətdən məhrum etmək istəmirəm, bir də kim bilir, bəlkə gələcəkdə o, heç məni sevməyəcək, həm də tanımadığım, bilmədiyim bir qızdan ötrü mən candan əziz tutduğum və pərəstiş etdiyim mehriban atamı, gözəl vətənimi və vəfalı rəiyyətlərimi atıb, qonşu bəyə xidmət etməliyəmmi? Yox, əzizim, bu iki qızdan mən vaz keçirəm. Gedək Səadəti istəyək.

Bu sözləri deyib Rəşid bəy üzünü Qəbələ tərəfə çevirib atın başını boşladı. Bir az keçmədən Əziz ilə bərabər Səadətin ata-anasının mülkünə yetişdi. Bu mülk yaşıl meşələr, meyvəli bağlar və abad kəndlər ilə örtülmüşdü.

Bir tərəfdə yüksək dağlar və onların üzərində uçan qartallar görünürdü. O, biri tərəfdə köçəri xalqın ilxıları və sürüləri otlayırdı. Bağbanlar meyvə ağacları və ya ətirli güllər əkməkdə, əkinçilər buğda, düyü, arpa, pambıq, tənbəki və sair məhsullar becərməkdə idilər.

Bu mənzərə bizim qəhrəmana çox xoş gəlsə də, bir dəqiqə belə dayanmadan atını sürətlə çaparaq, nəhayət, şəhərə girdi. Rəşid bəyin birinci fikri Tutu xanımın evinə gəlib-gedən qarıları və qoca kişiləri axtarıb tapmaq idi. Rəşid bəy belə qocalardan bir neçəsini tapıb, onları bir-bir Səadətin evinə göndərdi.

Onlar qızın gözəlliyindən, həya və ismətindən, xasiyyətindən müfəssəl məlumat toplayıb Rəşid bəyin yanına qayıtdılar. Onların gətirdikləri məlumat Rəşid bəyin sevgisini daha da alovlandırdı. Xüsusən, Səadətin evində Rəşid bəyin haqqında olan rəy onun öz məqsədinə çatmasına böyük ümidlər verdi.

Verilən məlumatı yoxlamaq üçün Rəşid bəy Səadəti öz gözü ilə görmək niyyətinə düşdü. Bütün müsəlmanlar evlənənə qədər, gələcəkdə onların həyat yoldaşları və rəfiqələri olacaq qadınları görmək səadətindən məhrumdurlar.

Buna görə də Rəşid bəy onun könül evini bərbad edən sevgini hələlik gizli saxlamaq istədi. O, bir bağban paltarı geyib Səadətin hər gün gəlib gəzdiyi qonşu bağa bağban oldu.

Yüksək bir hasar o iki bağı bir-birindən ayırırdısa da, Rəşid bəyə Səadətin nəğmələrini dinləməyə mane olmurdu.

Bir dəfə, gecənin qara pərdəsi bağın üzərinə çəkiləndə Rəşid bəy hasarın üstündən keçib Səadətin bağına atıldı və səhərə qədər böyük bir kolun arasında gizləndi. Səhər açılacaq, Rəşid bəyin gözləri qarşısında bir tərəfdən günəş, o biri tərəfdən Səadət göründü. Rəşid bəy Səadətə baxdı, güc ilə nəfəs alaraq bihuş bir halda ağacın dibinə yıxıldı.

Səadət bir neçə dəfə bağı dolandıqdan sonra evə qayıtdı. Bizim zavallı aşiq də huşa gəlib öz bağına qayıdanda orada bağ sahibini gördü. Rəşid bəy bağda işləmək istədisə də, qıçları titrədi, əlləri hərəkətdən düşdü və gözləri Səadətin xəyalından başqa bir şey görmədi. Günəşin üfüqdə gizlənməsini səbirsizliklə gözlədi.

Ulduzlar göy üzündə görünər-görünməz, öz yarını görmək və onun Şamah ilə Sədinin və başqa şairlərin qəzəllərindən danışmasını dinləmək üçün Rəşid bəy təkrar eşq yolunu tutdu.

Hər gün Səadətin gözəlliyi, nəzakəti, fərasəti və xoşdilliyi Rəşid bəyin nəzərində artırdı.

Bir gün Rəşid bəy özünü ona təqdim etmək, onun qarşısında diz çöküb adını söyləmək, ona gəlməyini rica etmək niyyətinə düşdü. Lakin, təklifinin rədd edilməsindən, həm də Səadətin anasında və qohumlarında şübhə oyandırmaqdan qorxaraq, yalnız bir neçə qəzəl oxumaqla kifayətləndi.

Səadətə o qədər dərin təsir bağışlayan və nəhayət, bağın qapılarını bağlatdıran qəzəllər bu qəzəllər idi.

Rəşid bəy hər gün bağa gəlir, ancaq bir daha Səadəti görə bilmir, darıxır, canı sıxılır, qəm dəryasına qərq olur, gözləri yaş ilə dolurdu. O, bağda sərgərdan dolanır, sevgilisinin ən çox xoşladığı çiçəkləri bəsləyirdi. Birdən qapının yanına düşmüş bir qızıl üzük onun gözünə sataşdı, üzüyü götürüb baxdı və Səadətin adını onun üstündə oxudu. Üzüyü dönə-dönə öpdü və bağrına basıb bağdan çıxdı.

Rəşid bəy Səadətin bağa gəlməməsinin səbəbini öyrənmək üçün bağban
paltarını çıxarıb şəhərə getdi. Orada əhvalatı öyrəndikdən sonra nökəri
Əzizlə, ata minib öz yurduna qayıtdı.

Rəşid bəy dərin iztirab içərisində susurdu. Onun uzun qara kirpikləri o
dərəcədə gözünü qapamışdı ki, yolu güclə görürdü. Əllərində cilovu tutmağa taqət qalmamışdı. At da sahibinin qəmginliyini hiss edirmiş kimi, onu atasının evinə tez yetirməyə tələsirdi.

Nəhayət, Rəşid bəy evlərinə yetişdi. Atası onu bağrına basıb öpdü və
qəmginliyinin səbəbini soruşdu. O zaman vəfalı Əziz ta evdən çıxandan bu
günə qədər oğlunun başına gələn əhvalatı bəyə danışdı. Əziz Rəşid bəyin
məhəbbət dərdinə düçar olmasını və Səadət xanımı almaq istədiyini ona
xəbər verdi.

Mehriban ata onlara təsəlli verib, tez Qəbələ şəhərinə elçilər göndərdi.
Elçilər rədd cavab xəbəri gətirdilər. Səadətin anası öz qızını o yerin varlı bir
xanına vermək niyyətində imiş.

Bu xəbərin Rəşid bəydə və onun atasında doğurduğu kədəri təsvir etmək
mümkün deyildir. Tutu xanımın sərvəti və rütbəni Rəşid bəyin
alicənablığına tərcih etməsini Rəşid bəyin atası özü üçün böyük bir təhqir
saydı və oğluna bir daha o qızın adını çəkməsini qəti qadağan etdi. Lakin
Rəşiddə eşqin hücumuna müqavimət göstərmək imkanı qalmadığından
gizlincə Qəbələyə qayıtdı.

Səadət xanım yoxsul və dilənçilərin pənahı idi. O, yoxsullara çoxlu ehsan
verərdi. Səadət xanımın yanına dilənçilərdən başqa kimsənin yolu yox idi.
Ona görə Rəşid bəy Səadət xanımın yanına bir yol tapıb eşqini ona
bildirmək üçün dilənçi paltarı geyinməyi qət etdi.

Vəfalı Əziz də paltarını dəyişib dilənçi paltarı geydi. Hər ikisi ağ, uzun saqqal qoyub Səadətin evinə gəldilər. Sədəqə almaq üçün onları Səadətin yanına gətirdilər.

Rəşid evə daxil olub sevgilisini görcək, bütün vücudu titrədi və ondan
sədəqə diləmək əvəzinə camaatın içində onunla sevgisindən danışmaq istədi,
lakin bir söz belə söyləməyə qüdrəti olmadı; əl-ayağı qurudu, dizləri titrədi, bihuş bir halda Səadətin qabağında yerə yıxıldı.

Səadətin qışqırığına Şamah və başqa qadınlar gəldi. Əziz, yoldaşının xəstə
və zəif olmasını bəhanə edib tez onu yerdən qaldırdı və otaqdan çıxartdı.
Bir neçə gün sonra şəhərdə bir bayram büsatı quruldu. Bu bayramda
cavanlar tüfəng, tapança, ox atmaq və qılınc oynatmaq məharətlərini
göstərməli idilər.

Məşq üçün hazırlanmış meydan, bayram paltarı geyinib gözəl atlar minmiş cavanlar ilə dolmuşdu. Meydanın bir tərəfində qoca kişilər, o biri tərəfində isə, üzləri ağ rübəndli qadınlar oturmuşdular. Səadət də onların içərisində idi. Bu zaman Rəşid bəy də bir atın belində meydana daxil oldu.

Onun qızıl yəhər və üzəngisinin, əlvan paltarının parıltısı günəşin işığına üstün gəlirdi.

Rəşid bəyi camaat böyük bir ehtiramla salamlayır və belə oyunlarda məharətli olduğu üçün oyunu başlamağı ondan rica edirdilər. Rəşid bəy bir neçə igidlik göstərdikdən sonra keçib qadınlar tərəfdə atını saxladı. Onun igidliyinin və gözəlliyinin tərifini eşitmiş Səadət bu dəfə onun boyunu və gözəlliyini seyr etməyə imkan tapdı.

Bu görüşdən Səadət öz qəlbində gələcəyini həll edəcək bir sevgi doğduğunu duydu. Gün batdıqdan sonra camaat dağılıb getdi. Səadət də evə qayıdandan sonra ürəyi Rəşid bəyin fikri və xəyalilə çırpınmağa başladı.

Gecə yatağa girdikdə, Səadət tez-tez dərin «ah» çəkib Şamah ilə Rəşid bəydən danışırdı. Şəfəqin parlaq ziyası qarşısında gecənin pərdəsi məhv olmaqda idi. Günəşdən bütün təbiətə həyat yayılırdı. Günəşin şüaları Səadətin otağına düşür, divarlara parlaq işıq saçırdı. Pəncərədəki ətirli çiçəklər gənc qıza tərəf əyilmişdi, güllər sanki yaz yarpaqlarib onun lətif əllərini öpmək və şəbnəmlərilə onun üzünü sərinlətmək istəyirdi. Lakin pəncərənin qabağında oturub dərin sükuta dalmış Səadət yalnız Rəşid bəyin xəyalilə yaşayırdı.

Şamah Səadətin kədərinin səbəbini bilsə də, yenə ondan: «Nə üçün bu qədər məhzun və qəmginsən?»—deyə soruşdu. Səadət iztirab içində ona cavab verdi:—-Ah, əzizim Şamah! Bütün dünya Rəşid bəyin tərifini söyləyir, mən o gözəllikdə və qoçaqlıqda bir qardaşım, ya bir sevgilim olmasını nə qədər arzu edərdim.

Mən onu da düşünürəm ki, bu yaxın zamanda mən öz nəcabəti və sərvətilə məğrur olan Əsgərağanın arvadı olmalıyam. Mən onun xasiyyətinə bələd deyiləm, bəlkə o heç məni sevmir. Ah! Elə bir uşağa ərə getməkdənsə, mən daim anamın və sənin yanında yaşamağı nə qədər xoş bir səadət hesab edərdim!

Elə bir adam məndən nə məhəbbət, nə də həssas bir könül uma bilməz. Gənc xanın ata-anası öz oğullarını evləndirmək istəyirlər, lakin fikir eləmirlər ki, bu işdə iki şəxsin bədbəxtliyinə səbəb olurlar: biri öz oğullan, o biri də gələcək gəlinləri. Bəli, əzizim, qəmlərimin və iztirablarımın əsl səbəbi budur.

Bu sözlər Səadətin ağzından çıxar-çıxmaz bir dəstə dilənçi əllərini açaraq yalvara-yalvara qapıdan daxil oldu. Mərhəmətli Səadət onların halına yanır, əhvallarını soruşur və mərhəmətli bir tövr ilə təsəlli verirdi. Dilənçilər Səadət xanıma təşəkkür edə-edə evi tərk etdikdə, Rəşid bəy dilənçi əbasına bürünmüş bir halda özünü camaatın içinə qatıb yarı ilə bir neçə söz danışmağa səy etdisə də, ürəyinin şiddətlə döyünməsi ona mane oldu.

O, Səadətin üzünə baxmaq istəyirdi, lakin Səadətin gözlərində parlayan nur onun qüvvətini əlindən alırdı. Rəşid bəy danışmaq istəyirdi, lakin ağzı yarıya qədər açılırdı və dili kəkələyərək anlaşılmaz sözlər söyləyirdi.


Nəhayət, gənc qız yalançı dilənçiyə müraciət etdi, lakin ona yanaşırkən
qızda anlaşılmaz bir həyəcan oyandı. Qız dilənçiyə müraciətlə:

—Möhtərəm qoca, məndən nə xahiş edirsiniz?! - dedi.

Rəşid cavabında:

- Ey zavallıların ümidi, pənahı, mənim bir dərdim var ki, heç bir dil onu
izhar etməyə qadir deyil.

- Sizin dərdinizin davası mənim qüdrətim xaricində olmazsa, mən onu
sizdən əsirgəmərəm,—deyə Səadət cavab verdi və yenə də sözünə davam
etdi. - Əgər sizin cəsur bir dilavərə ehtiyacınız varsa, o zaman bütün
zavallılar yavəri Rəşid bəyə müraciət etmənizi sizə tövsiyə edirəm, onun
ləyaqət və cəsarətinə heç bir şey çatmaz, mən onu dünən özüm gördüm...

Sözünün bu yerində Səadətin səsi qırıldı, o, Rəşid bəyin mədhinə davam edə
bilmədi. Bu sözlərdən sonra Rəşid bəy Səadətin ona qarşı bəslədiyi
məhəbbəti duymazdımı? Onun alovlar saçan gözlərində zərif, lütfkar və
atəşli bir hissin macərasını oxumazdımı? Artıq o, dilənçi əbası altında qoca
saqqalı ilə üzünü gizlədə bilərdimi?

Yox, bu olan şey deyil! O, özünün qondarma paltarını və saqqalını bir tərəfə
ataraq, qızın ayaqlarına döşənib sevgilisinə müraciətlə:

—Sizin bəhs etdiyiniz xoşbəxt Rəşid mənəm. Sizi görmək və dinləmək
məqsədilə paltarımı dəyişib bağınızın qonşuluğunda aylarla bağbanlıq edən
mənəm. «Ah» və naləni bir cadugər təranəsi sayaraq sizi o səfalı bağçanızın
seyrlərindən və özümü sizi görmək səadətindən məhrum edən də mənəm.
Nəhayət, sizi candan artıq sevən və sizə pərəstiş edən mənəm. Mənim
xoşbəxtliyim və taleyim sizin əlinizdədir. Mən yalnız sizin bağda itirdiyiniz
üzüyə sahib olduğum üçün yaşayıram. Ah, Səadət! Mənim eşqimi rədd
etməyin, mənə nifrət etməyin, məndən etinanızı əsirgəməyin, məni sevin!
Bu üzüyü də məndən ayırmayın. Siz onu mənim əlimdən alsanız, o zaman
mənim əllərim rəqibim Əsgərağanın qanına boyanacaqdır. O halda
Kazımxan, oğlunun intiqamını almaq üçün bütün qoşununu atamın kiçik
məmləkətinə yeridəcək. Atam isə, mənim sizə bəslədiyim eşqin yolunda öz mülkünü, məni və bütün yavərlərini itirəcəkdir. İndi, Səadət, mənə bir cavab verin, taleyimin müqəddəratını həll edin.

Səadətin həyəcanı bir dərəcəyə yetişdi ki, yalnız: - Rəşid bəy, mən səni
çoxdan sevirəm, ~deyə onun qucağına atıldı.

Bu qədər kifayət idi.

Rəşid ona yalvarmağa başladı, bir uzaq və sakit məmləkətə çəkilib, ata-
anadan icazəsiz evlənməyi ona təklif etdi. Səadət elə bil bir günlük ay kimi
cavan idi. Çovğuna düşmüş gül yarpağı kimi əsirdi. Nəhayət, titrək səslə

Rəşidə:

—Mən səni sevirəm, səninlə hər yerə getməyə hazıram, üzüyüm də qalsın
səndə, lakin namusumu ləkələndirməmək üçün allaha and verirəm, tez
buradan çıx get, şəhərdə qal və məndən xəbər gözlə.

Rəşid nişanlısının əlini öz sinəsi üzərində ovuşduraraq onun gözəl
saçlarından bir həlqə kəsib barmağına sarıdı və Şamahın bələdçiliyilə
otaqdan çıxdı.

Şamah geri döndükdə Səadətə dedi:

—İndi siz ata-ananızın razılığı olmadan, onların xeyir-duasını gözləmədən—
naməlum bir şəxsə könül verdiniz. İndi söyləyin görüm, ananızın söz verdiyi
o oğlana biz nə kimi üzr gətirəcəyik?
Səadət cavabında:

—Əzizim Şamah, mənim bu qədər şiddətlə çırpınan könlümü sən də bir
tərəfdən həyəcana gətirmə! Mən Rəşidi ayaqlarıma döşənmiş gördükdə,
ondan məhəbbətimi əsirgəyə bilərdimmi? Onun həssaslığı, gözəlliyi və
cəsarətinin şöhrəti aləmə o qədər yayılmışdır ki, onu iki dəfə görməklə
könlümdə ona bəslədiyim məhəbbəti gizlədə bilmədim. Mehriban Şamahım!
Mənə yazığın gəlsin. Mən onu sevdiyimi söylədiyim üçün məni dərdə salma,
əksinə, mənim atəşli eşqimə nisbətən ona kafi dərəcədə məhəbbət izhar
etmədiyim üçün məni günahkar tut. Ah! Mənim həqiqi hissiyyatımı ona
izhar edəcək bir qüdrətə malik sözlər varmı?! Onun xurma ağacına bənzəyən
zərif boyu, tağ şəklində olan qara qaşlan yalnız mənim deyil, bütün
qadınların könlünü ələ ala bilər. Onun parlaq gözləri hər baxdığı şeyi
əritməyə və məlahətli səsi bütün hissiyyatı heyran etməyə qadirdir. Ah, mən
onun vücudunda gördüyüm bütün məlahət və lətafətləri nə üçün onun
qarşısında bir-bir söyləmədim. Mən İran şairinin bu kəlamının həqiqi
mənasını indi anlayıram: «Bülbül güldən uzaq olduqda, onun eşqilə bütün
təbiətə zövq verir, lakin gülün yanına gəldikdə lal olur». İki sevgili də bir-
birini gördükdə həmin hala düşür.

Səadəti öz sirdaşilə Tutu xanıma sirlərini söyləmək və Kazımxan oğlunun
diləyini rədd etmək üçün bir bəhanə axtarmaqda qoyaq, keçək Tutu xanımın
otağına.

Tutu xanım sübh namazını qıldıqdan sonra, evdə lazımi əmrləri verib, adəti
üzrə, qurandan bir surə oxumaqla məşğul idi. Bu halda hərəmxanaya
girməyə icazəsi olan hərəm nökəri qapıdan daxil oldu.

Bu məmləkətin bütün əyanı hərəmxanaya ən vəfalı, ən ağzı möhkəm və
xüsusən sinni keçmiş nökərlərdən qulluqçu seçərdilər. Nökər içəriyə
girdikdə əllərini döşünə qoyub dərin bir təzim və ehtiramla xanıma baş
endirərək dedi:

- Xanım, sizə bu gün bir müjdə gətirməyə cəsarət etdim. Çoxdan bəri
gözlədiyimiz, gözəl xanımımızın nişanlısının göndərdiyi elçi bu saat şəhərimizdədir. Gələn elçi Əsgərağanın əmisidir. Onun qiymətli paltarlar geyinmiş iki yüz atlısı var. Qız üçün çox böyük cehiz və qıza yengə olmaq üçün özü ilə bərabər bir neçə xanım da gətirmişdir. Bu xoş xəbərlə sizi təbrik edərək, bacınızı çağırmaq üçün əmrinizi gözləyirəm. O da buradan gəlinə qoşulub ta oğlan evinə qədər bərabər getsin. Hərəmxana nökəri bu sözləri deyib çıxdı. Bir neçə dəqiqədən sonra Tutu xanımın bacısı şad bir halda qapıdan girdi və bacısını öpmək üçün qollarını açdı. Hər ikisi Səadətə veriləcək cehizdən danışmağa başladılar. Cehiz isə, bir yataq otağının avadanlığından, qızıl və gümüş ilə tikilmiş bir neçə şeydən və toya gələnlərə hədiyyə etmək üçün bir neçə silah zinətlərindən ibarət idi. Lakin bu qədər təlaş artıq idi. Səadətin cehizə ehtiyacı yox idi, çünki o, ərinə yeni bir həyat, tükənməz bir səadət, tərifəgəlməz bir zövq aparacaqdı. O gözəlliyə malik olmayan qızlar da bundan artıq cehiz aparmırdılar. Qafqazın cənub tərəflərində kişilər cehiz gətirməyə, qadın isə itaət etməyə borcludur. Tutu xanım bacısı ilə gələcək toydan bəhs edərək ətirli çay və şirin qoğal hazırlayıb Səadəti gözləyirdilər. Birdən Şamah özünü itirmiş halda qapını açıb Tutu xanıma Səadətdən bir məktub uzatdı. Tutu xanım məktubu açıb bu sözləri oxudu: «Mehriban anacan! Əgər mən sizin yanınızda günahkar olmasaydım, özümü ən xoşbəxt adam sayardım. Lakin, əfsus, mən özümü ən bədbəxt bir qız hesab etməyə məcburam. Dizlərinizi qucaqlayaraq, məni bağışlamanızı xahiş edirəm. Mənim başıma gələn qəzanı sizə hekayə etməyə Şamaha icazə vermənizi rica edirəm».

Vəfalı sirdaş Şamah iki gəncin bir-birinə olan məhəbbətini, onların görüşməsini və daim bərabər yaşayacaqlarına and içdiklərini müfəssəl hekayə etdikdən sonra Tutu xanım son dərəcə məyus oldu. Bacısı isə öz bacısı qızının məşhur xana ərə getməsini istədiyindən, Tutu xanımı danlayıb daha da acıqlandırdı.

Hər ikisi Səadətin otağına getdilər. Səadət anasını görcək özünü onun ayaqlarına döşədi. Gənc qızın iztirabı, rənginin solğunluğu və qorxuya düşməsi Tutu xanımı yola gətirməyə səbəb oldu. Məhəbbət, Tutu xanımın bu tək qızına olan hiddətinə qələbə çaldı.

Qızını bağrına basıb var qüvvəsilə toyun pozulmasına çalışacağına söz verdi. Bu qısa sözlər Səadətə kifayət idi, çünki anası ona bu sözü verdikdən sonra, ona heç bir şey çətin və qeyri-mümkün görünmürdü. Anasının əllərini öpməyə başladı. Onlar yenicə sakit olub çətin məsələnin həlli üçün münasib bir yol axtarırdılar ki, birdən hərəmxana nökəri daxil olub Əsgərağanın əmisinin xanıma özünü təqdim etmək arzusunda olduğunu xəbər verdi. Bu adı eşidən Səadət onun nə məqsədlə gəldiyini bilərək, yenidən iztiraba düşdü.

Anası da iztirab içində nəcabətli qonaqdan bu günlük üzr istənilməsini və ertəsi gün təşrif gətirmələrinin rica edilməsini hərəmxana nökərinə əmr etdi. Tutu xanım və bacısı bir neçə saat Səadətin yanında qalıb ona təsəlli verməyə və Kazımxanın oğlu üçün onun rəyini ələ gətirməyə çalışdılarsa da, bir şey çıxmadı. Nəhayət, axşam onlar oradan çıxıb Əsgər ağanın elçisinə nə cavab verəcəklərini düşünməyə başladılar.

Ey mənim əziz və mehriban dostum, siz ki mənim başıma bu balaca Asiya
hekayəsini yazmaq fikrini saldınız, siz ki bu qədər lütf ilə mənim sərf-nəhv
xətalarımı düzəldirsiniz, siz şübhəsiz məndən soruşursunuz, nə üçün bu
qədər müddətdə mən heç Rəşid bəydən bir xəbər verməyib yalnız Səadətdən
danışıram.

Ah! Əziz dostum, bilsəniz bu ad nə qədər gözəl xatirələr oyadır! Bilsəniz bu
adı gündə min dəfə təkrar etməkdən mən nə dərəcədə həzz alıram!

Hətta «S» hərfini ən adi kəlmələrin başında yazarkən, ya dildə söylərkən, bilsəniz bu hərf nə qədər mənim gözümdə və qulağımda lətafət və məlahətə malik olur!

Bu sirləri bilsəniz, mən əminəm ki, bu adı daha artıq təkrar etməyə siz
özünüz məni vadar edərsiniz və xəyalət səma sında qanad açdığım Səadətin
evindən eşiyə çıxmağı mənə qadağan edərsiniz.

Biz yuxarıda dedik ki, Rəşid bəy öz sevgilisinin yanından, od düşmüş bir
evin buxarısından alov çıxan kimi çıxdı və alov kimi havada qeylə oldu.

Nəhayət, şəhərin kənarında bir komaya yetişdi. Orada vəfalı Əziz, atlar ilə
bərabər onu gözləyirdi. Nökəri ağasının gəlməyindən xeyli xoşhal olub, bir
bəhanə ilə ev sahiblərini evdən çıxartdı ki, ta Rəşid bəy ilə asudə dərdləşsin.

Rəşid bəy üzündə sevinc olsa da, eyni zamanda fikri dağınıq görünürdü. Elə
ki, hər ikisi yalqız qaldılar. Əziz sükutu pozub soruşdu:

—Sizin harada olduğunuzu və başınıza necə macəralar gəldiyini soruşmağa
mənə icazə varmı?

Rəşid cavabında:

--Ah, mənim sevimli Əzizim! Bu səhər mən bir bədbəxt aşiq idim, bir az
sonra dilənçi oldum, nəhayət, misilsiz mələyimin vəslinə nail olmaqla
xoşbəxt oldum. Görünür, bu Azərbaycan qəzəli mənim mələyim üçün imiş.

Güldür bu? Deyil, gül belə xəndan olmaz.
Gündürmü? Deyil, gün keçə rəxşan olmaz.
Derdim ki, mələk, mələk məhəbbət bilməz.
Kimdir bu ki, təşbihinə imkan olmaz?

Əziz dedi:

—Ağa, mən sizin ən sadiq nökərinizəm, ona görə cəsarət edib sizə deyirəm
ki, sizin söyləməyinizə görə, Səadət xanıma aşiq olmamaq mümkün deyilsə
də, sizin ondan uzaqlaşmağınız məsləhətdir, yoxsa özünüzə və məşuqənizə
tükənməz əzablar, kiçicik məmləkətinizə böyük bir bəla və atanıza dərin bir
qəmginlik rəva görmüş olarsınız. Atanız bu əmrə razılıq və xeyir-dua verməmişdir.

DAVAMI
XS
SM
MD
LG