Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:34

ABŞ Rusiyanın Liviyaya döyüş təyyarələri göndərdiyini deyir


İddia olunduğuna görə Mig-29 Fulcrum qırıcısının bu fotosu təyyarə Liviya üzərində uçarkən çəkilib
İddia olunduğuna görə Mig-29 Fulcrum qırıcısının bu fotosu təyyarə Liviya üzərində uçarkən çəkilib

ABŞ hərbiyyəsi Rusiyanın iddia olunduğuna görə Liviyaya hərbi təyyarələr göndərməsi barədə yeni detalları açıqlayıb.

Rusiya rəsmiləri Liviyada Rusiya təyyarələrinin və ya hərbi heyətinin olmasını inkar edirlər.

Birləşmiş Ştatlar bildirir ki, Moskva Liviyada BMT tərəfindən tanınmış hökumətə qarşı döyüşən general Khalifa Haftarın tərəfində vuruşan muzdlulara dəstək olaraq iki hərbi təyyarə göndərib.

Liviyaya bu məqsədlə təyyarələrin göndərilməsi bu ölkədə davam edən münaqişənin daha da uzanmasına səbəb ola bilər.

Hazırda bu münaqişəyə Rusiya, Fransa, Misir, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri kimi xarici oyunçular cəlb olunublar.

Bu ölkələr general Haftara dəstək verirlər.

Liviyaya yanvar ayından başlayaraq qoşun, dronlar və suriyalı muzdlular göndərən Türkiyə - Qatar və İtaliya ilə birlikdə bu ölkənin qanuni hökumətini dəstəkləyirlər.

Hazırda Liviyaya qarşı BMT-nin silah embarqosu qüvvədədir.

Rənglənmiş təyyarələr

ABŞ Silahlı Qüvvələrinin Afrika komandanlığı (AFRICOM) mayın 26-da bildirib ki, Rusiya bu yaxınlarda Liviyadakı muzdlu əsgərlərinə dəstək vermək üçün Suriya vasitəsilə bu ölkəyə hərbi döyüş təyyarələri göndərib.

Bu da xəbər verilir ki, təyyarələr Rusiyanın hərbi nişanlarının gizlədilməsi üçün rənglənib.

AFRICOM mayın 27-də yazdığı tvitdə əlavə edib ki, üzərində Rusiya Federasiyası Hərbi-Hava Qüvvələrinin nişanları olan MiG-29 və Su-24 təyyarələri may ayında bir neçə gün ərzində Rusiyadakı hərbi bazalardan göndərilib.

Komandanlıq bildirir ki, təyyarələr Suriyadakı Hmeymim hərbi-hava bazasında yerə endikdən dərhal sonra onları rəngləyiblər.

AFRICOM yazır ki, təyyarələri Liviyaya Suriyadakı Rusiya qırıcılarının müşayiəti ilə rusiyalı pilotlar sürüblər.

ABŞ komandanlığının məlumatına görə sözü gedən təyyarələr əvvəlcə şərqi Liviyadakı Tobruk şəhərində enərək yanacaq doldurublar:

“Bundan sonra işarələri rənglə yenicə örtülmüş 14 təyyarə mərkəzi Liviyadakı Əl-Cufra hərbi hava bazasına çatdırılıb”.

Bura general Khalifa Haftarın “Liviya Milli Ordusunun” (LMO) istehkamı hesab olunur.

Rusiya yox, “sovet” təyyarələri?

Bu arada LMO-nun sözçüsü Ahmed Mismari yeni təyyarələrin gətirilməsini inkar edib və bu barədə xəbərləri “media şayiələri və yalanları” adlandırıb.

Rusiya parlamentinin yuxarı palatası - Federasiya Şurası müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Bondarev ABŞ-ın iddialarını “axmaqlıq” adlandıraraq rədd edib.

O deyib ki, “bu təyyarələr Liviyadadırsa, deməli Rusiya yox, sovet təyyarələridir”.

Federasiya Şurası beynəlxalq əlaqələr komitəsinin sədr müavini Vladimir Dzhabarov deyib ki, Rusiya Liviyaya hərbi heyət göndərməyib və parlamentə belə bir göndərişə icazə verilməsi üçün müraciət etməyib.

ABŞ generalı: “Danılası heç nə qalmayıb…”

Son vaxtlar verilən xəbərlərə görə Liviyada Rusiyanın Vagner Group özəl hərbi şirkətinin muzdluları general Haftarın tərəfində döyüşürlər.

Bu şirkətin “Putinin aşpazı” kimi tanınan oliqarx Yevgeny Prigozhin-ə məxsus olduğu məlumdur.

Ötən il Moskvada general Haftarla Rusiya müdafiə naziri Sergei Shoigu arasında keçirilən danışıqlarda, rəsmən hərbiyyə ilə heç bir əlaqəsi olmayan “iaşəçi” Prigozhin-in iştirakı təəccübə səbəb olmuşdu.

Evgeny Prigozhin (sağdan ikinci) Haftarla danışıqlarda
Evgeny Prigozhin (sağdan ikinci) Haftarla danışıqlarda

BMT-nin bu ayın əvvəllərində verdiyi məlumata görə hazırda Liviyada 800-1200 arası rusiyalı muzdlu döyüşçü var.

Bondarev və Dzhabarov-un inkarlarından əvvəl, mayın 26-da AFRICOM qruplaşmasının başçısı, general Stephen Townsend demişdi:

"Rusiya çox uzun müddətdə özünün Liviya münaqişəsindəki iştirakının tam miqyasını danıb. Amma indi danılası heç nə qalmayıb. Biz Rusiyanın Liviyaya dördüncü nəsil döyüş təyyarələrini göndərməsini addım-addım müşahidə etmişik”.

Xatırlatma

2011-ci ildə Liviyada diktator Muammar Gaddafi devrilib. Onun ikinci oglu Saif al-Islam Liviyanın keçid hökumətinə qarşı müqavimətə rəhbərlik edib.

O bundan az sonra Nigerə qaçmaq istəyərkən ələ keçib və ölkənin şimal-qərbindəki qüvvələr tərəfindən həbsxanada saxlanıb.

O 2015-ci ildə ölüm cəzasına məhkum edilsə də, hökm indiyədək icra edilməyib.

Gaddafi devrildikdən sonra ölkədə vahid hökumətin təşkili mümküm olmayıb. 2011-2014-cü illər arasında yeni hökumətlə keçmiş rejimin tərəfdarları arasında müntəzəm olaraq toqquşmalar baş verib.

2014-cü ilin mayında toqquşmalar tammiqyaslı vətəndaş münaqişəsinə çevrilib. Hazırda ölkənin qərbində paytaxt Tripoli də daxil, Milli Barışıq Hökuməti bərqərar olub.

Bu hökumət BMT tərəfindən tanınıb. Hökumətə baş nazir Faiz Sarraj başçılıq edir. Onun hökuməti Qərb ölkələri və Türkiyə tərəfindən dəstəklənir.

Ölkənin şərqi və cənubu Liviya Nümayəndələr Palatasının nəzarətindədir. Bu hökuməti sözü gedən hərbçi Khalifa Haftarın qoşunları dəstəkləyir.

Öz növbəsində bu hökumətə Misir, Birləşmiş Ərəb Əmirlikləri və Rusiya dəstək verir.

Haftar bundan əvvəl bir neçə dəfə Moskvada Rusiyanın siyasi və hərbi rəhbərliyi ilə danışıqlar aparıb.

Rusiya Haftarı rəsmi olaraq dəstəklədiyini inkar edir.

XS
SM
MD
LG