Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:47

'Bataqlığı quruda bilən adam'. Tramp ikinci müddətə bir çox ilki ilə gəlir


Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp Albukerqe hava limanında seçkiqabağı mitinqinə gəlir.
Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp Albukerqe hava limanında seçkiqabağı mitinqinə gəlir.

AzadlıqRadiosunun əməkdaşı Maykl Skollonun yazdığına görə, 5 noyabr seçkilərini udan Donald Tramp Respublikaçılar partiyasındakı fikir ayrılıqlarını aşa bildi. O, 2017-2021 illərdəki ilk prezidentlik dönəmindən ona miras qalan məhkəmə işlərini və sui-qəsd cəhdini də adlamağı bacardı.

Demokratların namizədi Co Baydeni vitse-prezident Kamala Harris əvəzləyəndən sonra Tramp rəqib partiya tərəfdaşlarının qəzəbinə tab gətirdi.

Yaşı 78-i haqlayan Tramp ABŞ prezidentliyini qazanan ən yaşlı şəxsdir. Dörd il əvvəl ona qalib gələn Baydenin 77 yaşı vardı.

Yanvarın 20-də gerçəkləşəcək andiçmə mərasimindən sonra Trampın adı ABŞ-ın 45-ci və 47-ci prezidenti kimi tarixə düşəcək. Ondan öncə ancaq bir ABŞ prezidenti - Qrover Klivlend- 130 il öncə 22 və 24-cü prezident kimi ardıcıl olmadan Ağ evin başçısı seçilib.

Tramp haqqında iki dəfə impiçment elan edilmiş ilk prezident olmaqla yanaşı, cinayət törətməkdə təqsirli bilinən ilk ölkə başçısı kimi də ad çıxarıb.

Donald Tramp Nyu-York məhkəməsində.
Donald Tramp Nyu-York məhkəməsində.

Trampın sənədləri qanunsuz saxlaması işinə iyulda xitam verilib

İkinci dönəmini başlayacaq Trampın iki cinayət işi üzrə istintaqı hələ də davam edir. O, hakimiyyətin Baydenə dinc yolla təhvilini pozmaq cəhdində və 2020-ci ildə Corciya ştatında seçkilərə müdaxilə etməkdə suçlanır. Trampın məxfi sənədləri qanunsuz saxlamasına dair üçüncü işə iyulda xitam verilib.

Bir çox tərəfdaşı Trampın Baydenə ötən seçkiləri uduzmasını qəbul etməyib. Onun siyasi rəqiblərinə qarşı alovlu ritorikası və "ifritə ovu" üzündən hüquqi problemlər yaşadığını iddia etməsi də verilən dəstəkdə rol oynayıb.

Seçicilər arasında aparılan ənənəvi sorğularda Tramp ən güvənli namizəd kimi önə çıxıb. İmmiqrasiya, inflyasiya kimi problemləri məhz onun çözəcəyinə inanıblar.

Öz seçki kampaniyasında qanunsuz mühacir köçünü, ölkə içində durğunluğu və xaricdəki uğursuzluqları dilə gətirən Tramp Amerikanı kölgə hökumət məmurları ilə bürokratların "dərin dövlət"inin yönəltdiyini iddia edib və özünü bu problemləri çözəcək ən uyğun namizəd kimi göstərə bilib.

Donald Tramp Miçiqan ştatında seçkiqabağı mitinqinə gələrkən "Amerikanı yenidən möhtəşəm et" (MAGA) beysbolkasını tərəfdarlarına atır.
Donald Tramp Miçiqan ştatında seçkiqabağı mitinqinə gələrkən "Amerikanı yenidən möhtəşəm et" (MAGA) beysbolkasını tərəfdarlarına atır.

"Amerikanı yenidən möhtəşəm et"

O, 2016-cı il kampaniyası zamanı "Amerikanı yenidən möhtəşəm et" vədləri ilə seçicilərin ürəyini fəth etdi, daha yaxşı ticarət sazişləri bağladı və dünyada ABŞ-a sayqını bərpa etmək üçün ABŞ ordusuna ayrılan maliyyəni artırdı.

Trampın adı bütün dünyada dəbdəbəli qüllələri bəzəyib. Televiziya tamaşaçıları onun realiti-şousunda "İşdən çıxarıldın" deyiminə bayılırdılar. Çoxları Trampı "bataqlığı quruda bilən" adam sayırdı. Belə deyərkən, paytaxt Vaşinqtondakı korrupsiyaya eyham vurulurdu.

Bu dəfə Tramp daha siyasi autsayder deyil, tam tərsi, özünü dünya səhnəsində sərt lider kimi təsdiqləmiş bir insan kimi görünür.

Ukrayna və Yaxın Şərqdəki savaşların fonunda seçkilərin taleyini çözən tərəddüdlü 7 ştatda seçicilərin əksəriyyəti məhz Trampın ölkəyə rəhbərlik etməyə ən uyğun adam saydı.

"Taliban" döyüşçüsü Kabil hava limanında ABŞ dövlət bayrağının yanından keçir.
"Taliban" döyüşçüsü Kabil hava limanında ABŞ dövlət bayrağının yanından keçir.

Birmənalı uğurlar və "Taliban"la mübahisəli razılaşma

Tramp ilk prezidentlik dönəmində birtərəfli qaydada ABŞ-ı İranla bağlanan nüvə sazişindən çıxardı və iqtisadi rəqibi Çinlə ticarət savaşı başlatdı. O, həmçinin ABŞ-ı əlverişsiz saydığı qlobal anlaşmalardan geri çəkdi və NATO müttəfiqlərinə basqı göstərərək onların çoxunu güvənliyə ayrılan maliyyəni artırmağa vadar etdi.

Tramp administrasiyası ən mübahisəli razılaşmalarından birini "Taliban"la bağlamışdı. O bağlaşmaya görə, 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan tam çıxarılması üçün şərtlər müəyyənləşdirilmişdi. Trampın əleyhdarlarının fikrincə, razılaşma "Taliban"a hakimiyyəti ələ keçirməsi üçün zəmin yaratdı. Bayden və Harrisin ölkə idarəçiliyində səhvlərə yol verdiyini deyən Tramp iddia edir ki, belə səhvlər ucbatından Rusiya 2022-ci ildə Ukrayna ərazilərini işğal etməyə başladı.

Tramp ilk prezidentliyi dönəmində rəsmi Vaşinqtonun Rusiya ilə münasibətlərini yenidən formalaşdırmağa çalışmışdı. Bir tərəfdən Vladimir Putinlə əlaqələrini yaxşılaşdıran Tramp, o biri yandan Moskvaya qarşı neçə sanksiyanın tətbiqinə nail olmuşdu. İndi də o deyir ki, Putinlə şəxsi münasibətləri Rusiyanın Ukraynaya qarşı tammiqyaslı savaşını bitirməyə yardım göstərəcək.

XS
SM
MD
LG