Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:21

‘Biz heç vaxt adam olan evə girmirdik...’


İllüstrativ foto
İllüstrativ foto

43-yaşlı Ceyhun Sultanov futbolçu karyerasını başa vurandan sonra “Neftçi” və “Keşlə” futbol klublarının idman direktoru olub

Alpinizm kurslarında təlimlər keçərək, bu üsulla talanmış mənzillərdən biri də futbol üzrə Azərbaycan yığmasının keçmiş üzvü Ceyhun Sultanova məxsus olub.

Bu haqda martın 4-də məhkəmədə danışan futbolçu deyir ki, hadisə baş verəndə Bakıda olmayıb.

“İstirahətə getmişdim, qayıdanda gördüm ki, belə bir hadisə baş verib. Evdən qızıl, ‘şuba’ aparıblar. Təxminən 5 min manat ziyan dəyib”, – Sultanov belə deyib.

Hakimlər zərərçəkmiş futbolçudan soruşub ki, onunla yanaşı, bir sıra başqa şəxslərin evindən də alpinizm üsuluyla oğurluqda ittiham olunan Cavid SüleymanovƏhməd Əhmədovdan şikayət və tələbi varmı? Sultanov belə cavab verib: “Qanun nə tələb edirsə, elə olsun...”

“Mən, ailəm evdə olsaydı, necə olacaqdı?”

Futbolçunu maraqlandıran bir məsələ vardı və təqsirləndirilən şəxslərdən o sualına cavab almaq istəyirdi:

“Birdən həmin vaxt mən, ailəm evdə olsaydı, necə olacaqdı?”

Təqsirləndirilən Süleymanov ona belə cavab verib: “Biz heç vaxt adam olan evə girmirdik...”

Zərərçəkmiş Sultanov deyir ki, oğurluqdan sonra mənzilində yataqda ip tapıb. Güman olunur ki, həmin ip mənzilə alpinizm üsuluyla daxil olmaq üçün istifadə edilən ip olub.

43-yaşlı Ceyhun Sultanov futbolçu karyerasını başa vurandan sonra “Neftçi” və “Keşlə” futbol klublarının idman direktoru olub.

Bu cinayət işində zərərçəkmiş kimi adı keçənlər sırasında başqa tanınmışlar da var: pandemiya dövründə vəzifəsindən azad edilən baş infeksionist Cəlal İsayev, uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor, hazırda isə Bakı şəhər İcra Hakimiyyəti başçısının müşaviri Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev...

İttihamnamə

Cinayət işinin materiallarından məlum olur ki, alpinizm texnikasıyla mənzil oğurluqlarının üstü general oğlunun evində baş verənlərdən sonra açılıb.

İttihama əsasən, Mirzəyevə 167 min manat ziyan vurulub. Mənzildən təxminən 150 min manatlıq qızıl və pul oğurlanıb. Keçmiş baş infeksionistə isə 114 min manat ziyan dəyib.

Təqsirləndirilən Cavid Süleymanov bildirib ki, o, 2016-cı ildə xarici ölkələrdən birində alpinist hazırlayan kurslarda iştirak edib. Öyrəndiyi vərdişlər sayəsində də çoxmərtəbəli binaların damından kəndir vasitəsilə mənzillərin eyvanına düşüb. Amma iz azdırmaq üçün mənzillərin giriş qapılarını da sındırıb ki, oğrunun mənzilə qapıdan daxil olduğu ehtimal edilsin. Təqsirləndirilən şəxsin ifadəsinə görə, o, iz buraxmamaq, kriminalistika və cinayət-axtarış fəaliyyəti haqqında kitablar da oxuyub.

Süleymanov və Əhmədov CM-in 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə ittiham olunur. Bu maddədə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG