Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:32

Astara sakini: 'Ölümün altında yaşamaq məcburiyyətində qalmışıq'


İ.Kaverin küçəsi
İ.Kaverin küçəsi

Astara şəhər sakini Fəxrəddin Məmmədov İ.Kaverin küçəsində yaşadığı evin beş-altı addımlığından keçən yüksəkgərginli elektrik xəttinin fəsadlar törədə biləcəyindən narahatdır. Deyir ki, ərazidən 10 min voltluq xətt keçir, amma elektrik dirəyi qəzalı vəziyyətdədir: "Naqil, demək olar ki, havada qalıb, onun bərkidildiyi yer çürüyüb. Ev də yaxın məsafədə yerləşir. Naqil oradan qopub evin üstünə düşə bilər. Belə olan halda böyük təhlükə yaranacaq. Evdə adam olsa, ölüm qaçılmazdır".

Onun deməsinə görə, qar, yağış yağanda, külək əsəndə təhlükə daha da artır, evdən çıxmalı olurlar: "Narahat həyat yaşayırıq. Ölümün altında yaşamaq məcburiyyətində qalmışıq. Həyət də balacadır, uşaqlar burada oynayır. Mütəxəssis gətirdim, o dedi ki, 10 min voltluq xəttin altında yaşayış yerləri olmamalıdır. Yüksəkgərginlikli elektrik xəttini əhalinin sıx yaşadığı yerlərdən çəkmək düz deyil. Təhlükə hələ də qalır".

Yaşayış evlərinin üstündən 10 min voltluq elektrik xətti keçir
Yaşayış evlərinin üstündən 10 min voltluq elektrik xətti keçir

"Biz sizi qeydə aldıq"

Sakin bildirir ki, elektrik dirəyinin qəzalı vəziyyətdə olması barədə müxtəlif nazirliklərə və idarələrə məlumat verib: ""Azərenerji"nin, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qaynar xətlərinə müraciət etmişəm. Hər dəfə bildirirlər ki, "biz sizi qeydə aldıq". Hər dəfə müraciət edəndə təkrar-təkrar qeydə aldıqlarını deyirlər. Təkcə Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə dörd dəfə zəng etmişəm. "Azərenerji"nin qaynar xəttinə hər gün zəng edirəm. Nəticəsi yoxdur".

Onun vurğulamasına görə, Astara Elektrik Şəbəkəsinə də bir neçə dəfə baş çəkib: "Deyirlər ki, bizim səlahiyyətimizdə deyil".

"Bunu da gəlib dövlət başçısı etməlidir?!"

F.Məmmədov düşünür ki, problemi həll edə bilərlər, ancaq etmirlər: "Özbaşınalıqdır. Neçə olur ki, elektrik xəttinə qanunsuz müdaxilə olanda dərhal gəlib cərimə edirlər, hədələyirlər, burada isə əhəmiyyət vermirlər. Üç-dörd il bundan əvvəl gəlib naqili bərkidiblər. Yenə naqil oradan aralanıb. Dirəyə dayaq da qoyublar, amma o da davam gətirə bilmir. Hamı başdan edir. Bu qədər saymamazlıq olmaz. Evdə qala bilmirik. Bunu da gəlib dövlət başçısı etməlidir?! Hərənin öz işi var".

Onun sözlərinə görə, ərazidə elektrik xəttini çəkəndə burada yaşayış evləri olub: "1996-cı ildən burada məskunlaşmışıq...".

Küçə başdan-başa dirəklərdir
Küçə başdan-başa dirəklərdir

Rəsmilər...

Astara Elektrik Şəbəkəsinə yollanırıq. Şəbəkənin inzibati binasının damı çökdüyünə görə işçilər mehmanxanada yerləşiblər. Qurumdan bildirdilər ki, həmin məsələyə müdaxilə edə bilmirlər. Onların sözlərinə görə, o ərazidə yarımstansiya var, başqa yerə gedən xəttin elektrik sayğacı həmin yarımstansiyada quraşdırılıb: "Qanuna görə, sayğacdan sonrakı xətlərə sahibkar özü cavabdehlik daşıyır. Onlar sifariş verməlidir. Bizə hansı işi desələr, onu görəcəyik. Birbaşa xəttə müdaxilə edə bilmirik".

Bəhs edilən sayğacdan sonrakı xəttin konkret kimə məxsusluğunu öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG