Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:51

Tarixçi alim: 'Ramiz Mehdiyevə dedim, əncam çəksin, o da belə elədi...'


Ramiz Mehdiyev (sağda)
Ramiz Mehdiyev (sağda)

Qarabağ bölgəsində tədqiqat aparılması üçün ayrılmış vəsaitlərin yeyintisində ittiham olunan tarixçi alim Səbuhi Hüseynov deyir ki, ekspedisiya məqsədilə tədqiqatçılara ayrılan pulun 50 faizini rəhbərlik onlardan tələb edirdi. Onun sözlərinə görə, elmi işçisi olduğu Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundakı korrupsiya haqda o zaman Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevə məktub yazıb. İddia edir ki, bu şikayətlərinə görə, sonradan özü də, həyat yoldaşı da şərlənib və hazırda məhkəmə qarşısına çıxarılıblar.

“Ramiz Mehdiyevə dedim ki, əncam çək. Göründüyü kimi, o da belə əncam çəkdi...”, – Hüseynov martın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadəsində belə deyib.

41-yaşlı tarixçi alim həyat yoldaşı Gülüstan İsayeva ilə birlikdə mühakimə olunur. İsayeva Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda kadrlar şöbəsinin müdiri işləyib. O, həyat yoldaşına 92 min 700 manat vəsaitin mənimsənilməsinə yardım etməkdə suçlanır.

Lakin ər-arvadın heç biri özlərini təqsirli bilmir.

“Dedi ki, 30 faizi onlara, 20 faizi mühasibatlığa verilməlidir”

Martın 15-də məhkəmədə ifadə verən Hüseynov danışır ki, 2011-ci ildən arxeoloji qazıntılarla, bu istiqamətdə kəşfiyyat işlərilə məşğuldur. 44 günlük müharibədən sonra Qarabağ zonasına bir dəfə getdiyini deyən təqsirləndirilən alimin sözlərinə görə, onda da həm Mədəniyyət, həm də Daxili İşlər nazirliklərindən icazə alıb, 10 gün orada işlər görüb.

Ekspedisiyaya görə ilk dəfə 2019-cu ildə hesabına vəsait köçürüldüyünü deyən Hüseynovun sözlərinə görə, o pul ekspedisiya rəhbərinə və 25 nəfər işçiyə əməkhaqqı kimi verilməliydi:

“Pul köçəndən sonra Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun o vaxtkı direktoru Maisə Rəhimova faiz tələb elədi. Dedi ki, 30 faizi onlara, 20 faizi mühasibatlığa verilməlidir. Mən etiraz etdim. Bildirdim ki, köçürülən pul işçilərə çatmalıdır. Hər ekspedisiyaya gedəndə mənə 1200 manat, bir də benzin pulu verilirdi”.

İnstitutun direktoru Rəhimova isə Mədəniyyət Nazirliyinə Hüseynovun görülən işlər haqda hesabat verməməsindən şikayət göndərib. Lakin o, bununla razılaşmır, vaxtında hesabat vermədiyini deyir. Onun sözlərinə görə, verdiyi şikayətlər qəsdən gizlədilib:

“Mən korrupsiyaya etiraz etdiyimə görə aramızda problem başladı, məhkəmə çəkişmələrimiz oldu. Məhkəmədə biz qalib gəldik, işə bərpa olundum”.

Həyat yoldaşının da ona görə cəzalandırıldığını vurğulayan Hüseynovun sözlərinə görə, il ərzində 60 ekspedisiya keçirilir. Bu isə 10 milyondan çox vəsait deməkdir. Təqsirləndirilən alim iddia edir ki, ekspedisiya adı altında institutda milyonlarla vəsait mənimsənilirdi, o da buna göz yummaq istəmirdi.

Ekspedisiya vaxtı istirahətdə olublar

Bakı Ağır Cinayətlər Məhkəməsində bu cinayət işini araşdıran hakim Azad Məcidov proses iştirakçılarına məlumat verib ki, adları ekspedisiyada iştirak edib, pul alanlar siyahısında olan şəxslərin əslində, həmin vaxt Almaniyada, İtaliyada olduğunu təsdiqləyən faktlar var: “Dövlət Sərhəd Xidmətindən sorğuya gələn cavablardan məlum olur ki, həmin şəxslər ekspedisiyada iştirak etdiyi göstərildiyi vaxt Almaniyada və İtaliyada istirahətdə olublar. Bütün bu məsələlər araşdırılmalıdı...”

Hüseynov və İsayeva Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsilə ittiham olunur. Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Onlar hazırda həbsdə deyil.

Ramiz Mehdiyev AMEA prezidentliyindən öncə Azərbaycan Respublikası Prezident Administrasiyasina rəhbərlik edib. O, ötən ilin fevralında vəzifəsindən azad olunmasıyla bağlı ərizə yazıb.

XS
SM
MD
LG