Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:50

Avropa Parlamenti Qolodomoru soyqırım kimi tanıyan qətnamə qəbul etdi


Kiyevdəki Holodomor Milli Muzeyinin qarşısındakı qız abidəsi
Kiyevdəki Holodomor Milli Muzeyinin qarşısındakı qız abidəsi

Avropa Parlamenti 1932-1933-cü illərdə baş vermiş kütləvi aclığı Ukrayna xalqına qarşı soyqırım kimi tanıyan qətnamə qəbul edib.

Bu qətnamənin leyhinə 507, əleyhinə isə cəmi 12 deputat səs verib.

Sənəddə deyilir:

"Avropa Parlamenti 1932-1933-cü illərdə Ukraynada sovet rejiminin düşünülmüş hərəkətləri ilə süni şəkildə yaradılmış aclığı – Qolodomoru Ukrayna xalqına qarşı soyqırım hesab edir”.

Avroparlament habelə Rusiyanın Ukrayna xalqına qarşı, ölkənin mülki enerji infrastrukturunun məqsədli şəkildə məhv edilməsi də daxil hazırda törətdiyi cinayətləri pisləyir.

Bir sıra ölkələr də belə qətnamələr qəbul edib

Qətnamənin mətbuat üçün pres-relizində deyilir:

"Qətnamə hazırkı Rusiya rejimini Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmaqda, Ukraynanı bir milli dövlət kimi ləğv etməyə çalışmaqda, xalqın özünəməxusluğunu və mədəniyyətini məhv etməkdə ittiham edir”.

Bu yaxınlarda Ukrayna prezidenti Volodimir Zelenski Avropa Parlamentini bu qətnaməni maksimum leyhinə səslə qəbul etməyə çağırmışdı.

Qolodomorla bağlı buna bənzər qətnamələr artıq bir sıra ölkələrdə qəbul olunub.

Noyabrın 30-da Almaniya parlamentinin aşağı palatası – Bundestaq Qolodomoru Ukrayna xalqına qarşı soyqırım aktı kimi tanıyıb.

İrlandiya senatı, Moldova və Rumıniya parlamentləri də oxşar məzmunlu qətnamələr qəbul edib.

ABŞ müvaviq qətnaməni hələ 2018-ci ildə qəbul etmişdi.

5 milyondan çox ölüm

Qolodomor – Ukraynada 1932-1933-cü illərdə yaşanmış kütləvi aclıq - sovet orqanlarının çörək tədarükü siyasəti və Ukrayna kəndlilərinin bütün ərzaq ehtiyatının müsadirə olunması nəticəsində baş vermişdi.

Kütləvi aclıq nəticəsində 5 milyondan çox insanın öldüyünə inanılır. Ölənlərin sayına dair dəqiq rəqəmlər yoxdur.

Bir çox tarixçilər bildirirlər ki, söhbət sovet hakimiyyəti orqanlarının Ukrayna ərazisində düşünülmüş və məqsədli şəkildə törətdiyi aclıqdan gedir.

Ukraynanın Verxovna Radası Qolodomoru soyqırım kimi tanıyan qanunu hələ 2006-cı ildə qəbul edib.

Moskva bu ittihamları qəbul etmir.

XS
SM
MD
LG