Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:17

ABŞ xüsusi prokuroru Ağalarovları dindirmək istəyir


Emin və atası Aras Ağalarov 2013-cü ildə Moskvada keçirilən Miss Universe müsabiqəsinin finalında Donald Trump-la
Emin və atası Aras Ağalarov 2013-cü ildə Moskvada keçirilən Miss Universe müsabiqəsinin finalında Donald Trump-la

ABŞ xüsusi prokuroru Robert Mueller 2016-cı ilin iyununda Donald Trump-ın böyük oğlunu rusiyalı vəkillə görüşə sövq etmiş Rusiya oliqarxı və onun müğənni oğlunun dindirilməsi üçün cəhdlərini davam etdirir. Rusiyalı vəkil oğul Trump-a atasının seçki rəqibi Hillary Clinton-u gözdən salacaq materiallar vəd etmişdi.

CNN telekanalının məlumatına görə, Aras Ağalarov və onun oğlu Eminin vəkili ilə ABŞ xüsusi prokuroru arasında danışıqlar artıq bir ilə yaxındır ki, davam edirmiş. Bu barədə məlumatı elə Ağalarovların vəkili verib.

Robert Mueller sözü gedən görüşün təfərrüatları barədə mümkün qədər çox şeyi öyrənməyə çalışır.

Ağalarovların vəkili Scott Balber deyib: "Biz mümkün dindirmənin keçirilməsi üçün xüsusi prokurorla artıq bir ilə yaxındır ki, danışıq aparırıq. Bu danışıqlar yeni bir xəbər deyil. Danışıqlar davam edir. Biz hələ razılığa gələ bilməmişik və mən razılığa gəlib-gəlməyəcəyimiz barədə indidən heç nə deyə bilmərəm”.

Mueller-in komandasını prezident Trump-ın Trump Tower otelində yer almış görüş barədə əvvəlcədən xəbərinin olub-olmaması maraqlandırır.

Balber əlavə edib ki, onun müştəriləri Trump-ın rusiyalı vəkillə görüş barədə əvvəlcədən bildiyini düşünmək üçün əsas görmürlər.

Ötən həftə CNN-nin mənbələri bildirmişdilər ki, Trump-ın vəkili Michael Cohen Donald Trump-ın bu görüşdən əvvəlcədən xəbərdar olduğuna dair informasiyaya malikdir.

Balber deyib: "Ağalarovlar bilmirdilər və belə düşünməyə əsasları da yox idi ki, prezident Trump,Trump Tower görüşü barədə xəbərlər yayılanadək bu görüşün olacağını bilib”.

Mueller Birləşmiş Ştatlarda yaşamayan Ağalarovlara çağırış göndərmək səlahiyyətinə malik deyil. Xüsusi prokurorun ofisi bu görüşün bir neçə iştirakçısını 2017-ci ilin əvvəllərində dindirib.

Azərbaycanlı pop ulduzu Emin Agalarov Trump kampaniyasına dair təhqiqatın diqqət mərkəzinə onun reklamçısı Rob Goldstone oğul Trump-a rusiyalı vəkillə görüş təklif etdikdən sonra gəlib.

Bu məlumatların faş olması həm də Trumplarla Ağalarovların münasibətlərinə işıq salıb. Onlar Donald Trump-a Kainat Gözəli (Miss Universe) müsabiqəsinin 2013-cü ildə Moskvada keçirilməsinə kömək etmişdilər.

Eminin adı Goldstonla oğul Trump-ın 2016-cı ilin yazına aid email yazışmasında bir neçə dəfə çəkilir.

Oğul Trump-a email-lərindən birində Goldstone yazırdı: “Elə indicə Emin zəng eləmişdi. Xahiş etdi ki, sizə onda sizin üçün maraqlı bir şey olmasını çatdırım”.

Goldstone davam edirdi: “Rusiyanın baş prokuroru bu səhər onun atası Arasla görüşüb və görüş zamanı Trump kampaniyasına bir neçə rəsmi sənədlər və Hillary-ni gözdən salacaq informasiya vermək istədiyini deyib”.

Goldstone bildirirdi ki, Hillary-nin Rusiya ilə əlaqələrinə dair bu informasiya Donald Trump üçün faydalı ola bilər.

Goldstone email-də bunu da yazırdı ki, bu informasiya “Rusiya və onun hökumətinin cənab Trump-a dəstəyinin bir hissəsidir”.

Oğul Trump bu email-ə cavab olaraq yazırdı: “Mən indi yoldayam, amma yəqin ki, bu barədə əvvəlcə Eminlə danışacağam”.

Oğul Trump bunu da yazırdı ki, “belə bir informasiyanı çox istərdi, xüsusilə də yayın axırlarında”.

CNN bildirir ki, Emin Ağaralov sözü gedən görüşdə olmayıb, amma Goldstone Mueller-lə danışıb və böyük jüriyə ifadə verib.

İki ay bundan əvvəl Emin Ağalarov sükutunu pozub və belə görünür ki, Rusiyanın ABŞ seçkisinə müdaxiləsi barədə iddiaları lağa qoyan musiqi klipini təqdim edib.

Ağaralov ABC-nin "Good Morning America" proqramına deyib ki, Trump Tower Moscow otelinin tikintisi onun ideyası olub: “Mən dedim ki, ata, burada Trump Tower otelinin olması qiyamət olardı, gəl bu barədə müzakirələr açaq”.

Vice məcmuəsinə verdiyi müsahibədə isə Ağalarov deyib ki, Putini Miss Universe müsabiqəsinə dəvət etmək Trump-ın ideyası idi.

“O dedi ki, gəl Putini bu müsabiqəyə dəvət edək. Biz bunu təşkil etməyə çalışdıq, amma Putin gələ bilmədi, çünki o vaxt hansısa ölkənin kralı səfərə gəlmişdi”.

Emin Ağaralov Vice jurnalına deyib ki, o Trump Tower görüşündən əvvəl oğul Trump-la danışıb: “Mən dedim: Qulaq as, burada səninlə görüşmək istəyən adamlar var. Onlar əlbəttə ki, bu görüşdən onlara lazım məsələləri həll etmək üçün istifadə etmək istəyirlər. Bu sənin üçün maraqlı ola da bilər, olmaya da. Əgər onlar üçün bir neçə dəqiqə vaxt tapa bilsəydin, mən sənə minnətdar olardım. Əgər alınmasa da problem yoxdur. Əlbəttə ki, Don dedi: Əgər sən bunu xahiş edirsənsə mən bunu edərəm”.

Oğul Trump Senatın Ədliyyə Komitəsi qarşısında ifadə verərkən demişdi ki, Trump Tower görüşündən əvvəl Eminlə danışıb-danışmadığını xatırlamır.

XS
SM
MD
LG