Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:50

ABŞ İrana onun ərazisində terror aktı təhlükəsi barədə xəbərdarlıq edibmiş


Kirman hücumunun qurbanlarının dəfnində
Kirman hücumunun qurbanlarının dəfnində

ABŞ hökuməti bu ayın əvvəllərində 80 nəfərin ölümü ilə nəticələnmiş hücumdan əvvəl İrana onun ərazisində terror təhlükəsi olmasına dair “özəl qaydada” xəbərdarlıq edib.

Bunu yanvarın 25-də ABŞ rəsmilərindən biri deyib.

Həmin rəsmi deyib ki, ABŞ-ın hökumətləri ölümcül hədələr barədə xəbərdar etmək kimi uzun müddətdən bəridir davam edən “xəbərdarlıq vəzifəsi” siyasəti var.

Adının çəkilməsini istəməyən rəsmi AzadlıqRadiosuna e-mail vasitəsilə müsahibəsində bildirib:

“Biz bu kimi xəbərdarlıqları həm də ona görə edirik ki, günahsız həyatların terrora qurban getməsini istəmirik”.

ABŞ-ın İrana belə bir xəbərdarlıq etməsi barədə ilk dəfə The Wall Street Journal qəzeti məlumat vermişdi.

“Spesifik məlumat”

Yanvarın 3-də İranın cənub-şərqindəki Kirman şəhərində İslam İnqilab Keşikçiləri Korpusunun generalı Qasem Süleymaninin ölümünün ildönümü mərasimində iki partlayış baş vermişdi.

Bu hücuma görə məsuliyyəti öz üzərinə ekstremist İslam Dövləti qruplaşması götürüb.

Qruplaşma bildirib ki, onun iki üzvü əyinlərindəki partladıcı jiletləri işə salıb.

Bu partlayışlarda 280 nəfərin yaralandığı bildirilirdi.

The Wall Street Journal qəzeti adları çəkilməyən ABŞ rəsmilərinə istinadla yazırdı ki, İrana gözlənilən “təhlükə və onun məkanı barədə spesifik məlumat vaxtında verilmişdi” və bu informasiya Tehrana hücumun qarşısının alınmasında kömək edə bilərdi.

Kirmanda partlayışdan sonra
Kirmanda partlayışdan sonra

Xəbər verilir ki, İranın BMT-dəki missiyası bu məlumat barədə sorğulara hələ ki cavab verməyib.

İsrail və ABŞ və Aİ-də terrorçu kimi tanınan HƏMAS arasında müharibənin getdiyi, Yəməndə İrana bağlı husi qiyamçıların Qırmızı dənizdə naviqasiyaya təhlükə yaratdığı bir vaxtda baş vermiş bu insidentin münaqişəni bütün Yaxın Şərqə yaya biləcəyinə dair narahatlıq yaratmışdı.

General Süleymani 2020-ci ilin yanvarında Bağdad hava limanının yaxınlığında ABŞ-ın dron zərbəsi ilə öldürülüb.

O regionda İran xarici siyasətinin memarlarından biri sayılırdı.

XS
SM
MD
LG