Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:45

Qərb Orta Asiya miqrantlarına iş imkanlarını yavaş-yavaş genişləndirir


Rusiyanın Xabarovsk şəhərində qanunsuz miqrant işçilərə qarşı reyd.
Rusiyanın Xabarovsk şəhərində qanunsuz miqrant işçilərə qarşı reyd.

Almaniyanın kansleri Olaf Şolts ölkəsinin sentyabrın 15-də Özbəkistanla imzaladığı miqrasiya razılaşmasından söz açıb. O, Səmərqənddə Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə danışıqların ardınca bu sazişin "Almaniyada ehtiyacımız olan" yüksək qabiliyyətli işçilərin zəruri immiqrasiyasına imkan verdiyini deyib. Şolts Səmərqənddə verdiyi və ofisinin saytında dərc olunan açıqlamada geri qayıtmalı olanların qayıtmasından ötrü sadə, "qeyri-bürokratik" prosedurlara dair razılığa gəlindiyini bildirib.

AzadlıqRadiosunun əməkdaşı Kris Rikltonun hazırladığı məqalədə deyilir ki, açıqlamanın bu son hissəsi yerli auditoriya üçün nəzərdə tutulmuş ola bilər.

Almaniya miqrasiyanı, özəlliklə qanunsuz miqrasiyanı sağçı siyasi qüvvələrin alətə çevirdiyi çox sayda Qərb ölkələrindən biridir.

"Nəticədə... belə müqavilələr ortaya çıxır"

Ancaq miqrasiya Qərb ölkələrinin Orta Asiya ilə münasibətlərini dərinləşdirməklə bağlı vədlərini yerinə yetirə biləcəyi tək-tük sahələrdən də biridir. Rusiya Ukraynaya qarşı tammiqyaslı hücum başladandan bəri bu regionun strateji önəmi artıb.

"Berlin aşırı sağın son seçkilərdəki uğuru fonunda həm əhali arasındakı antimühacir əhval-ruhiyyəsini sakitləşdirməyə, həm də alman iqtisadiyyatını çətin duruma salan işçi qıtlığını aradan qaldırmağa çalışır. Nəticədə qanunsuz mühacirlərə qarşı sərtlik nümayiş etdirən, ancaq eyni zamanda qabiliyyətli mühacir və tələbələrə imkanlar yaradan belə müqavilələr ortaya çıxır", - Avrasiyada miqrasiya məsələlərinə fokuslanan araşdırmaçı və jurnalist Yan Matuseviç AzadlıqRadiosuna deyib.

Ortaasiyalıların iş miqrantı kimi üz tutduğu ənənəvi yer Rusiyadır. Region ölkələrinin milyonlarla vətəndaşı Rusiyada yaşayır və işləyir.

Ancaq Qırğızıstan, Tacikistan və Özbəkistandan olan əmək miqrantlarının onsuz da çətin həyatı Rusiyanın başlatdığı savaş üzündən daha da çətinləşib. Rusiyada hərbi çağırış qurumları istər Rusiya vətəndaşlığı olan, istəsə vətəndaşlıq almayan ortaasiyalıları ön cəbhəyə göndərmək üçün hədəf seçib.

Mart ayında Moskvada "Crocus City Hall"da baş verən hücuma görə Tacikistan vətəndaşları suçlandı. Ardınca miqrantlara qarşı onların iş yerləri və evlərində keçirilən reydlər kütləvi hal aldı və onların həyatı daha da ağırlaşdı. İndi get-gedə daha çox ortaasiyalı Rusiya sərhədlərindən geri qaytarılır.

Bu ölkələrin hər üçü Moskva ilə danışıqlara gedərək bu durumu müzakirə etməyə çalışıb. Ancaq Rusiya cavabında bildirib ki, ölkənin miqrasiya siyasətinə indiki yanaşmasında güvənlik öncəlik sayılır.

Almaniya kansleri Olaf Şolts və Özbəkistan prezidenti Şavkat Mirziyoyev Səmərqənddə.
Almaniya kansleri Olaf Şolts və Özbəkistan prezidenti Şavkat Mirziyoyev Səmərqənddə.

Nadir imkan?

Bu da o deməkdir ki, Qərbin əlinə həmin Orta Asiya ölkələri ilə münasibətləri gücləndirmək üçün nadir imkan düşüb.

Xaricdən pul köçürmələri Özbəkistanın ÜDM-sinin 10 faizi, Tacikistanın ÜDM-ninsə 40 faizdən çoxu deməkdir.

Ancaq ekspertlər deyirlər ki, Qərbin bu yöndə gördüyü işin nəticələri, hələlik, çox azdır və, çox güman, belə də qalacaq.

Antiimmiqrasiya əhvalının ötən ay iğtişaşlar doğurduğu Britaniyada "Mövsümi işçilər sxemi" hər il minlərlə ortaasiyalını cəlb edir. Orta Asiyada həmin sxemə tələbat böyükdür. Bu da sxem haqqında elanlar verən şirkətlər arasında fırıldaqçılıq və cinayət hallarını artırır.

Miqrantlar Britaniyada Rusiyada qazandıqlarının iki-üç mislini qazandıqları halda, pul köçürmələrinin həcmi hələ də digər regionlarla müqayisədə azdır. Məsələn, Mərkəzi Asiya ölkələri ilə daha uzunmüddətli bağları olan Cənubi Koreya ilə region ölkələri arasındakı pul köçürmələrinin həcmi daha yüksəkdir.

Almaniyadan pul köçürmələrinin həcmi də böyük deyil.

Hamburqda çıxan həftəlik "Die Zeit" qəzeti sentyabrın 15-də sözügedən sazişə həsr olunan xəbərində hazırda ölkədə 13 min 700 özbəkin yaşadığını yazıb.

"Bununla yanaşı, yalnız təxminən 200 özbək Almaniyada yaşayış icazəsi olmadan yaşayır. …Bu, Almaniyada olan və ölkəni tərk etməsi istənilən 225 min mühacirin 0.1 faizindən də az deməkdir", - "Die Zeit"ın xəbərində belə deyilir.

İstər Berlin, istərsə Daşkənd bu rəqəmlərin hansı istiqamətdə dəyişəcəyi barədə hər hansı şərh verməyib.

"Hökumətin siyasəti də eyni cürdür"

Berlində fəaliyyət göstərən Şərqi Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin (ZOIS) tədqiqatçısı Beate Eşment deyir ki, bu razılaşma Keniya, Mərakeş və Gürcüstan da daxil, digər ölkələrlə imzalanan bənzər razılaşmalarla səsləşir.

"Hazırda burada miqrasiyaya dair müzakirə tam dolaşıq və qeyri-rasionaldır və, təəssüf ki, göründüyünə görə, hökumətin siyasəti də eyni cürdür. İnsanlara yetərincə izah edilmir ki, bizim işçilərə ehtiyacımız var və onlar yalnız xaricdən gələ bilər", - Eşmentin AzadlıqRadiosuna dediyi sözlərdir. O, indiki ortamda Almaniyaya gələn özbəklərin əcnəbilərə qarşı düşmənçiliklə üzləşəcəyindən qorxduğunu söyləyir.

Ötən ilin sentyabrında Almaniya Qırğızıstanla da miqrasiya razılaşması üçün niyyət sənədi imzalayıb. Razılaşmanın özü yaxın gələcəkdə imzalanmalıdır. Həmin sənədin də ritorikasının Özbəkistanla imzalanan razılaşmanın ardınca Şoltsun dedikləri ilə eyni olduğu bildirilir.

Öncədən yoxlamadan keçirilən özbəkistanlı işçilərin, əsasən, kənd təsərrüfatı, evdə baxım və tikinti sektorlarında çalışacağı gözlənilir.

Düzdür, indinin özündə Avropanın Orta Asiya ölkələrinə miqrasiya qapılarını geniş açması ehtimalı azdır. Di gəl, alman mediasının xəbərlərində belə bir ehtimal irəli sürülür ki, əfqanların Talibanın nəzarətindəki Əfqanıstana deportasiyası fonunda Özbəkistanın bu əməkdaşlıqla bağlı danışıqlarda mövqeyi güclənə bilər.

Miqrantlar Moskvadan 60 kilometr cənubda yerləşən Saxarova kəndinin miqrasiya mərkəzində qeydiyyatdan keçmək üçün gözləyirlər.
Miqrantlar Moskvadan 60 kilometr cənubda yerləşən Saxarova kəndinin miqrasiya mərkəzində qeydiyyatdan keçmək üçün gözləyirlər.

"Qapalı müzakirələr"

Şolts danışıqların necə gəlişməsi ilə bağlı medianın sualını cavablamaqdan yayınaraq yalnız bir çox sahədə əməkdaşlığa dair qapalı müzakirələrin getdiyini söyləyib.

Ölkənin qərbində yerləşən Zolinqen şəhərində baş verən bıçaqla qanlı hücumun ardınca Berlin ötən ay 2021-ci ildə Talibanın hakimiyyəti yenidən ələ keçirməsindən sonra ilk dəfə əfqan vətəndaşlarının deportasiyasına başladığını açıqlayıb. Qətərin vasitəçilik etdiyi razılaşmanın bir bölümü kimi, Almaniyada cinayət qeydi olan 28 əfqan vətəndaşı vətəninə geri göndərilib.

"Almaniya Talibanla heç bir iş görmək istəmir və bu mənada Özbəkistan yerinə düşür", - Karneqi Rusiya Avrasiya Mərkəzinin tədqiqatçısı Temur Umarov AzadlıqRadiosuna belə deyib.

Şolts sentyabrın 17-də Qazaxıstanda beş Orta Asiya ölkəsinin lideri ilə danışıqlar aparıb.

Ötən il bu vaxtlar Berlin ilk dəfə bölgə dövlətləri ilə "5+1" formatında danışıqlar gerçəkləşdirib.

"Avtoritar və korrupsiyaya meylli bölgə"

Ancaq Alman Xarici Əlaqələr Şurasının Orta Asiya üzrə eksperti Ştefan Mayster iddia edir ki, Almaniya və Avropanın Mərkəzi Asiyaya marağı bütövlükdə ciddi artsa da, bu istiqamətdə real irəliləyişin az olması beş ölkəni məyus edib.

"Özbəkistan və Qazaxıstan rəsmiləri ilə danışsanız, anlaya bilərsiniz ki, ötən il Şoltsla görüşdən sonra onların yüksək gözləntiləri olub. Onlar ümid edirdilər ki, Mərkəzi Asiya Şolts üçün prioritet olacaq və Almaniya bölgəyə ciddi investisiya qoymağa başlayacaq", - Maysterin AzadlıqRadiosunun qazax xidmətinə müsahibəsində söylədiyi sözlərdir.

"Ancaq Rusiyadan əvvəlki güclü asılılığın yerini doldurmaq üçün Almaniya resurs axtarışında olsa da, avtoritar və korrupsiyaya meylli bölgəyə yeni sərmayələr qoymağa çox da tələsmir", - o deyir.

XS
SM
MD
LG