Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:42

Samir Aşurov 4 aylıq həbs edildi


S.Aşurov
S.Aşurov

Martın 29-da Almaniyadan Azərbaycana readmissiya edilən Samir Aşurov barəsində aprelin 21-də Nizami Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Vəkil Zibeyda Sadıqova bildirib ki, məhkəmə prosesi zamanı Aşurov özünü təqsirli bilməyib.

Vəkilin vurğulamasına görə, o, bildirib ki, iş quramadır və üstündə bıçaq olmayıb, bıçaq onun cibinə qoyulub.

Onun barəsində sağlamlığa qəsdən ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb.

Vəkilin əlavə etməsinə görə, qərardan apellyasiya şikayəti veriləcək.

Samir Aşurov aclıq aksiyasına başladığını açıqlayıb

Samir Aşurov aprelin 19-dan həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını açıqlayıb. Bu barədə bu gün, aprelin 21-də Aşurovla görüşdən sonra vəkil Elçin Sadıqov bildirib:

"Samir Aşurov bildirdi ki, aprelin 19-da xarici pasport alıb ölkəni tərk etmək istəyirmiş. Bu səbəbdən məhz aprelin 19-da ona qarşı təxribat qurulduğunu düşünür. Qeyd etdi ki, evinə çatan vaxt metronun "Neftçilər" stansiyası yaxınlığında bir nəfər qışqıra-qışqıra ona tərəf gəlib və onu yerə yıxıb".

Vəkil bildirir ki, Aşurovun vurğulamasına görə, onun əlindən çıxıb qaça-qaça "polis, polis" deyə qışqırıb:

"Həmin vaxt polis dərhal Samiri tutub. Sonra deməsinə görə, gödəkcəsinin sağ cibinə bıçaq qoyublar. O, bıçağı cibindən çıxarıb tullayıb. Bu zaman, vurğulamasına görə, bıçağı gətirib onun sol cibinə qoyublar. Bundan sonra onu Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə aparıblar".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Almaniyadan qaytarılan gəncə işgəncə verildiyi deyilir

Almaniyadan qaytarıldıqdan sonra, aprelin 19-da həbs olunan Samir Aşurovun işgəncələrə məruz qaldığı iddia olunur. Bu barədə onun həyat yoldaşı Nuranə Aşurova bildirib.

Onun sözlərinə görə, əri yemək yemir və saxlandığı polis idarəsində işgəncəyə məruz qalıb:

"Baş və sinə nahiyəsində izləri var. Samir Almaniyada ürək əməliyyatı keçirib, xəstədir. Hər an ölüm təhlükəsi var".

DİN iddiaları təkzib edir

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri (KİV) və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev "Turan"a bildirib ki, iddialar anlaşılandır və müdafiə xarakteri daşıyır:

"Cinayət əməlində təqsirləndirilən həmin şəxsin təzyiqə məruz qalması ilə bağlı iddiaların heç bir əsası yoxdur və tam əsassızdır. Münaqişə vaxtı tərəflər arasında dartışma olub və bu onun izləridir. Polis orqanında Samir Aşurov heç bir halda təzyiqə məruz qala bilməz".

Almaniyadan qaytarılan mühacir bıçaqlama ittihamı ilə saxlanıb

Bu il martın 29-da Almaniyadan Azərbaycana readmissiya olunan Samir Aşurovun həbs olunduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Nuranə Aşurova məlumat verib. Onun sözlərinə görə, dünən, aprelin 19-da axşam saatlarında S.Aşurov zəng edərək evə gəldiyini deyib, lakin sonra ondan bir xəbər çıxmayıb, mobil telefonuna isə zəng çatmayıb:

"Səhərə yaxın isə məlum oldu ki, Samir Nizami rayon Polis İdarəsindədir və adam bıçaqlamada şübhəli bilinir".

Xanımı: "Bu, quramadır"

Aşurovun həyat yoldaşının sözlərinə görə, ittiham həqiqətəuyğun deyil:

"Bu, quramadır. Samir bu hərəkəti edə bilməzdi. O, çox sakit və təmkinli adamdır".

Vəkil Bəhruz Bayramov da Aşurovun saxlanması xəbərini təsdiqləyib:

"Səhərə yaxın mənə Samir Aşurov zəng vuraraq bildirdi ki, Nizami rayon Polis İdarəsindədir və onu adama bıçaqla xəsarət yetirməkdə ittiham edirlər. O mənə dedi ki, həmin adamı tanımır və onun bu işdə heç bir iştirakı yoxdur".

DİN-in cavabı

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri (KİV) və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə "Turan"a bildirib ki, aprelin 19-da saat 21 radələrində Nizami rayon ərazisində Bakı şəhər sakini Samir Aşurov aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki şəhər sakini Elşən Nəbiyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

"Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanıb, S.Aşurov saxlanılaraq istintaqa təqdim edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir".

Aşurov saxlanmazdan öncə Azərbaycan Baş Prokurorluğuna çağırılaraq qanunsuz mühacirət işi ilə bağlı şahid qismində dindirildiyini bildirmişdi.

Mühacirətdə olan bir sıra şəxslər isə onun Almaniyada Azərbaycan hakimiyyəti əleyhinə keçirilən aksiyalarda fəal şəkildə iştirak etdiyini deyirlər.

Xatırlatma

"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Sazişə əsasən son illər bir neçə yüz Azərbaycan vətəndaşı ölkəsinə qaytarılıb. Onların çoxu Almaniyadan qəbul edilib.

Readmissiya - saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisinə qeyri-qanuni daxil olduğu, qaldığı və ya yaşadığı aşkarlanan şəxslərin mənşə dövlətinə qaytarılması deməkdir.

Son vaxtlar sosial şəbəkələrdə və bəzi media orqanlarında ölkəyə xaricdən bu qaydada gətirilən vətəndaşlardan bəzilərinin sorğu-sual edilmələri və təzyiqlərlə üzləşməsi haqqında müəyyən iddialar yer alır.

Amma rəsmi qurumlar belə iddiaları qəbul etmirlər. Amma bununla belə, təkcə son bir ildə buna qədər Almaniyadan qaytarılan mühacirlərdən dördü narkotik ittihamı ilə həbs edilib.

Onların yaxınları həmin şəxslərin məhz siyasi sifarişlə şərləndiyini açıqlayıblar. Rəsmilər isə ölkədə siyasi həbslərin olmadığını deyirlər.

XS
SM
MD
LG