Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:35

Arayik Arutyunyan Putinə məktub yazıb


Arayik Arutyunyan
Arayik Arutyunyan

Qarabağ separatçılarının lideri Arayik Arutyunyan Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu barədə məlumatı özünün Facebook səhifəsində “Qarabağın antiböhran şurasının sədri” Tiqran Petrosyan verib.

O yazır ki, “Qarabağ hakimiyyəti”nin Putinə məktubunda “ölkənin və xalqın” ağır vəziyyətindən bəhs edilir.

Qeyd olunur ki, Rusiya tərəfinin bu məsələlərdə “qətiyyətli” addım atmaması Qarabağ ermənilərinin “ölümünə bərabərdir”.

Məktubda deyilir ki, ermənilər Ermənistanın indiki rəhbərinə yox, Putinin “ermənilər Qarabağda təhlükəsiz və ləyaqətli yaşayacaqlar” vədinə inanır.

Vurğulanır ki, ermənilərə “təhlükəsizlik, azadlıq və ləyaqət vəd edənlər öz ərqazqlarını helikopterlə gətirirlər”.

Azatutyun yazır ki, Arayik Arutyunyanın ofisində Putinə məktubu şərh etməyiblər.

Heç olmasa humanitar problemlər

Qarabağın “deputatı” kimi təqdim olunan Metakse Akopyan bildirib ki, Arutyunyana birbaşa Putinə müraciət etməyi o tövsiyə edib:

“Çünki Ermənistan hökuməti Qarabağdan təkcə imtina etməyib, o həm də mümkün olan və olmayan hər şeyi edir ki, Artsax (Qarabağ-red) Azərbaycana verilsin”.

Akopyan bildirib ki, bu məsələ ilə bağlı Putinin mümkün reaksiyası bilinmir, çünki hər iki tərəf masaya bənzər danışıqlar prosesi qoyub və ona görə də bu məsələyə üçüncü tərəfin müdaxiləsi çətin olacaq.

Akopyanın sözlərinə görə Rusiya sülhməramlıları heç olmasa Qarabağ ermənilərinin humanitar problemlərini həll etməlidirlər.

O əlavə edib ki, iyunun 15-dən bəri Qarabağa ümumiyyətlə heç bir ərzaq gətirilmir.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 9-da (10-da) imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG