Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:45

A.İsmayılov: 'Kimsə özünü kölə hesab etmirsə, niyə sözü özünə götürür?'


A.İsmayılov
A.İsmayılov

Vəkillər Kollegiyasının rəhbərliyi ilə bu qurumun üzvü olan vəkil Adil İsmayılov arasında qarşılıqlı ittihamlar bir aya yaxındır ki, davam edir. A.İsmayılov rəhbərliyi maliyyə məsələləri ilə bağlı şəffaf olmamaqda qınayır, toplanan vəsaitlərin hara xərcləndiyinin açıqlanmasını tələb edir. Qarşı tərəf isə onu rəhbərliyə böhtan atmaqda, əsası olmayan şayiələr yaymaqda suçlayır.

AzadlıqRadiosu həm Adil İsmayılova, həm də Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırova müraciət edərək, yaranmış duruma aydınlıq gətirməyə çalışıb.

Adil İsmayılov: - Bu, bir-iki günün söhbəti deyil, illərlə yığılmış emosiyalar idi. Bu yaxınlarda minimum əməkhaqqı artırılandan sonra vəkillərin üzvlük haqqı da 52 manatdan 72 manata qaldırıldı. Bundan əvvəl də hər işdə order üçün 10 manat marka pulu tətbiq olunmuşdu. Bu yığılan pulların hara getməsi də məlum deyil. Üzvlük haqqı artırılanda dedim ki, bəzi vəkillər yeni başlayıblar, əllərində işləri yoxdur, amma yenə də hər ay üzvlük haqqı verməlidirlər. Ona görə təklif elədim ki, Rəyasət Heyəti məbləği azaltsın. Yazdılar ki, Rəyasət Heyətinin belə səlahiyyəti yoxdur, buna konfransda baxıla bilər. Sonra öyrədilmiş vəkillərdən mənə qarşı artıq-əskik söhbətlər başladı. Bundan sonra Facebook-dakı virtual Vəkillər Kollegiyası qrupundan çıxdım. Amma Rəyasət Heyəti bir həftə ərzində məsələyə baxıb, üzvlük haqqını azaltdı. Bundan sonra mən yazdım ki, əgər mümkün deyildisə, necə azaldıldı? Həm də bu qədər pul yığılır, hara xərclənir?

- Belə fikirlər də səslənir ki, Adil İsmayılov niyə indiyə qədər demirdi bunları?

- Mən həmişə problemləri dilə gətirmişəm, sözümü demişəm, vəziyyətin düzəlməsinə çalışmışam. Kollegiyada rəhbər dəyişikliyindən sonra çoxlarında eyforiya vardı ki, islahatçılar gəlib, vəziyyəti düzəldəcəklər. Məndə açığı, o gözlənti yox idi. Çünki əslində, rəhbərlikdə dəyişik yoxdur. Əvvəl Rəyasət Heyətinin 11 üzvü vardı, onun altısı indiki Rəyasət Heyətinin də üzvüdür. Bu adamlar nəyisə dəyişmək istəsəydilər, o vaxt da dəyişərdilər. İndi dəyişən bircə odur ki, rəhbərliyə yeni adamlar gəlib, üzvlərin sayı 900-dən 1500-ə qədər artıb. Bu gənc adamların da müstəqil fikrinin olmaması, müti xarakterli olmasını heç cür anlaya bilmirəm.

– Əsas tələbiniz maliyyə məsələləri ilə bağlı hesabatdır?

– Son illərdə Bakıda və regionlarda çoxlu məhkəmə binaları tikilib, amma ədalət mühakiməsində heç nə dəyişməyib. Çünki bunlar hamısı görüntüdür. O qəşəng binaların içində vəziyyət əvvəlkindən daha pisdir. Vəkillikdə də belədir. Məsələn, vəkil vəsiqələrinin, orderlərin, müqavilələrin formasını dəyişdilər. Bunlar da görüntüdür. Ciddi problemlərin hamısı olduğu kimi qalıb. Məsələn, yenə də vəkil saatlarla məhkəmə binasında gözləyir, əlində order ola-ola vəkilin hüquqlarını müdafiə etdiyi şəxslə görüşməsinə günlərlə imkan verilmir. Əvvəllər şənbə günü vəkilin təcridxanada müvəkkili ilə görüşünə icazə vardı, indi onu da qadağan ediblər ki, təcridxana əməkdaşlarının istirahət hüququ pozulur. Necə olur, istintaq orqanının əməkdaşı istənilən gün gedə bilir, vəkil yox? Yaxud təcridxanada vəkilin öz müvəkkili ilə konfidensial söhbətləri yazılır.

– Anar Bağırov deyir ki, maliyyə məsələləri vəkillərin özlərinə aid məsələ olduğuna görə ictimai şəkildə açıqlanmasına ehtiyac yoxdur, vəkillərin konfransında onların özlərinə bu barədə hesabat verilir...

- Vəkillər Kollegiyası ictimai təşkilatdır. Nümayəndələr olaraq yığışıb kollegiyanı yaratdıq, təsisçilərdən biri də mənəm. Mənim haqqım var ki, kollegiyada nə baş verdiyini, haradan maliyyə daxil olduğunu, hara xərcləndiyini bilim. Vətəndaşın da bu hüququ var. Konstitusiyanın normasıdır ki, dövlət hər bir vətəndaşa yüksək keyfiyyətli hüquqi yardım göstərilməsini təmin etməlidir. Prezidentin sərəncamı oldu ki, dövlət Vəkillər Kollegiyasına yerlər, o yerlərin də təmirinə vəsait ayrılsın. Rəyasət Heyətinin üzvlərindən biri demişdi ki, təkcə təmirə 1 milyon manat vəsait ayrılıb. 1500 vəkilin hər biri ayda 52 manat üzvlük haqqı, hər orderə görə 10 manat marka pulu verir. Üstəlik, vəkil aylıq gəlirindən 2 faiz də Sığorta Fonduna pul keçirir. Orada yazılıb ki, həmin vəsait hər hansı vəkilin qanunsuz hərəkəti nəticəsində vurduğu ziyanın ödənilməsinə yönələcək. Haradadır bu pullar? Mən yazmışdım ki, Kollegiyanın keçmiş sədri Azər Tağıyev vəzifədən gedəndə bu qurumun büdcəsində 1 milyon pul olub. Bunu yazandan sonra Kollegiyanın sədr müavinlərindən biri dedi ki, 1 milyon yox, 800 min olub. Yaxşı, bu 800 min haradadır? Yaxud ayrı-ayrı vəkil büroları təmir olunur, həmin maliyyənin mənbəyi ilə bağlı hərə bir söz deyir. Mən də bilməliyəm ki, haradan gəlir bu pul. Yaxud bir neçə hüquq məsləhətxanasının yeri plana düşdü, əvəzinə onlara yeni yerlər verildi. Həmin yerlər kimin mülkiyyətindədir?

– Qarşı tərəfin iradlarından biri də budur ki, niyə onların özlərinə bu barədə yazıb soruşmamısınız, birbaşa sosial şəbəkədə yazmısınız?

– İki-üç dəfə şifahi danışmışıq, sonra Facebook-da yazmışam. Rəsmi şəkildə də müraciət eləmişəm. Olmasa, başqa tədbirlərdən istifadə edəcəm. Məsələn, birbaşa prezidentin özünə müraciət edəcəyəm. Korrupsiyaya Qarşı Mübarizə Komissiyası var, ora müraciət edəcəyəm. Məsələnin ictimailəşdirilməməsinə gəlincə, sanki yarasa kimi gün işığına çıxmaqdan qorxurlar. Bu məsələlər ictimaiyyətdən niyə gizlədilməlidir? Əvvəla, özlərinə demişdim. İkincisi, harada yazılıb ki, Adil İsmayılovun bu məsələləri ictimailəşdirməsi qanunla qadağandır? Cavab versinlər, hər şey hamıya aydın olsun.

– Bu son addımlarınızla əlaqədar Sizi vəkillərin nüfuzuna zərbə vurmaqda, «kölə» deməklə onları aşağılamaqda ittiham edənlər də var...

– Kollegiyada olmaqla kolleqa olmaq eyni deyil. Vəkillik, həkimlik peşədir. Ağ xalat geyinməklə həkim olmurlar. Xalat geyinməklə vəkil də olmaq mümkün deyil. Bu gün vəkillikdə müəyyən qrup adamlar var ki, mən onları həmkar hesab eləmirəm. Onlar sadəcə, Kollegiyanın üzvüdürlər. Qaldı, «kölə», «mağmın» kimi ifadələrə, bunları da mən demişəm, ümumi şəkildə. Kimsə özünə götürürsə, onun problemidir. Mən konkret kiminsə adını çəkib deməmişəm. Kimsə özünü kölə hesab etmirsə, niyə sözü özünə götürür?

A.Bağırov
A.Bağırov

Anar Bağırov: «Sualın vardı, gəlib görüşərdin»

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov AzadlıqRadiosuna bildirib ki, bu mövzuda danışmaq istəmir: «Mənim ictimai şoularda iştirak etmək niyyətim yoxdur. Vəkillər mənə icazə vermir, özüm də istəmirəm. Mən şoumen deyiləm...».

Bununla belə, A.Bağırov Vəkillər Kollegiyası Rəyasət Heyətinin yerləşdiyi binanın icarəsi, 12 saylı vəkil bürosunun mülkiyyətçisi, təmiri barədə məsələlərə toxunub: «Bizim istifadəmizdə olan binanın mənə və ya mənimlə hər hansı bağlılığı olan fiziki, yaxud hüquqi şəxsə heç bir aidiyyəti yoxdur. Maraqlanan Reyestr Xidmətindən öyrənə bilər. Əvvəlki binamızda son dəfə təmir 35 il əvvəl aparıldığı üçün normal fəaliyyət göstərmək mümkün deyildi, bərbad halda idi, elementar sanitar tələblərə cavab vermirdi. Buna görə də Rəyasət Heyətinin qərarıyla bir il öncə hazırki bina çox sərfəli qiymətə icarəyə götürüldü. Kvadratı 8 manata olan bu binanı da elə öz vəkillərimiz axtarıb tapdılar. Cənab prezidentin vəkilliyin inkişafı ilə bağlı qəbul etdiyi məlum sərəncama əsasən, Nazirlər Kabineti tərəfindən Bakı şəhərində yeni bina ayrılanadək bu binada yerləşəcəyik. Hesab edirik ki, Vəkillər Kollegiyasının normal şəraitə məxsus binada yerləşmək haqqı var, vəkillərimizin də ürəyincədir. 12 saylı vəkil bürosunun yerləşdiyi sahə də həmişə dövlətin mülkiyyətində olub. Ora həmin büronun vəkillərinin öz hesabına təmir və təchiz edilib».

Vəkillər Kollegiyasının əvvəlki rəhbərliyindən 1 milyon manata yaxın vəsaitin qalmasına gəlincə, A.Bağırov deyir ki, yalandır. O, rəhbərliyə gələndə təhvil aldığı vəsait bundan qat-qat az olub: «Vəkillərin beş ildən bir konfransı olur. Sonuncu konfransımız 2017-ci ilin dekabrında olub. Orada 200-ə yaxın vəkil iştirak edib və onlara beş illik maliyyə hesabatı verilib. Adil İsmayılovun səsləndirdiyi rəqəmlər yalandır».

A.Bağırov vəkilliyə aid maliyyə məsələlərinin sosial şəbəkələrdə müzakirəsinə də etiraz edir: «Fəaliyyət göstərdiyin quruma sosial şəbəkələrdə sual vermək yaxşı örnək deyil, sualın vardı, gəlib görüşərdin, cavab alırdın. Bir ay əvvəl fəaliyyətimizi tərifləmək, dərhal da pisləmək təbii ki, müəyyən qərəzin göstəricisidir. Deyildiyi kimi, şayiələr varsa, mənbəyini göstərsinlər, çıxarışları dərc etsinlər. Göstərə bilmirlərsə, deməli, özlərinin yaydığı şayiələrdir. Məqsəd də yeni rəhbərliyin fəaliyyətinə kölgə salmaq, qara yaxmaqdır. Həmçinin, vəkilin öz həmkarlarını «kölə» adlandırmaqla təhqir etməsi halları da qəti pisləyirik. Bu, elementar etik tələblərə cavab verməyən davranışdır. Kollegiyanın rəhbərliyi vəkillərin konfransında qanuna uyğun şəkildə seçilib, bütün vəkillər də tam legitim olan Rəyasət Heyətinə hörmətlə yanaşmalı, ucuz populist hərəkətlərə yol verməməlidirlər».

XS
SM
MD
LG