Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:50

Azərbaycan və AB arasında yeni sazişin detalları açıqlanıb


Mahmud Məmmədquliyev
Mahmud Məmmədquliyev

«Aprel-may aylarında Avropa Birliyi (AB) ilə Azərbaycan arasında yeni saziş üzrə birinci substantiv müzakirələr keçirilə bilər».

Bunu APA-ya açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Nazir müavini bildirib ki, Brüsseldə aparılan müzakirələr zamanı ilk görüşün aprel-may aylarında, növbəti görüşlərin isə yay və payız aylarında keçirilməsi təklif olunub: «Amma bunların arasında videokonfranslar keçirilə, yazışmalar ola bilər».

«CAVAB GÖZLƏYİRİK»

Mahmud Məmmədquliyev deyib ki, Brüsseldə Avropa Birliyi ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi üzrə ilkin danışıqlarda sırf texniki məsələlər müzakirə olunub: «Hələ ki, bizim layihə üzrə onların mövqeyini gözləyirik. Onlar indiyə qədər bizə məlumat verməyiblər. Mən orada olanda da dedim ki, bu məlumat bizə verilməlidir ki, biz baxaq və ondan sonra substantiv danışıqlar aparaq. Mən ayrıca olaraq onların danışıqlar üzrə rəhbəri ilə də görüşdüm. Kiçik texniki məsələləri, görüşlərin necə olması, hansı formada keçirilməsi, videokonfransların təşkili barədə müzakirələr apardıq. Lakin əsas məsələ bizim təqdim etdiyimiz layihəyə onların münasibətini öyrənməkdir. Nə qədər tez öz təkliflərini, düzəlişlərini versələr, o qədər yaxşı olar».

Buna da bax-Mehman Əliyev: 'Hər şey Qərbin mövqeyindən asılı olacaq'

Nazir müavini qeyd edib ki, Azərbaycan üçün ən həssas mövzular təhlükəsizlik, siyasi məsələlər və münaqişədir: «Qarşı tərəf də, əsasən, siyasi və təhlükəsizlik məsələsinə həssas yanaşır. Çünki bu məsələ həllini tapmasa, digər məsələlər çətin olacaq. Sülh, sabitlik olmasa, nədən danışa bilərik? Amma yenə deyirəm ki, ilk növbədə onların bizim layihə üzrə konkret təklif və düzəlişlərini görüb, ona uyğun hazırlaşmalıyıq. Bütün danışıqlar 3 blok üzrə aparılır. Birincisi siyasi, təhlükəsizlik, ikincisi ticarət, sərmayələr, üçüncüsü də yerdə qalan digər iqtisadi, sosial, humanitar və sair məsələlər. Onlar təklif edir ki, müzakirələr bu 3 blokda paralel getsin. Təbii ki, biz bu təklifə baxacağıq. Lakin vurğulamışıq ki, birinci blok bizim üçün çox əhəmiyyətlidir. Təklif etmişik ki, biz bu blokdan başlayaq».

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə Tərəfdaşlıq və Əməkdaşlıq haqda sazişi 1996-cı ildə imzalayıb. Həmin saziş 1999-cu ildə ratifikasiya edilib və qüvvədədir. 2004-cü ildən Azərbaycan «Şərq Tərəfdaşlığı» Proqramında yer alıb. Bu proqrama Azərbaycandan əlavə, daha 5 postsovet ölkəsi olan Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna daxildir. Bu ölkələrdən Ukrayna, Moldova, Gürcüstan 2014-cü ildə Avropa Birliyi ilə assosiativ üzvlüyə dair saziş imzalayıb.

Azərbaycan isə bu sənəddən fərqli, strateji əməkdaşlıq barədə ikitərəfli saziş imzalanmasını təklif edib.

Fevralın 6-da tərəflər Brüsseldə bir araya gəlmişdilər.

XS
SM
MD
LG