Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:23

Nizami Gəncəvi. Leyli və Məcnun (76)


əvvəli

LEYLİNİN ALLAHA YALVARMASI


Vaxtın buxağından, qulaqlarından
Gecə, incisini asdığı zaman
Leyli göy üzündə Sürəyya kimi,
Gözündən dənizə səpirdi inci.
Bir oydu, bir gecə, bir dərd, bir də dağ,
Onun həmdəmiydi yalnız bir çiraq.
Gecələr yatmazdı, pərvanələr tək,
Gecədən çırağa gileylənərək.
Deyirdi: "Nə zaman qurtaracaqdır,
Bu gecə fələyin alnında dağdır.
Mənə qismət olan gecəyə bax bir,
Bütün varlığımı o, həlak edir.
Bu uzun qaranlıq gecəyə, inan,
Bir əlac tapmıram əlacsızlıqdan.
Qəlbində qalmamış onun hərarət,
Qorxuram səhəri olsun qiyamət.
Gülmədim bu gecə gələndən bəri.
Bari, xoş olaydı onun səhəri.
Ev uçmuş, çıraq da sönmüşdür bu dəm,
Bağı talan olmuş bağban kimiyəm.
Tutaq ki, xoruzun boynu vurulmuş
Sübhün nəfəsinə, deyin, nə olmuş?
Tutaq ki, qarının xoruzu öldü,
Məhlə əzançısı yerə gömüldü,
Səhər növbətçisi getmişdir hara?
Yadından çıxdımı onun nağara?
Ilahi! Məni sən canana yetir!
Oduna yandığım o şəmi gətir!
Mənə işıq verər o sevdalı yar,
Bu zülmət gecəni o işıqladar"
Dilindən düşmədi səhərə qədər
Bu duaya oxşar dərdli nəğmələr

davamı
XS
SM
MD
LG