Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:37

Çörək artıq qalır, boyatlaşır və mağazalarda ucuz satılır...


Boyat çörək
Boyat çörək

Astara şəhərində kənd təsərrüfatı məhsulları satan mağazalardan birində çörək üst-üstə qalanmışdı. Mağaza sahibi deyirdi ki, vaxtı keçmiş çörəkdir. Onun söyləməsinə görə, boyat olmalarına baxmayaraq, çörəyi gətirib ona veriblər ki, satsın: "Beş-altı ədədini 1 manata veririk. Bakıdan gətirirlər, zavod çörəyidir". (belə çörəklərin bir ədədinin qiyməti əslində 55-65 qəpik arasında dəyişir).

Satıcı əlavə bilgi vermir.

"Hələ anbarda..."

Amma Astara şəhər sakinlərindən Novruz Feyziyev bunu israfçılıq adlandırır: "Mal-qaraya, ev quşlarına verirlər. Belə iş olar? O qədər çörək bişirmək lazımdır ki, yeyilsin. Hələ anbarda bundan iki dəfə çox vaxtı keçmiş çörək var".

Onun sözlərinə görə, indi hicri təqvimində Ramazan ayıdır, əhalinin çoxu oruc tutur, çörək ona görə qalır: "Oruc tutanlar düyüdən daha çox istifadə edirlər. Ucqar kəndlərdə isə çörəyi təndirdə bişirirlər. Digər tərəfdən, yazdır, bu vaxtlar çörəyə ehtiyac da azalır".

Astara şəhərində çörək sexlərindən birinin sahibi isə deyir ki, müəssisələr belə halları nəzərə almalıdırlar: "Belə israfçılıq iri çörəkbişirmə sexlərində baş verir".

"Deyirlər ki, çörək bol olarsa, basılmaz vətən"

Oruc tutan şəhər sakini Akif Məmmədovun deməsinə görə, çörəkdən az istifadə edir: "İftarda plovun olmasına üstünlük veririk, çünki adamı saxlayır. Çörək saxlamır. Amma çörəyin israfçılığı düzgün deyil. Deyirlər ki, çörək bol olarsa, basılmaz vətən. Amma o bolluğun da həddi var. Peyğəmbərimiz israfçılığa qarşı olub. Çörəyi atarlar?! Çörəyə möhtac olanlar çoxdur".

"Taxıl strateji məhsuldur"

İctimai fəal Asən Həşimli isə tezliklə israfçılığın qarşısının alınmasını vacib sayır: "Taxıl strateji məhsuldur. Əhalini unla təmin etmək üçün ölkəyə kənardan hər il bir milyon tondan çox taxılı gətirilir. Bir rayonda tonlarla çörək atılır. Yəqin ki, qonşu rayonlarda da eyni vəziyyət var. Hesablanmalıdır ki, rayonda olan çörək sexləri nə qədər əhalini təmin edə bilir. Etmirsə, kənardan gətirilməlidir. Eşidirəm ki, xaricdən də çörək gəlir. Özümüzə nə gəlib? Orucluq ayını nəzərə almaq vacibdir".

O xatırladır ki, ötən il dünyada taxıl qıtlığı yaşanıb.

Mövzu ilə bağlı Bakının çörək zavodlarının sahibləri və rəsmi qurumlarla danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG