Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:54

'İmam mehdi'likdə suçlanan şəxs: 'Mənə qarşı qarəti örtmək üçün bu ittihamları planlaşdırıblar'


Aqil Babayev
Aqil Babayev

Özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim edib zəkat adıyla ətrafdakı insanların milyonlarla manat pulunu, əmlaklarını ələ keçirməkdə suçlanan Aqil Babayev ünvanına səslənən ittihamlara cavab verib. O, sentyabrın 6-da öz məhkəməsində bu barədə danışıb.

Bir ildən çoxdur həbsdə olan Babayevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. 20 ilə yaxın müddətdə onun "İmam Mehdi" olduğuna inanıb, milyonlarla pul verdiyini iddia edən 40-dan artıq adam zərərçəkmiş qismində tanınıb.

"Xəbərdarlıq da elədilər ki, əgər şikayət eləsən, özün üçün pis olacaq..."

"Mənə qarşı qarət əməllərini ört-basdır eləmək üçün ünvanıma bu ittihamları planlaşdırıblar. İndi burada özlərini elə təqdim edirlər, sanki Bill Qeytsin, Abromoviçin nəslindəndirlər...", – Babayev belə deyir. Onun sözlərinə görə, hazırda zərərçəkmiş kimi tanınan şəxslərin bir neçəsi 2021-ci il iyulun 8-də Buzovnadakı bağ evinə gəlib. Orada onu döyüb, mühasirədə saxlayıblar. Əhmədli qəsəbəsində yerləşən evinin açarını götürüblər: "Anar Aslanov və Fariz Rzayev gedib şəhər evimdən külli miqdarda pulumu, qızıllarımı götürəndən sonra bunlara zəng elədilər ki, "iş tamamdır". Bundan sonra məni buraxdılar. Ancaq xəbərdarlıq da elədilər ki, əgər şikayət eləsən, özün üçün pis olacaq...".

Zərərçəkmiş kimi tanınanlar arasında "Shaurma N1" restoranlar şəbəkəsinin sahibi Natiq Sadıqov da var. O da ötən məhkəmə iclasında bildirmişdi ki, Babayevin "İmam Mehdi" olduğuna inanıb, uzun illər ərzində ona zəkat, Qarabağ döyüşçüləri üçün ev tikmək adıyla yarım milyon manatdan çox pul verib.

Deyilənləri "yalan" adlandırır

Babayev isə deyir ki, deyilənlərin hamısı yalandır: "Şəhid ailələri və Qarabağ qazilərinə bina tikmək üçün mənə pul verilməsi məsələsi, ümumiyyətlə, absurddur. Bu mövzuda nə Natiq Sadıqov, nə də digərləri ilə hansısa müzakirəmiz olub".

O vurğulayıb ki, özü də "Shaurma N1"də Sadıqovla şərik olub. Babayevin sözlərinə görə, bunu təsdiqləmək üçün konkret sübut-dəlilləri də var. Təqsirləndirilən şəxsin dediyinə görə, "Shaurma N1"in aylıq gəlirlərindən onun və Sadıqovun payını Ceyhun adlı administrator hesablayıb müəyyənləşdirirdi. Ona çatası gəliri isə bəzən administrator, bəzən də şəriki Sadıqov çatdırırdı: "Bu gün zərərçəkmiş kimi tanınan şəxslər arasında elələri var ki, "Shaurma N1"də işləyirdilər. Xoşagəlməz hərəkətlərinə görə onları işdən çıxarmışdım...".

Aya 1 min 500- 5 min manat toplanıb

Babayev təsdiqləyib ki, inanclı insanlar olaraq öz aralarında hər ay zəkat toplayır, maddi ehtiyac içində olan ailələrə yardım edirdilər. O iddia edir ki, aylıq toplanan ümumi məbləğ 1 min 500 manatdan 5 min manata qədər olurdu. Vəsaiti toplayan isə o olmayıb: "Əvvəl Polad Mustafayev yığırdı, sonra Samir Cəfərov. Ehtiyaclı ailələrin siyahısı vardı, onlara paylayırdılar".

Prokuror təqsirləndirilən şəxsdən soruşub ki, bəs özü sahib olduğu əmlakları, milyonlarla vəsaiti necə əldə edib? Babayev fəaliyyəti ilə bağlı suala cavabında deyib ki, 1994-1997-ci illərdə daxili işlər orqanlarında çalışıb. 2000-ci illərin əvvəlində dayısı Oqtay Həsənov biznesə yatırmaq üçün pul verib. Onun sözlərinə görə, dayısının bir qızı olsa da, oğlan övladı yox idi və qeyri-rəsmi onu oğulluğa götürmüşdü. Babayev iddia edib ki, o, biznes fəaliyyətinə Keşlə qəsəbəsində fərdi yaşayış evlərinin tikilib satılmasından başlayıb. Sonradan Xətai və başqa rayonlarda da bina tikintisi ilə məşğul olub.

"Başa düşdük ki, o, illərlə bizi aldadıb"

Məhkəmə zalında iştirak edən zərərçəkmişlər isə qışqıraraq Babayevin yalan danışdığını bildiriblər.

Bundan əvvəlki məhkəmə iclaslarında dindirilən zərərçəkmiş Anar Aslanov gecə saatlarında təqsirləndirilən şəxsin evinə gedib oradan külli miqdarda pul və qızıl götürdüyünü etiraf etmişdi. Lakin o deyirdi ki, evə getməsi də, pulu götürməsi də Babayevin özünün razılığı ilə olub: "Başa düşdük ki, o, illərlə bizi aldadıb. Ona görə bağ evinə gedib pullarımızı tələb elədik. O da evinin açarını verdi ki, "gedin, filan yerdə pul var, götürün, qalanını da hissə-hissə qaytaracam".

Aslanov iddia edir ki, Babayevin təhriki ilə həyat yoldaşını boşayıb, "İmam Mehdi" ona "Santa Fe" markalı maşının müqabilində "cənnətdə 2 hektar torpaq sahəsi" verib.

Aqil Babayev iyulun 9-da döyülməsi haqda polisə şikayət edəndən bir gün sonra onun özü həbs olunub. Ona CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG