Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:56

Keçmiş müstəntiq prokurorluqdan narazıdır


Bakı Şəhər Prokurorluğunun sabiq böyük müstəntiqi Müşfiq Abbasov dələduzluq, rüşvət verməyə təhrik kimi əməllərdə ittiham olunaraq həbs edilib

Bakı Şəhər Prokurorluğunun sabiq böyük müstəntiqi Müşfiq Abbasov dələduzluq, rüşvət verməyə təhrik kimi əməllərdə ittiham olunaraq həbs edilib. Bir ildən çoxdur ki, həbsdə olan sabiq müstəntiqin işinə iki ildir müxtəlif məhkəmə instansiyalarında baxılır. Hətta bu iş gedib Ali Məhkəməyə də çıxıb və oradan apellyasiya instansiyasına geri qaytarılıb.

Oktyabrın 3-də Abbasovun işinə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi onun haqqındakı hökmdə xeyli dəyişikliklər edib.

Abbasov Bakı Şəhər Prokurorluğunun müstəntiqi kimi, icraatında olan dələduzluq işinə xitam vermək adıyla təqsirləndirilən Vüqar Əsədovun qohumlarından 40 min manat pul alıb, onları aldatmaqda ittiham olunur.

840 mini almaq üçün 20 min dollar aldığı deyilir

Başqa bir ittiham isə budur ki, sabiq müstəntiq tanışı İlyas Sadıqova ona borclu olan adamdan pulunu (840 min manat) alıb, özünə qaytaracağına söz verib. O deyib ki, həmin adamın haqqında cinayət işi başlanacaq, bundan sonra o, məcbur qalıb, pulunu qaytaracaq. Bu işi görməkdən ötrü isə tanışından 20 min dollar aldığı iddia olunur.

Amma Abbasov özünü təqsirli bilmir. O deyir ki, ortada heç bir mötəbər sübut-dəlil olmadan, ona qarşı qərəzli adamların şikayətləri əsasında həbs edilib.

Onun sözlərinə görə, prokurorluq heç bir sübut toplamayıb, deyilənləri araşdırmayıb, ifadələrdəki ziddiyyətlərə aydınlıq gətirməyib.

Sabiq müstəntiq iddia edib ki, dələduzluğa görə məhkum edilən Vüqar Əsədovun qohumlarının banklara və müxtəlif adamlara borcları var, ondan pul alıb qapatmağa çalışırlar. Bu məqsədlə onu şərləyirlər:

“Onlar Xətai Rayon Polis İdarəsinin müstəntiqi Elməddin Paşayevin də pul aldığını iddia edib, şikayətçi olmuşdular. Amma təsdiqini tapmadı. Deyirlər ki, pulu mənə vəkil vasitəsilə göndəriblər. Guya mən də demişəm ki, pul İstintaq İdarəsinin rəisinə çatacaq. Niyə o vəkili, istintaq idarəsinin rəisini dindirməyiblər?”

Dövlət büdcəsinə ödəniş edib

Bakı Ağır Cinayətlər Məhkəməsində 2021-ci ilin mayında sabiq müstəntiqə 7 il həbs cəzası kəsilib və o, həmin gün məhkəmə zalında həbs edilib. Bugünlərdə Bakı Apellyasiya Məhkəməsi ona qarşı dələduzluq ittihamına xitam verib. Əsas kimi isə sabiq müstəntiqin pul aldığı iddia olunan zərərçəkmişlərlə barışması, həmçinin dövlət büdcəsinə əlavə ödəniş etməsi göstərilib.

İttihama əsasən, Abbasov hər iki epizod üzrə ümumilikdə 73 min 716 manat (39 min 716 və 34 min) pul alıb. Keçmiş müstəntiq bir müddət öncə zərərçəkmişlərlə barışıq əldə etməklə yanaşı, həm də bu məbləğin 25 faizi qədər (18 min 500 manat) də dövlət büdcəsinə pul ödəyib. Bu əsaslarla onun haqqında CM-in 178-ci (dələduzluq) maddəsinin müxtəlif bəndlərilə olan ittihama xitam verilib.

Abbasov həm də rüşvət verməyə təhrikdə suçlanırdı. Apellyasiya Məhkəməsi bu əmələ görə onu suçlu sayıb və ona kəsilmiş 7 illik həbs cəzasının müddətini 4 il 3 aya endirib.

Bakıdakı tıxacların günahkarı kimdir?
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

XS
SM
MD
LG