Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:43

Ağdaşdan yenə 'Seçki karuseli' xəbərləri gəlir


Ağdaşda seçki - 18 iyun 2016
Ağdaşda seçki - 18 iyun 2016

-

Bu gün 90 saylı Ağdaş seçki dairəsində Milli Məclisə təkrar seçkilər keçirilir. Xəbər daim yeniləndiyindən ən son məlumat yazının əvvəlindədir.

SEÇKİ BAŞA ÇATIB

90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilər başa çatıb. Dairə seçki komissiyasının sədri Nurəddin Nəsibov AZƏRTAC-a bildirib ki, gün ərzində seçki məntəqələrində vətəndaşların yüksək fəallığı müşahidə olunub.

“Axşam saat 19:00-da bütün seçki məntəqələri səsvermə üçün bağlı elan edilib və səslərin hesabalanmasına başlanılıb. Səsvermə prosesində, eləcə də səslərin hesablanması və yekun protokolun doldurulması zamanı qaydalara düzgün əməl edilib, nöqsan aşkarlanmayıb. Bu seçki dairəsinə aid olan məntəqələrdə, ümumilikdə, 741 nəfər yerli, eləcə də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 4 müşahidəçisi səsvermə prosesini izləyib".

Nurəddin Nəsibov bildirib ki, məntəqələrdən heç bir şikayət daxil olmayıb.

MSK-nın Seçkilər İnformasiya Mərkəzinin xəbərinə görə, bu seçkidə seçici fəallığı 57,9 % olub.

Rəsmi məlumata görə qeydiyyatda olan 40203 seçicidən 23292 seçi səs verib.

Hərçənd, namizədlərdən biri ÜMİD partiyasının sədri İqbal Ağazadə deyib ki, səsvermə prosesində “karusel”dən geniş istifadə edilib. Bir çox namizədlər bir yox, bir neçə məntəqədə səs veriblər. Üstəlik, onların müşahidəçilərinə bəzi məntəqələrdə təzyiqlər olunub.

SEÇİCİ FƏALLIĞININ 50 FAİZƏ YAXINLAŞDIĞI BİLDİRİLİR

90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərdə saat 17:00-a olan seçici fəallığı açıqlanıb.

Seçkilərin İnformasiya Mərkəzinin xəbərinə görə, saat 17:00-a seçici fəallığı 48.6 faizə çatıb.

Bu müddət ərzində dairə üzrə qeydiyyatda olan 40 min 203 seçicidən 19 min 532-nin səs verdiyi bildirilir.

Seçkilər Məcəlləsinə uyğun olaraq, saat 19:00-da səsvermə başa çatacaq, səslərin sayılmasına başlanacaq. Dairədə 40 məntəqə fəaliyyət göstərir.

SEÇKİ KOMİSSİYASI BƏYANAT YAYDI

«90 saylı Ağdaş Seçki Dairəsində təkrar seçkilərin azad, ədalətli, demokratik və şəffaf keçirilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş bütün imkanlar yaradılıb».

Bu dairədə seçki komissiyasının iyunun 18-də yaydığı bəyanatda belə deyilir.

Bəyanatda seçki prosesinin ümumən qanunvericiliyə uyğun davam etdiyi bildirilir. Ancaq komissiya onu da qeyd edir ki, «bəzi hallarda özlərini KİV… nümayəndələri kimi təqdim edən səlahiyyəti bəlli olmayan şəxslər» seçicilərin iradəsinin azad ifadə olunmasına maneçilik törədirlər.

«Bu hərəkətlər deputatlığa namizəd İqbal Ağazadə üçün qanunsuz üstünlük və əlverişli şərait yaratmağa yönəlib. Həmin şəxslər seçki hüququnun həyata keçirilməsinə maneələr törədir, Seçki Məcəlləsinin tələblərini kobud şəkildə pozurlar», - bəyanatda bildirilir.

Komissiya qeyd edir ki, belə hərəkətlərə yol vermiş iki nəfər barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

«BÖHTANDIR...»

90 saylı Ağdaş Seçki Dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadənin seçki qərargahı isə komissiyanın bəyanatında deyilənləri təkzib edir.

İ.Ağazadənin səlahiyyətli nümayəndəsi Taleh Əliyev AzadlıqRadiosuna deyib ki, komissiyanın yaydığı bəyanat iftira və böhtandır: «Seçki ciddi pozuntularla müşayiət olunur. Ancaq bu pozuntular bütünlüklə İ.Ağazadənin əleyhinə yönəlib. Əksər məntəqələrdə bir seçicinin bir neçə məntəqədə səs verməsi təşkil olunub. Kənd icra nümayəndələri, bələdiyyələr, bütünlüklə «karusel»ə cəlb ediliblər».

T.Əliyev onlara basqıların olduğunu deyib: «Bizim müşahidəçilərimiz bunun qarşısını almağa çalışır, etiraz edirlər. Etiraz edən müşahidəçilərimizə basqılar var. 10-dan artıq müşahidəçimiz məntəqələrdən çıxarılıb. Bəziləri seçki prosesini pozmaq adı ilə polisə aparılıb».

T.Əliyev bütün saxtakarlıqların fiksasiya edildiyini, seçkinin nəticələri qaneedici olmazsa, pozuntuları məhkəməyə daşıyacaqlarını qeyd edib.

SEÇİCİ FƏALLIĞI - 40 FAIZ

Bu arada Mərkəzi Seçki Komissiyası 90 saylı Ağdaş Seçki Dairəsi üzrə təkrar seçkilərdə saat 15:00-a olan seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb.

Seçkilər İnformasiya Mərkəzinin xəbərinə görə, səsverməyə start verilən andan dairə üzrə 40 203 seçicidən 16 min 114 nəfər (40.1 faiz) səsvermədə iştirak edib.

İ.AĞAZADƏ: ««KARUSEL» DAVAM EDİR»

Mərkəzi Seçki Komissiyası (MSK) 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə saat 12:00-a olan seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb.

Seçkilər İnformasiya Mərkəzi bildirir ki, saat 12-yə qədər seçicilərin 25 faizi səsverməyə qatılıb. İki saat əvvəl isə bu nəticənin 11.2 faiz olduğu bildirilirdi.
Həmin dairədən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə bildirir ki, bu, yalnız «karusel» əməliyyatı ilə mümkün ola bilər. İ.Ağazadə qeyd edib ki, «karusel» deyəndə, bir seçicinin bir neçə məntəqədə səs verməsini nəzərdə tutur: «90 saylı Ağdaş Seçki Dairəsində «karusel» əməliyyatı davam edir. Buna etiraz edən müşahidəçilərimizi polis gücünə məntəqədən çıxararaq, seçki prosesini pozmaq adı ilə polisə aparırlar».

+++

«Mənim 100-ə qədər müşahidəçilərimə vəsiqələr verilməyib və, az qala, günün yarısı qurtarır. Hələ də onlar Dairə Seçki Komissiyasının qarşısında gözləyirlər».

Bunu AzadlıqRadiosuna 90 saylı Ağdaş Seçki Dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.

Onun deməsinə görə, seçkidə «karusel» əməliyyatına başlanıb. Yəni, bir seçici bir neçə məntəqədə səs verir.

İ.Ağazadənin bildirməsinə görə, belə məqamları aşkar edən müşahidəçiləri akt tərtib edərək məntəqədən çıxarırlar.

Deputatlığa namizəd qeyd edir ki, seçici fəallığı orta sayıla bilər.

Partiyanın səlahiyyətli nümayəndəsi Taleh Əliyev isə bildirib ki, fəallıq onsuz da aşağıdır: ««Karusel» əməliyyatı ilə süni seçici fəallığı yaradılır».

T.Əliyevin deməsinə görə, partiyanın müşahidəçilərini bilərəkdən təxribata çəkiblər və məntəqələrdən çıxarıblar: «Biz deyirik ki, Nurəddin müəllim, bizim müşahidəçilərə vəsiqələr dünən verilməli idi, indiyə kimi verilməyib. Deyir, əlimizdə daha vacib işlər var, imkan olsa, onlara vəsiqə verərik».

«SADƏCƏ, ŞOU YARATMAQ İSTƏYİRLƏR»

90 saylı Ağdaş Seçki Dairəsinin sədri Nurəddin Nəsibov isə ittihamları qəbul etmir: «40 məntəqənin hər birində İ.Ağazadənin iki müşahidəçisi var. Müşahidəçilərə də hər hansı problem yaradılmır. Sadəcə, onlar şou yaratmaq istəyirlər, yoxsa burada hər şey sakitliklə keçir».

SEÇKİYƏ, HƏLƏLİK, 11 FAİZİN GƏLDİYİ DEYİLİR

Mərkəzi Seçki Komissiyası (MSK) 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə saat 10-a olan seçici fəallığı ilə bağlı məlumatları açıqlayıb.

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, indiyədək həmin dairə üzrə 40 min 203 seçicidən 4 min 517 nəfər (11.2 faiz) səsvermədə iştirak edib.

+++

Bu gün saat 08:00-da 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərə start verilib.

Bu dairədə 40 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin sayı isə 40 min 203 nəfərdir.

AZƏRTAC-ın xəbərinə görə, Dairə Seçki Komissiyasının sədri Nurəddin Nəsibov bildirib ki, səsvermənin azad, demokratik və şəffaf keçməsindən ötrü bütün seçki məntəqələrində lazımi şərait yaradılıb. Zəruri texniki vasitələrlə, o cümlədən mürəkkəb balonları və ultrabənövşəyi lampalarla təchiz ediliblər. Seçki məntəqələrinin 10-da veb-kameralar quraşdırılıb.

Bu dairədə deputat mandatı uğrunda 7 namizəd mübarizə aparır.

Namizədlərdən 5-i bitərəfdir. Qalan iki nəfərin siyasi mənsubiyyəti var. Onlardan biri -Cavid Osmanov hakim Yeni Azərbaycan Partiyasını təmsil edir. O, YAP-ın Ağdaş rayon təşkilatının sədridir.

İkincisi isə Ümid Partiyasının sədri İqbal Ağazadədir.

Səsvermə saat 19:00-da başa çatmalıdır.

Azərbaycanda sonuncu parlament seçkiləri ötən il noyabrın 1-də keçirilmişdi. Həmin seçkidə yenə hakim Yeni Azərbaycan Partiyası böyük üstünlük qazanmışdı. 90 saylı Ağdaş Seçki Dairəsində də ilkin qalib kimi Çingiz Əsədullayev elan edilmişdi. Ancaq sonradan Mərkəzi Seçki Komissiyası (MSK) həmin dairədə nəticələri ləğv etmişdi. O vaxt mətbuat bunu Ç.Əsədullayevin işdən çıxarılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu olması ilə izah etdi.

MSK-nın qərarında deyilirdi ki, 90 saylı Ağdaş Seçki Dairəsində 17 məntəqədə pozuntulara yol verilib.

Milli Şura və Müsavat Partiyası isə həmin seçkiləri boykot etmişdilər. Onlar Azərbaycanda bütün dairələr üzrə təkrar seçkilərin keçirilməsini istəyirlər.

⇒ Ağdaşda seçkilərlə bağlı qarşılaşdığınız hər hansı maraqlı hadisə, foto və ya videonuz olsa, AzadlıqRadiosuna göndərin.

⇒ WhatsApp nömrəmiz: (+420) 778 711 700

XS
SM
MD
LG