Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:14

Ad uğrunda mübarizəni Etibar Məmmədov uddu


Ədliyyə Nazirliyi Ayaz Rüstəmovun sədrlik etdiyi Azərbaycan Milli İstiqlal partiyasını [AMİP] tanımaqla bu partiya ətrafında baş verən qalmaqalları yeni müstəviyə keçirdi. Əslində parlament seçkilərindən sonra AMİP-in daxilində yaşanan fikir müxtəlifliyi bir qədər də gərginləşərək parçalanmanı qaçılmaz etmişdi. Nəticədə isə eyni gündə keçirilən iki qurultayla AMİP adına iddiaçı iki siyasi qüvvə meydana çıxdı

Ədliyyə Nazirliyinin məktubundan belə məlum olur ki, hökumət Etibar Məmmədovun liderlik etdiyi və Ayaz Rüstəmovun sədr seçildiyi tərəfin keçirmiş olduğu qurultayı hüquqi baxımdan qanuni hesab edir. Məktubda da məsələ yalnız təmsilçilik hüququndan gedir və göstərilir ki, onlar AMİP-in təmsilçisi kimi Ayaz Rüstəmovu tanıyırlar. Ancaq bu qərar nəylə əsaslandırılır – məktubdan bu məlum deyil. Hər halda Ədliyyə Nazirliyində iki aylıq araşdırma nəticəsində bu qərara gəliblər. Nazirliyin hüquq şöbəsinin müdiri Fazil Məmmədov bizimlə söhbətində bununla bağlı hər-hansı bir izahat vermək istəmədi.


Bununla belə indi hər iki tərəf həm bu qərarın xeyrinə, həm də əleyhinə kifayət qədər arqumentlər gətirirlər. Məsələn, Ədliyyə Nazirliyinin tanımadığı tərəfin sədri Əli Əliyev deyir ki, partiya nizamnaməsinə görə, növbədənkənar qurultayı yalnız sədr aça bilər. Partiya sədri kimi də o, Ayaz Rüstəmovun sədr seçildiyi qurultayda heç iştirak etməyib: "Görünür bu, siyasi qərardır. Onlara real gücü olan və əsl müxalifətlə bir cərgədə olan partiya lazım deyil".


Qarşı tərəf də partiya nizamnaməsinə əsasən bir sıra arqumentlər dilə gətirir. Ədliyyə Nazirliyinin tanıdığı AMİP-in sədri Ayaz Rüstəmov deyir ki, hər iki qurultay keçirilməzdən əvvəl partiyanın Mərkəzi Şurası sədr Əli Əliyevə etimadsızlıq göstərib. Nizamnaməyə görə isə, yalnız Mərkəzi Şura və partiyanın lideri Etibar Məmmədov qurultay çağıra bilərdi. Ayaz Rüstəmov hesab edir ki, elə bu səbəbdən də Əli Əliyevin çağırdığı qurultayın heç bir hüquqi əsası ola bilməzdi.


Ədliyyə Nazirliyinin qərarını haqq-ədalətin təntənəsi adlandıran Ayaz Rüstəmov hakimiyyətin maraqlarının ifadəçisi kimi çıxış etmələri ilə bağlı səslənən fikirləri də şayiə adlandırır: "Biz necə hakimiyyətə işləyə bilərik ki, çalışdığım Neft Akademiyasından mənim özümü ötən il qanunsuz şəkildə çıxartdılar".


Qarşılıqlı ittihamlara və Əli Əliyevin Ədliyyə Nazirliyinin qərarından məhkəməyə şikayət edəcəyini bildirməsinə baxmayaraq, deyəsən, Xalq Cəbhəsi partiyası (AXCP) ilə bağlı olduğu kimi, gec-tez AMİP-in adına iddialara da nöqtə qoyulacaq. Artıq yalnız Əli Kərimlinin rəhbərlik etdiyi partiya AXCP adlanır. Bu partiyadan parçalanan bütün tərəflər sonradan bir-birinin ardınca öz adlarını dəyişiblər. Əli Əliyev də deyir ki, onlar payızda yeni bir qurultay çağırıb, partiyanın adını dəyişmək niyyətindədirlər. Onun sözlərinə görə, AMİP adından da imtina etmək olar. Əsas odur ki, əqidə, məfkurə dəyişməsin.


Ancaq istər Ayaz Rüstəmov, istərsə də Əli Əliyev müxalifət düşərgəsində baş verən son prosesləri yenidən qruplaşma kimi dəyərləndirirlər. Onların sözlərinə görə, həm «Azadlıq» siyasi blokunun, həm də Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin yaranması məhz bunun göstəricisidir.


Siyasi müşahidəçilər arasında isə fərqli düşünənlər də var. «Ayna» qəzetinin şərhçisi Azər Rəşidoğlu deyir ki, əslində müxalifət düşərgəsində indi yenidən qruplaşmanın görüntüsü yaradılır. Reallıqda isə böhran daha da dərinləşir. Azər Rəşidoğlu hesab edir ki, ən diqqət çəkən məqam isə bu düşərgədə ruh düşkünlüyünün hökm sürməsidir. Onun deməsinə görə, indi sıravi müxalifətçiləri daha çox öz günlərinə ağlamaq maraqlandırır. Belə olan halda parçalanma və qruplaşmaların onlar üçün elə də ciddi əhəmiyyəti yoxdur. Azər Rəşidoğlunun fikrincə, artıq bütünlükdə müxalifətin ölkədə gedən siyasi proseslərə böyük təsir imkanları yoxdur. Hansısa partiyanın necə adlanması və hansı partiyanın hansı blokda olması bütünlükdə bu şəraiti dəyişmir.


XS
SM
MD
LG