Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:28

Astarada müharibə veteranı illərdir iş tapa bilmədiyini deyir


Şamil Babazadə
Şamil Babazadə

Astara rayonunun Toradi kənd sakini, Qarabağ müharibəsinin veteranı Şamil Babazadə deyir ki, 2021-ci ilin fevralından özünüməşğulluq proqramı çərçivəsində təlimlərə qoşulub. Söyləməsinə görə, bu yolla özünə iş tapacağına ümid edib, ancaq hələ də istəyinə çatmayıb: "23 yaşında müharibəyə getmişəm, 44 günlük müharibədə iştirak etmişəm. İki medalla təltif olunmuşam. Evə qaydandan sonra iş axtardım, tapa bilmədim. 2021-ci ilin fevralında Lənkəran-Astara regional məşğulluq qurumuna müraciət etdim. Məni özünüməşğulluq proqramına qoşdular. Gözləyirdim ki, hökumətin köməyi ilə özümə iş taparam".

"Avtoçilingər avadanlıqları verəcəkdilər..."

Deməsinə görə, bir neçə dəfə həmin idarədə olub, ona bildiriblər ki, avadanlıqlarla təmin olacaq: "Avtoçilingər avadanlıqları verəcəkdilər. Mənim bu peşədən başım çıxır. Müraciətimlə bağlı kəndə gəlmişdilər. Dedilər, yerin yoxdursa, kömək edə bilməyəcəyik. Mən dedim ki, avadanlığı verin, yer icarəyə götürüb avadanlıqları orada yerləşdirərəm. Razılaşmadılar, çıxıb getdilər. Dedilər, şəxsi obyektin olmalıdır. Mən pulu haradan tapım, obyekt tikim? Pulum olsaydı, işə görə heç kimə müraciət etməzdim".

"Torpaq yox, zavod yox, haradan iş yeri olar?"

Ş.Babazadə vurğulayır ki, atası vəfat edib, anası və qardaşı ilə bir yerdə yaşayır, ailədə işləyən yoxdur: "Evə 80 manat veteranpulu gəlir. Bir uşağım var. Atamın köhnə evində yaşayıram. Yaşadığım Toradi kəndi ucqar dağ ərazisində yerləşir. Kənddə yaşayanın əkin yeri olmalıdır, əkib- becərsin, onunla yaşasın. Mənim torpağım yoxdur. 1997-ci ildən sonra doğulanlara əkin üçün torpaq verilməyib. Torpaq yox, kənddə zavod yox, fabrik yox, haradan iş yeri olar? Pul da yoxdur. Mənim üçün çətindir".

Onun deməsinə görə, borc götürüb emalatxana tikmək fikrinə düşüb, amma sonra çəkinib: "Qorxdum ki, avadanlıq verməzlər, düşərəm böyük borca. Bu fikirdən də daşındım".

"Qazımız yoxdur, evdə odun sobası qoymuşuq"

Veteran deyir ki, yaşadığı kənd dağ ərazisi olsa da, avtoçilingərə ehtiyac böyükdür: "Kəndimizdən rayon mərkəzinə 18-20 kilometrdir. Bu yolun çox hissəsi dağ ərazisinə düşür. Yollarda, əsasən, UAZ və "Niva" markalı maşınlar işləyir, əhali həmin nəqliyyatlardan istifadə edir. Dağ yeridir, maşın tez xarab olur, ona da çilingər lazım olur. Çilingərə ehtiyac böyükdür".

Ş.Babazadə kənddə iqtisadi vəziyyətin ağırlığından danışır: "Qazımız yoxdur, evdə odun sobası qoymuşuq. Qohumlarım, yaxınlarım kasıbdırlar, özlərini güclə dolandırırlar. Şərait yaradılsa, mən ailəmi yaxşı dolandıraram. Məşğulluq idarəsində dəfələrlə olmuşam".

Rəsmilər nə deyir?

Ş.Babazadənin şikayəti ilə bağlı Lənkəran-Astara Regional Məşğulluq Filialından hər hansı cavab ala bilmədik. Astara rayon İcra Hakimiyyəti Aparatından isə ona tezliklə kömək edəcəklərini bildirdilər.

Rəsmi açıqlamalara görə, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra ərazi bütövlüyü uğurunda həlak olanların ailələrindən və döyüşlərdə xəsarət alanlardan 12 mindən çox şəxs məşğulluq proqramlarına cəlb edilib.

XS
SM
MD
LG